Türkiyədə seçkilərin nəticəsini artıq bəlli hesab etmək olarmı?

Recep Tayyip Erdoğan

-

Sizin brauzer HTML5-i dəstəkləmir

Türkiyədə seçkilərin nəticəsini artıq bəlli hesab etmək olarmı?

TƏK DİNİ TƏƏSSÜBKEŞLİK HEÇ NƏYİ HƏLL ETMİR...

Türkiyədəki prezident seçkilərinə sayılı günlər qalıb. Seçki yaxınlaşdıqca siyasi qalmaqalların sayı artır, hamı elə ilk fürsətdəcə rəqibinin şanslarını azaltmağa cəhd edir.

Amma ümumi siyasi mənzərə artıq aydındır. Əgər namizədlər irəli sürülənə qədər seçki ilə bağlı mübahisəli məqamlar vardısa, indi onların sayı kəskin şəkildə azalıb - hakimiyyət partiyasının namizədinin şansları o qədər qabarıqdır ki, seçki ilə bağlı proqnoz vermək elə 15 dəqiqədə rəqib qapısına 3 top vurmaq kimi asan görünür...

Müxalifət düşərgəsində əvvəl bir siyasi eyforiya duyulurdu. Ekmeleddin İhsanoğlu-nun namizədliyini irəli sürməklə, onlar elə zənn edirdilər ki, Recep Tayyip Erdoğan-a güclü rəqib tapıblar. Amma təbliğat mərhələsinin elə ilk günlərində bəlli oldu ki, bu, bir şişirtmədir.

Hakimiyyətin dindar elektoratını parçalayacağı güman edilən İhsanoğlu ilk günlərdən elə zəif siyasi kampaniya apardı ki, Recep Tayyib Erdoğan-ın ona çox asanlıqla qalib gələcəyinə şübhə qalmadı.

Ekmeleddin Ihsanoğlu

Dindar elektoratın da müxalifət namizədinə reaksiyası kəskin oldu. Onlar İhsanoğlu-nu siyasi qüvvələrin əlində alət olmaqda ittiham etdilər. Türkiyəli ələvilərin isə müxalifət liderini ümumiyyətlə dəstəkləməyəcəyi aydın oldu...

Əslində seçkidə üç namizəd var. Kürd elektoratının namizədinin şansları o qədər azdır ki, hətta onun üzərində xüsusi dayanmağa ehtiyac duymuruq.

KƏNARDAN DÖYÜŞ ASAN GÖRÜNÜR...

Ekmeleddin İhsanoğlu-nun əsas siyasi arqumenti onun İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etməsi idi. Bəzən böyük beynəlxalq qurumlara rəhbərlik etmək ölkə daxilində ciddi siyasi üstünlük kimi yozulur. Amma həqiqətdə belədirmi?

Güman etmirik. Misir baharının ilk günlərində Beynəlxalq Atom Enerjisi Agentliyinə rəhbərlik etmiş Muhammad al-Baradei dərhal Qahirəyə gəldi. O da nüfuzlu beynəlxalq təşkilata rəhbərlik etmiş, hətta onun çalışdığı dövrdə həmin təşkilat Nobel sülh mükafatına layiq görülmüşdü.

Amma nəticəsi nə oldu? Baradei ciddi bir siyasi divident əldə etmədən geriyə, Avropaya dönməli oldu...

Bəzən üstünlük kimi qəbul olunan beynəlxalq təyinatlar tərs nəticə verir. Demokratik ölkədə, seçki keçirilən ölkədə siyasətçi üçün ən böyük üstünlük vətəndə, seçicilərin yanında olmaqdır.

Türkiyə müxalifəti isə bunu nəzərə almadı. Bəlkə də müxalifət liderləri özləri seçkiyə qatılsaydılar daha ciddi nəticələr gözləmək olardı.

Amma Recep Tayyip Erdoğan siyasi olimpdə o qədər qərar tutdu ki, ənənəvi müxalifət liderləri onun fonunda zəiflədilər. Hakimiyyət liderinin prezident olacağı təqdirdə isə müxalifətin böyük dəyişikliklərə getməli olacağını, ölkə daxilindəki siyasi konfiqurasiyada yerdəyişmələrin baş verəcəyini demək elə bir çətinlik törətmir.

Amma vəziyyəti bir qədər mülayimləşdirən odur ki, prezident seçkisindən bir il sonra - 2015-ci ildə parlament seçkiləri olacaq. Bu parlament seçkisi bəlkə də əsas müxalifət liderləri – Devlet Bahçeli və Kemal Kılıçdaroğlu üçün əsl siyasi sınaq və bir növ vida turu olacaq. Ona görə ki, ən azı zaman öz sözünü deyir və siyasət də zamandan kənarda deyil...

TÜRKİYƏ BUNDAN SONRA OSMANLI OLASI DEYİL...

O ki qaldı prezident seçkisinin Türkiyə siyasətinə gətirə biləcəyi qlobal dəyişikliklərə, onlar bir o qədər də ehtimallı görünmür. Recep Tayyib Erdoğan və onun siyasəti artıq daxili elektorata da, xarici ölkələrə kifayət qədər bəllidir.

Əsas nədir? Hakim AKP dinlə siyasətin vəhdətinin optimal formalarından birini tapıb. Bunu ən azı daxili siyasət üçün uğurlu tandem hesab etmək olar. Bu vaxta qədər Türkiyədə siyasətlə dinin vəhdəti modelinə iddialı olan bir neçə cəhd olmuşdu. Amma onlar uğur qazanmadı. Güman ki, oxucu çox da uzaq olmayan keçmişin dini partiyasını – Rifahı da xatırlayır.

Recep Tayyip Erdoğan-ın siyasətində narahatlıq doğuran məqam nədir? Bu, onun ərəb dünyasına yönəlik siyasətidir. Yaxın Şərq münaqişəsində arbitr və ya tərəfkeş rolunda görünmək istəməzdik. Amma bu münaqişənin dramatik vəziyyət almasında ərəb radikalizminin rolu heç də az deyil. Xüsusən də son günlərdə bu radikalizm çox acı nəticələrə gətirib çıxardı.

Recep Tayyip Erdoğan isə bunu görmək istəmir. Sanki ərəb səhrasının qum burulğanları ona həqiqəti, hər şeyi olduğu kimi görməyə mane olur.

Səhrada ilğımlar çox olur. Bəzən bu, siyasətə də sirayət edir. Amma Türkiyə bundan sonra Osmanlı olası deyil. Ona görə ki, bu da bir ilğımdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.