Sonuncu siyasi iddialı nəsil

Arxiv foto

-

Sizin brauzer HTML5-i dəstəkləmir

Sonuncu siyasi iddialı nəsil

YUBİLEYİN ERTƏSİ GÜNÜ...

Yubileylərdə təmtəraqlı sözlər demək elə də qəbahət deyil. Hamı belə edir, bəlağətli nitqlər söyləyir, ertəsi gün rastlaşanda da təəccüblə «Doğrudanmı lap elə belə dedim?» deyə soruşurlar.

Bu mənada AXC-nin 25 illiyi də istisna deyil. Düzdür, indi bu tarixin, Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranması prosesinin izlərini bəlkə 25 ildən irəlidə də axtarmaq olardı. Fəqət, hələ ki Azərbaycanda sovetlər

çağındakı milli mücadilə hadisələri haqqında ciddi bir araşdırma aparılmayıb.

Amma ola bilməzdi ki, tarixdə zəif də olsa buna bənzər bir şey olmasın. Bu prosesin işartılarını sovet hakimiyyətinin ilk illərində (məşhur Gəncə üsyanını unutmaq olarmı?!), 1937-ci ilin ərəfəsində, Böyük Vətən müharibəsi illərində, hətta ondan sonrakı siyasi mühacirət dövründə axtarmaq olardı.

Əslində 80-ci illərin sonunda qeyri-adi bir hadisə baş verməmişdi, diqqətə layiq nə olmuşdusa bundan bir qədər əvvəl olmuşdu. 80-ci illərin sonunda isə bir növ milli-siyasi proseslərin leqallaşması baş verdi. Bütün sovet respublikalarında, ən əvvəl də Baltik respublikalarında xalq cəbhələri yarandı. Bunun əks-sədası kimi 1989-cu ildə Azərbaycanda da Xalq Cəbhəsi elan edildi. Necə deyərlər, hər yerdə yaranmışdı, burada da yaratdılar.

Bu nəslin də siyasi ambisiyası daha çox xəstə adamın sayıqlamalarını xatırladır. Amma insanlar arasında olanda, gənclikdəki ovqata diqqət yetirəndə görürsən ki, bu nəsil sonuncudur. Bundan sonra bir müddət siyasi və ictimai səhralıq görünür

O dövrün fəalları prosesləri bir qədər qabartmağa, şişirtməyə meylli olsalar da (tək yubileylər zamanı belə olmur) o vaxt qeyri-adi heç nə baş verməmişdi. Artıq praktiki və nəzəri təcrübə vardı.

Qərəz, indi o tarixdən 25 il keçir. Amma nə qədər qəribə olsa da, o dövrün iştirakçılarından başqa heç kimin ağlına gəlmir ki, bu prosesə bir tarix kimi baxsın. Bəlkə ona görə ki, həmin siyasi nəsil bu gün də (bir qədər uğursuz olsa da!) siyasətdədir. Bunu 80-ci illərdəki proseslərin özəllikləri kimi, ya da çağdaş dövrün siyasi spesifikası kimi də yozmaq olar – neçə illərdir ki, bu ölkədə yeni heç nə yaranmır...

HƏR SON HƏLƏ BAŞLANĞIC DEYİL...

Ona görə də bu gün də siyasətdən söz düşəndə təsəlliverici bir söz demək çətindir. Təbii ki, hamı yubileydə öz fantaziyasına meydan verə bilər, amma reallıq başqa şeydir...

Deyirlər ki, nəyinsə sonu həmişə başqa bir prosesin başlanğıcı olur. Amma bu gün belə ümidverici proses görünmür. Bəlkə də 80-ci illər nəslinin hələ də siyasətdə qalması böyük bir biabırçılığın - bu ölkənin tamam Türkmənistana çevrilməsinin qarşısını alır.

Bəzən bu fikri qəbul etmirlər. Deyirlər ki, müqəddəs yer boş qalmır. Amma inanın, qalır, özü də uzun müddət. İndi tarix kimi təqdim edilən siyasi nəsildəcəlbedici nədir? Onların hakimiyyət ambisiyası! Bəli, düz anladınız hakimiyyət ambisiyası! Ola bilsin, kimsə bunu qeyri-ciddi qəbul edəcək, hətta deyəcək ki, ruhi dispanserlərdə də Çingiz xanlar, Napoleonlar nə qədər desən var...

Düzdür. Razıyıq. Bu nəslin də siyasi ambisiyası daha çox xəstə adamın sayıqlamalarını xatırladır. Amma insanlar arasında olanda, gənclikdəki ovqata diqqət yetirəndə görürsən ki, bu nəsil sonuncudur. Bundan sonra bir müddət siyasi və ictimai səhralıq görünür. Yox, mübarizə əzmi var. Amma özünü siyasi alternativ kimi təqdim etmək gücü və həvəsi yoxdur. Hər narazılığa isə müxalifət, hər narazıya da müxalifətçi demək olmur.

Bu gün «işinin xatirinə» bu hakimiyyətin siyasi və ideoloji şüarlarını təkrar edən, onları hətta tirajlayan insanlar özləri də bilmədən onlara alışırlar, hamı düşünür ki, elə belə də olmalıdır.

«Hökumətlə hökumətlik etməzlər!», «Başını aşağı sal, öz işinlə məşğul ol!» fəlsəfəsi getdikcə daha çox adama hakim kəsilir.

Olan-qalan etirazlar da lokal məişət xarakteri daşıyır. Hətta yaşadığı yerdəki kommunal vəziyyətə etiraz edən insanlar belə öncə bu hakimiyyətə qarşı olmadıqlarını, onun şüarlarını və «ideoloji ustanovkaları»nı bölüşdüklərini nümayiş etdirməyi özlərinə borc bilirlər.

FİKİR, İDEYA MÜXALİFƏTÇİLİYİ...

Hər şeydən önəmli, hər şeydən irəli fikir, ideologiya müxalifətçiliyidir. Əvvəl fərqli fikir, baxış olmalıdır ki, onun ətrafında müxalifət yaransın.

80-ci illər nəslinin önəmi də məhz bundadır. İnsanlar təəssüf ki, bəzi şeyləri artıq reallıq kimi qəbul edirlər. Bu gün «işinin xatirinə» bu hakimiyyətin siyasi və ideoloji şüarlarını təkrar edən, onları hətta tirajlayan insanlar özləri də bilmədən onlara alışırlar, hamı düşünür ki, elə belə də olmalıdır. Sadəcə, bir nəsil var ki, heç olmasa, rəsmi ideologiyaya nəzəri də olsa opponentlik edir...

Düşünürük ki, bu, da az deyil. Sovetlərin vaxtında hər şey siyasi lətifələrdən başlamadımı? Bu gün bizə bu, qəribə gəlir. Amma o vaxt tələbə auditoriyalarındakı stolların üstü əsl müxalifət qəzetlərinə bənzəyirdi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.