Seçki saxtalaşdırmaq müstəqil Azərbaycanda illərin vərdişinə çevrilir

Arxiv fotosu, Azərbaycanda 2013-cü il prezident seçkisi

-

Sizin brauzer HTML5-i dəstəkləmir

Ən geridə qalmış ölkədə də...



HEÇ OLMASA SEÇKİ KEÇİR...

Dünya rəngarəngdir. Amma bəzən rənglər o qədər zəngin və tünd olur ki, adam bilmir buna necə baxsın, çünki dünyanın bu qədər təzadlı olması onu qavramağa və nəticə çıxarmağa çətinlik yaradır.

Qərəz, Misirdə prezident seçkisi düz üç gün çəkdi. Səbəb də bu idi ki, insanlar səs verməyə gəlmirdilər.

Bu, bizə niyə bu qədər təəccüblü göründü?

Azərbaycan müstəqil olandan neçə seçki keçirilib, artıq bunu xatırlamırıq. Amma onu bilirik ki, indiyədək seçkinin vaxtı nəinki uzadılıb, əksinə məntəqələrin qapısı vaxtından əvvəl bağlanıb, insanlar seçkiyə gəldi-gəlmədi, həmişə yüksək iştirak faizi rəsmiləşdirilib.

Misirdəki praktika Azərbaycanda olsaydı bu, çox tez həll olunacaqdı – bircə günün içində qutular bülletenlərlə dolacaqdı, hamısı da hakimiyyət nümayəndəsinin xeyrinə...

Doğrusu, keçmiş sovet ölkələrindən savayı haradasa seçkinin saxtalaşdırılması praktikasına rast gəlməmişik. Məsələn, Hindistanda da seçki uzun çəkir. Hətta qutuları fillərin üstündə kəndbəkənd gəzdirirlər. Amma kasıb olmasına rəğmən hamı etiraf edir ki, Hindistan demokratik ölkədir.

İrandan misal gətirmək istəməzdik. Bu ölkədə seçki məhduddur, namizədlər irəlicədən mollalar tərəfindən müəyyən edilir. Amma məhdud sayda namizəd arasında əsl seçki keçirilir, kiminsə lehinə qutulara bülleten atılmır.

KAPİTALİZMİ GÖRMƏYƏNLƏR...

Bunun səbəbləri haqda çox fikirləşmişik. Politoloq Maks Veber kapitalist ölkələrindəki bəzi xüsusiyyətləri dini amillərlə - protestantizm ənənələri ilə izah edirdi.
Bəzi keyfiyyətləri məhz kapitalizmin öz özəllikləri ilə izah etmək daha asandır


Amma həmin ölkələrdəki bəzi keyfiyyətləri məhz kapitalizmin öz özəllikləri ilə izah etmək daha asandır.

Təcrübə göstərir ki, kapitalizm mərhələsini keçməmiş, ya da səthi keçmiş ölkələrdə demokratik dəyərlər, sivil bazar iqtisadiyyatı çətin oturuşur. İnsanlar özləri, çətinliklə siyasi hüquq və azadlıqları qazananda onlara böyük dəyər verirlər. Amma elə ki, bu dəyərlər, necə deyərlər, təsadüfdən ehtiva olunur, onların bir qara qəpik qədər də dəyəri olmur...

Bəlkə də burada halal-haram, müqavilə və öhdəlik məsələsi, müqavilə mədəniyyəti var. Xüsusən də müqavilə mədəniyyəti. Qərbdə dövlətə də ictimai müqavilənin bir forması kimi baxırlar – insanlar birgəyaşayış üçün öz hüquqlarının bir hissəsini dövlətə verirlər...

Dövlət özü də müxtəlif cür formalaşıb. Məsələn, ABŞ-da tarixən cəmiyyət və fərdlər dövlətdən deyil, dövlət onlardan müəyyən hüquqlar alıb. Ona görə də ilk illərdə ABŞ-da dövlət çox kiçik səlahiyyətlərə malik olub, kiçik aparatı olub, hətta prezidentlər öz aparatlarını özləri maliyyələşdiriblər.

Avropa bir qədər fərqli yolla gedib. Orada dövlət mülki cəmiyyətdən daha tez formalaşıb, despotik formada olub. Ona görə də o, zaman keçdikcə ABŞ-da olduğu kimi öz səlahiyyətlərini artırmayıb, əksinə azaldıb.
Heç bir quruluş sovetlər qədər parlamentarizmi, məhkəməni, liberalizmi və seçkini gözdən salmayıb


Amma son nəticədə hər iki tərəf müəyyən balanslaşdırılmış vəziyyətə gəlib çıxıb və bu vəziyyət illərlədir ki, qorunub saxlanır.

BÜLLETENLƏRİ KİM SAYIRSA...

Amma sovetlərdə necə olmuşdu?

Hər şeyi onların üstünə yıxmağa meylli olmasaq da, bəzi şeyləri açıq demək lazımdır. Heç bir quruluş sovetlər qədər parlamentarizmi, məhkəməni, liberalizmi və seçkini gözdən salmayıb. Bunu tam məsuliyyətlə deyirik.

Liberalizm və parlamentarizm Vladimir Leninin dilində söyüş kimi səslənirdi. Seçki isə o dövrdə, ümumiyyətlə, biabırçılıq idi.

Sovetlər siyasi hakimiyyət praktikasına seçkinin nəticələrini ləğv edərək başlamışdılar. 1918-ci ildə eserlər seçkidə sovetləri tamamilə udmuşdular. Bolşeviklər seçkinin nəticələrini ləğv etdilər və bu, diktaturanın və qırmızı terrorun başlanğıcı oldu.

Sonrakı dövrlərdə də İosif Stalin həmişə deyirdi ki, seçkidə əsas məsələ səslərin kim tərəfindən sayılmasıdır. 70 illik praktikada sovetlər bircə dəfə belə olsun seçkidə heç olmasa alternativliyi təmin etmək haqqında düşünmədilər, məlum deyildi ki, insanlar kimin sırasından seçir?
Məgər Azərbaycanı elə indi də ömrü boyu saxta seçki görmüş və bunu təbii hal kimi yaşamış adamlar idarə etmirmi?


İlk dəfə formal alternativ seçki Mikhail Gorbachev prezident seçilərkən oldu. Hətta o vaxt zaldakı əksəriyyət Mikhail Gorbachev-a alternativ olmağa cəsarət edən adama təəccüblə baxırdılar.

Düzdür, Azərbaycanı SSRİ-dən 23 il ayırır. Bu illər ərzində bir az irəli getmək olardı. Amma kiminlə? Məgər Azərbaycanı elə indi də həmin adamlar - ömrü boyu saxta seçki görmüş və bunu təbii hal kimi yaşamış adamlar idarə etmirmi? Onlar belə görüb və belə idarə ediblər. İndi isə artıq bu, bir vərdişdir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.