SSRİ-dən ayrılan bəzi ölkələr indi də Rusiyadan ayrılmağa çalışırlar

Arxiv foto.

-

Sizin brauzer HTML5-i dəstəkləmir

Tarix yaratmaq üçün şans

MÜSTƏQİLLİK TESTİ

1991-ci ildən bütün keçmiş sovet ölkələri özünü müstəqil hesab edirdi. Amma bu gün Ukraynada baş verən proseslər göstərir ki, siyasi və iqtisadi müstəqilliyi yalnız Baltikyanı ölkələr əldə edibmiş.

Digər ölkələrin taleyinə isə bir dəfə SSRİ-dən, bir dəfə də Rusiyadan ayrılmaq prosesi yazılıbmış. İndi Ukraynada həqiqi müstəqillik uğrunda çarpışırlar.

Gürcüstanı çıxmaq şərtilə o biri ölkələr də özlərinin müstəqil olduqlarını güman edirlər. Amma bu, yalnız gümanlardır. Müstəqil olmaq və tarix yaratmaq üçün əsl şans indi yetişib.

Bu ölkələrin liderlərinə deyərdik ki, nə qədər müstəqil olduğunuzu yoxlamaq istəyirsinizsə MDB-dən çıxmağa və yaxud NATO ilə, Avropa Birliyi ilə daha sıx əlaqələr qurmağa cəhd edin. Onda ölkənizin, həm də özünüzün nə qədər müstəqil olmanız haqda daha dürüst təsəvvür əldə etmiş olarsınız.

Son vaxtlar Gürcüstan, Ukrayna və Moldova buna cəhd etdi. İlk ölkə çox böyük məhrumiyyətlər yaşadı, üçüncü isə hələ bu məhrumiyyətləri gözləməkdədir.

O gün Rusiya ordusunun baş qərargah rəisinin Bakıya gəlişi göstərilirdi. Bir anlığa elə təsəvvür yaranırdı ki, bu adam özünü öz ölkəsində hiss edir.
...nə qədər müstəqil olduğunuzu yoxlamaq istəyirsinizsə, MDB-dən çıxmağa və yaxud NATO ilə, Avropa Birliyi ilə daha sıx əlaqələr qurmağa cəhd edin. Onda ölkənizin, həm də özünüzün nə qədər müstəqil olmanız haqda daha dürüst təsəvvür əldə etmiş olarsınız.

Ötən il avqust ayında da belə təsəvvür yaranmışdı. Rusiyanın prezidenti Bakıya gəmilərin müşayiəti ilə təşrif buyurmuşdu.

Bakıda bunun o qədər də fərqinə varmadılar. Adi insanlar bir qədər çaşqınlıq yaşadı, dövlət rəsmilərinin isə başqa qayğıları vardı, onlar üçün əsas o idi ki, hamı prezident seçkisində Rusiyanın hakim partiyanın namizədini dəstəklədiyini görsün. Səfər təxminən ona bənzəyərdi ki, ABŞ prezidenti harasa hərbi donanmanın müşayiəti ilə təşrif buyursun!

Bəlkə də dövlət rəsmiləri bu fikirlə razılaşmazdılar. Ona görə ki, onlar özlərinə gərək olan dərəcədə müstəqildirlər.

Orta statistik Azərbaycan məmuruna nə lazımdır? Onun vəzifədə olduğu hər saatın qiyməti, məzənnəsi var. O heç marağında da deyil ki, ölkə MDB-dən çıxsın və yaxud da Avropa Birliyi və NATO ilə ciddi əlaqələr qurmuş olsun.

Dövlət rəsmilərinin NATO-ya və Avropa Birliyinə nifrəti bəlkə də Rusiya rəsmilərinkindən az deyil. Əvvəllər də yazmışdıq ki, Azərbaycan Avropa ilə assosiasiya sazişini təkcə ona görə imzalamadı ki, Rusiyadan ehtiyat edirdi, bunu ona görə etmədi ki, özləri istəmirdilər.

Sazişi imzalamış ölkələrin Rusiyanın təzyiqlərinə qarşı immuniteti heç də Azərbaycanınkından artıq deyildi, bu ölkələr böyük enerji kasadlığı yaşayır, ərazilərində də etnik münaqişələr var.

Azərbaycan ərazisində bir separatizm ocağı varsa o biri ölkələrdə - Gürcüstanda və Moldovada bu, ikidir, Ukraynada isə onların neçə ədəd olacağı hələ bəlli deyil...
MİLLİ LİDER OLMAQ ASANDIRMI?

Axır vaxtlar hakimiyyət hətta müstəqillik uğrunda mübarizəni belə qısqanırdı, hər şeyi öz adları ilə bağlamağa çalışırdılar. Təbliğat maşını bu istiqamətdə xüsusi sürətlə işləyirdi.
Əgər avtoritar liderlər üçün yalnız necə adlanmaq önəmlidirsə heç narahat olmasınlar, Rusiyada federasiya subyektlərinin də prezidentləri var. Onların iqtisadi və maliyyə resursları heç digər oliqarxlarınkından az da deyil...

Amma hər şeyin bir sınaq dövrü var. İndi bu sınaq dövrü yetişib. Adamı ən çox narahat edən budur ki, bəzi yerlərdə hakimiyyətlər milli müstəqilliyi də “özününküləşdirmək”lə, onu öz maraqlarına uyğun deformasiya etməklə bu ideyanı da yetərincə gözdən saldılar.

Azərbaycan bir tərəfə, Mərkəzi Asiya ölkələri müstəqilliyi hədiyyə kimi almışdılar. Bəzən bunu nəzərdə tutaraq bəziləri deyirdi ki, Azərbaycana müstəqillik uğrunda bu qədər qurbanlar verməyə dəyərdimi?

Amma o vaxt da ağıllı və uzaqgörən insanlar deyirdi ki, tələsməyin, Mərkəzi Asiya ölkələrinə də öz müstəqilliklərini təsdiq etmək üçün əsl məqam yetişəcək.
SAXA RESPUBLİKASININ DA PREZİDENTİ VAR...

İndi həmin məqam yetişib. Görən, avtoritar liderlər cəmiyyət qarşısına bu dəfə hansı məzmunda çıxacaqlar? Daşıdıqları prezident adını doğrulda və öz ölkələrinin həqiqi liderləri olduqlarını sübut edə biləcəklərmi?

Yoxsa “Siyasət mümkün olanın sənətidir!” deyərək MDB-nin növbəti tədbirində iştirak etmək üçün Moskvaya yollanacaqlar?

Əgər onlar üçün yalnız necə adlanmaq önəmlidirsə heç narahat olmasınlar, Rusiyada federasiya subyektlərinin də prezidentləri var. Onların iqtisadi və maliyyə resursları heç digər oliqarxlarınkından az da deyil. Daha nə lazım?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.