Azərbaycan. Qərblə Rusiya arasında...

Portugal -- Azerbaijan President Ilham Aliyev arrives with his wife Mehriban to attend the NATO Summit in Lisbon, 19Nov2010

-
GEOMANİYA

Bu soyuq aprel günlərində insanları düşündürən və bəlkə də bir az narahat edən əsas problem təbii ki, dünyanın yeni siyasi düzənidir. Dünya hara gedir? O, yaxın və uzaq ölkələr üçün nə vəd edir?

İnsanlar bu sualların açılışını qismən də olsa Türkiyənin baş nazirinin Bakıya səfərindən gözləyirdi. Amma bəzən siyasi gündəmi media müəyyən edir. Ona görə də onun təqdimatında əsas məsələ iki dövlət adamının Bakıdakı «gülənçilər» mövzusuna nə qədər toxunub-toxunmaması oldu.

Halbuki bundan da önəmli məsələlər vardı. Krım hadisələrindən sonra Türkiyənin müttəfiqləri daha Azərbaycanla bu ölkə arasında dərinləşmiş və yüksək əməkdaşlıq səviyyəsinə qaldırılmış hərbi müqavilənin imzalanmasına etiraz etmirlər. Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir və bu iki ölkə arasında hərbi əməkdaşlıq qane edəcək səviyyədədir. Amma onun bir az dərinləşməsinə ehtiyac duyulur.

Ona gərə ki, Krım hadisəsi yeni müstəqil dövlətlərin təhlükəsizliyini bir problem kimi çox qabartdı. Güman edilirdi ki, Qərb ölkələrinin Rusiyanın hərəkətlərinə ən yaxşı cavabı GUAM ölkələrinin hamısının olmasa da əsas hissəsinin NATO-ya sürətli qəbulu olacaq.

Amma ABŞ və Avropa ölkələri siyasi təhlilçiləri çaşdıran və bir az da məyus edən bəyanatla çıxış etdilər. Bildirildi ki, NATO Ukraynanın və Moldovanın hesabına genişlənməyəcək.

Bununla belə indi NATO-nun qarşısında duran əsas məsələnin Moldovanın təhlükəsizliyinin təmin edilməsinin olduğu bəyan edildi, çünki bu ölkə özünü Rusiyanın müdaxiləsindən qorumaq üçün birbaşa Şimal Alyansına müraciət edib.
Güman edilirdi ki, Qərb ölkələrinin Rusiyanın hərəkətlərinə ən yaxşı cavabı GUAM ölkələrinin hamısının olmasa da əsas hissəsinin NATO-ya sürətli qəbulu olacaq
NATO Rusiya ilə əməkdaşlığı dayandırdı. Amma bu, Rusiyanı daha yeni əraziləri işğal etməkdən çəkindirəcəkmi? Rusiya son vaxtlar hətta Cənubi Osetiyanın sərhədlərini bir az da Gürcüstanın içərilərinə doğru çəkməklə məşğuldur. Adam bilmir ki, buna necə reaksiya versin? Gülsün, yoxsa... Bu ölkə əsl geomaniya mərəzinə tutulub. Doğrudanmı Rusiyanın şərqdən qərbə doğru uzanan torpaqları onu qane etmir? İş o yerə çatıb ki, bəzi diplomatlar, siyasətçilər və təhlilçilər Krımın başlanğıc olduğunu bildirirlər...

Sizin brauzer HTML5-i dəstəkləmir

Dünya olduğu kimi


DAYAQLARI HARADA AXTARMAQ LAZIMDIR?

Bu ilin narahat keçəcəyini təkcə təhlilçilər deyil, hətta şou-verilişlərin az qala daimi iştirakçılarına çevrilən astroloqlar da bildirirlər. Azərbaycan bu durumu yenə də Qərblə Rusiya arasında manevr etməklə dəyişmək istəyir. Amma ölkə sabitliyin və konsensusun təminatlarını həm də öz içində axtarmalıdır.

Demirik ki, indi Azərbaycanda daxili siyasi status-kvonu dəyişmək iqtidarında olan siyasi qüvvələr var. Yox, onlar yoxdur. Müxalifət zəif və pərakəndədir, o, ölkədəki siyasi proseslərə ciddi şəkildə təsir etmək imkanlarından məhrumdur.

Elə cəmiyyət də bundan fərqli durumda deyil.

Amma dünya dəyişir. Düzdür, indi bunu daha çox geosiyasi prizmadan şərh edirlər. Fəqət, Rusiya siyasi publisistikasının «ustanovka»larından bir az çəkinmək lazımdır. Hazırda Ukraynada baş verən proseslər təkcə geosiyasi məzmun təşkil etmir. Onlar bir nəticəyə gətirir - insanların Qərb dəyərlərinə, liberal dəyərlərə marağı artır və o dəyərlər getdikcə daha çox ölkəni və insanı öz cazibəsinə çəkir.
Rusiya siyasi publisistikasının «ustanovka»larından bir az çəkinmək lazımdır. Hazırda Ukraynada baş verən proseslər təkcə geosiyasi məzmun təşkil etmir.
Öz ətrafında baş verən hadisələri həmişə «kiçik bir qrupun okeanın o tayından idarə olunan oyunu» kimi təqdim etməyə alışmış Rusiyanın ardınca gənc dövlətlərin təmsilçiləri də belə düşünürlər. Buna yalnız təəssüf etmək olar. Bir məsələni unutmaq lazım deyil ki, həmin gənc dövlətlərin milli müstəqilik uğurundakı mücadiləsini də əvvəllər belə yozurdular. Amma zaman göstərdi ki, heç də belə deyil. O vaxt da yerli hakimiyyətlər zamanın diktəsinə etinasız və məsuliyyətsiz yanaşdılar. Amma nəticəsi nə oldu?

Məlum oldu ki, bütün bu hadisələr heç də «okeanın o tayından idarə olunan oyun» deyil. İndi də dünya dəyişir. Yeni reallıqlar meydana çıxır. Bu reallıqları nəzərə almağa ehtiyac var. Reallıqları vaxtında nəzərə almayanlar gec-tez bu reallıqların həmləsini hiss etməli olurlar.

Razılaşmaq gərəkdir ki, «legitim avtoritar və totalitar sistemlər» olmur. İnsanlar etiraz etmirsə, öz haqlarını tələb etməyə çətinlik çəkirsə, bunun üçün yetərincə mütəşəkkil nümayiş etdirməyi bacarmırsa, bu, heç də o demək deyil ki, onların azadlıqlarını məhdudlaşdırmaq olar. İnsanlar azadlığı doğulan andan, məhz insan olduqları üçün alırlar. Dünyanın gedişi də elə bunu deyir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.