Mediada ildırım sürətilə yayılan bir videonun sirri

Münsiflər heyətinin üzvü gördüklərinə inanmır

-
Bu çıxış aprelin 1-də baş versəydi, yəqin ki, İtaliyanın məşhur The Voice mahnı yarışmasının münsiflərini gördüklərinə inandırmaq çətin olardı. Lakin Azərbaycandakı “Yeni ulduz” şousuna bənzəyən The Voice İtaliya-dakı bu heyrtıamiz çıxış efirə martın ortalarında gedib.

(Yazı videonun altında davam edir)

25 yaşlı katolik rahibə, müqəddəs bacı Christina məşhur müğənni Alica Keys-in “No one” mahnısını ifa etmək üçün səhnəyə çıxır. Şounun qaydalarına əsasən, münsiflər arxalarını səhnəyə çevirib müğənninin ancaq səsini eşidir, düyməni basıb ifanı qəbul və ya rədd edirlər.

Münsfilərin eşitdikləri ilə gördükləri arasındakı təzaddan doğan heyrəti başa düşmək üçün italyan dilini bilməyə ehtiyac yoxdur. Möcüzə görən insanların sifətlərindəki şok ifadəsi bütün dünyada eynidir.

Münsfilərdən biri heyrətini belə ifadə edir:

- Uşaq vaxtı kilsədə səni görsəydim, yəqin ki, indi Roma Papası olmuşdum.

İlk baxışdan “No one” mahsının sözləri qadının kişiyə olan məhəbbət hisslərinin ifadəsini xatırladır. Hər halda mahnının müəllifi Alicia Keys-in ifasında buna heç kimin şübhəsi yaranmır. Lakin katolik kilsə kimi konservativ məzhəbə məxsus bir rahibənin ifasında…

Bu kontekstdə mahnının sözlərini tanrıya olan məhəbbət kimi də yozmaq olar. Hər halda münsiflər heyəti üzvlərindən biri yəqin ki, hamıda yaranan sualı dilə gətirir:

- Bəs Vatikan sənin The Voice-da iştirakına nə deyir?

Müqəddəs bacı Christina cavab verir:

- Həqiqətən də bilmirəm, gözləyirəm ki, Roma Papası Francis mənə telefon açacaq. …Axı o, həmişə bizə adamlar arasına çıxıb İncildə deyilənləri təbliğ etməyi tövsiyyə edir, Tanrı bizdən heç nəyi almır, əksinə daha artığını qaytarır. Mən də bura bu sözləri demək üçün çıxmışam.

Belədirsə, Christinanın moizə üçün qazandığı auditoriyaya istənilən din xadimi həsəd aparadı. Qısa bir zamanda onun YouTube portalında yerləşdirilən ifasına 40 milyona yaxın izləyici baxıb.