Şərin bir addımlığında

-
MDB HAMILIQLA RUSİYANIN TƏRƏFİNİ TUTUR...


Siyasətin çox qəribə xüsusiyyətləri var. O, ya adamı biganə saxlayır, ya da bütünlüklə onun həyatına sirayət edir.

Rusiyanın ağla gələn və gəlməyən hərəkətləri hətta bayram günlərində də birinci dərəcəli xəbərlər kimi gündəmi zəbt etdi. Bu günlərdə Qazaxıstanın və Ermənistanın ardınca Belarus da öz mövqeyini açıqladı, Krımı Rusiyanın tərkib hissəsi kimi tanıdı.
Azərbaycan istər-istəməz dolaşıq vəziyyətə düşüb. Bir tərəfdən ən azı hakim elitalar arasında normal münasibətlərin olduğu bildirilir. O biri tərəfdən isə bu ölkə nə Krımı Rusiyanın tərkib hissəsi kimi tanıya bilir, nə də Gömrük Birliyi və Avrasiya İttifaqı ilə bağlı münasibətini açıqlayır.

Əvvəllər də yazmışdıq ki, bundan sonra MDB-də Azərbaycan üçün çətin olacaq. Özbəkistan da Kollektiv Təhlükəsizlik Təşkilatından çıxıb, özü də ikinci dəfə. Amma ümid varmı ki, Rusiya onu təzədən bu təşkilata qaytarmayacaq? Ümid varmı ki, Özbəkistan özü də bir daha ora qayıtmamaq üçün müqavimət göstərəcək? Belə ümid yoxdur.

Bu vaxta qədər Azərbaycan faydalı “geosiyasi orkestr”də təmsil olunmuşdu. Moldovonun və Ukraynanın MDB-yə çox tənqidi münasibəti vardı. Bu illər ərzində Ukrayna hətta MDB-nin nizamnaməsini də ratifikasiya etməmişdi və MDB daxilində geosiyasi fraksiyaya başçılıq edirdi. İndi bunlar olmayacaq.

RUSİYA MİNSK QRUPUNUN HƏMSƏDRİ OLMASAYDI...

Azərbaycan ən böyük təhlükəni Qarabağdan gözləyir. Təbii ki, Qarabağ Rusiyanın əlində olan başlıca “rıçaq”dır. Amma bir məsələ var ki, Rusiya bu “rıçaq”dan onsuz da nə vaxtsa mütləq istifadə edəcək. MDB ölkələrinin biri-birinin ardınca Krımı Rusiyanın tərkib hissəsi kimi tanımasından sonra adamın ağlına başqa bir şey də gəlmir. Kim Rusiyanı bundan çəkindirə bilər? Qərb? Rusiya ona məhəl qoymur! Azərbaycanı itirmək təhlükəsi? Rusiya Azərbaycanı onsuz da özününkü hesab etmir!

Azərbaycanın əlində tək bir kasad arqument var. O da budur ki, Rusiya Minsk Qrupunun həmsədridir. Qarabağda başqa bir addım atacağı təqdirdə onun vasitəçi dövlət kimi reputasiyası korlana bilər. Bəlkə də bu, yeganə arqumentdir ki, Rusiyanın ağılsız hərəkətlərinin qarşısını ala bilər. Amma bu il atəşkəs haqqında müqavilə imzalanmasının 20 ili tamam olur. Vəziyyət elə gətirib ki, indi Azərbaycanın bu razılaşmanın davam etməsini arzulamaqdan savayı bir çıxış yolu yoxdur. Gözləmək lazımdır. Bu gün deyilməyi mümkün olan yeganə həqiqət budur. Başqa çıxış yolu yoxdur.

QƏRB RUSİYAYA HƏQİQƏTƏN TƏZYİQ ETSƏ...


Bir çox məsələlər Qərblə Rusiya arasındakı münasibətlərdən asılı olaraq çözüləcək. Bu münasibətlər isə hələ aydınlaşmayıb. Rusiyanı yalnız kəskin və birmənalı soyuq müharibə dayandıra bilərdi. O variant isə hələ götür-qoy edilir. Bəlkə də heç güman edilən tərzdə də soyuq savaş olmayacaq. Hələlik Qərb bir məsələni dəqiq bəyan edib: onun Krıma görə Rusiya ilə savaşmaq fikri yoxdur.

İqtisadi sanksiyalara gəldikdə isə, təəssüf ki, Qərbin də Rusiyadan asılı olduğu məqamlar var. Rusiyaya Qərbdən nə lazımdır? Ona qaz ixrac etməyə imkan verilsə bu, Rusiyanı tamam qane edər. Çox güman ki, ona bu imkan veriləcək.

Ölkə iqtisadiyyatı da əvvəlki kimi planlı sosialist iqtisadiyyatı deyil. Bir sözlə, bu dəfə Rusiya ilə çox çətin olacaq.

Düzdür, oliqarxların bank hesablarının dondurulması da adi məsələ deyil. Amma V.Putin Rusiyada elə bir siyasi ab-hava yaradıb ki, artıq heç kim səsini çıxara bilmir.

Yeganə “rıçaq” Rusiyanı silahlanma yarışına cəlb etməkdir. Amma Rusiya buna gedəcəkmi? ABŞ-n hərbi büdcəsi Rusiyanın bütün büdcəsindən iki dəfə artıqdır. Ona görə də Rusiya bu yarışı çoxdan uduzub və təkbaşına daha ona baş qoşmaz.

Amma Rusiyanın nüvə arsenalı var. İ.Stalinin ən böyük günahı bəlkə də Avropanın və Asiyanın yarısını işğal etmək, milyonlarla insanı düşərgələrdə tələf etmək deyildi. Onun ən böyük günahı Rusiya kimi dövlətin əlinə nüvə silahını vermək idi.

GERİYƏ, 1991-Cİ İLƏ DOĞRU?

Vladimir Putin

İndi Rusiya zamanı da inversiya etmək fikrinə düşüb. V.Putin deyir ki, indi bizim üçün 91-ci ildir. Amma bayırda saatların əqrəbi 2014-cü ili göstərir. Bu bəlkə də yeganə ümiddir. Qərb də təəssüf ki, bu illər ərzində öz gücünü əsasən sosialist düşərgəsinə və Baltikyanı ölkələrə yönəltdi. Digər keçmiş sovet ölkələrinə bir o qədər də diqqət yetirmədi. İndi növbəti dalğa gəlməlidir. Əgər bu dalğa olmasa bir az çətin olacaq.

Yerli hakimyyətlər də insanların müstəqilliklə bağlı tərəddüdlərə qapılması üçün əllərindən gələni ediblər. Gəl, məsəl var, deyiblər ki, mollaya görə məsciddən küsməzlər. Dövlət də belədir. Hakimiyyətlər gəldi-gedərdi, bu gün var, sabah yoxdur, dövlət isə əbədidir.

Təbii ki, dövlətçilik hissi Rusiyada olduğu kimi anormal təxəyyül formasını almamalıdır. Amma bu hissi itirmək də olmaz...


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir