Qəzan mübarək, Ukrayna!

Rusiya helikopteri Ukrayna hərbçiləri üzərində uçuş edir – 16 mart 2014

-
BİR ADDIM GERİ, BİR ADDIM...

O şey ki, bir neçə gün idi ki, gözlənirdi, o, baş verdi - Krım referendumda Ukraynadan ayrılmaq haqda qərar verdi. Referendum necə keçdi, Rusiyanın prezidenti Federasiya Şurasına hansı müraciəti göndərdi, Rusiya BMT TŞ-dan Ukrayna üçün hansı hərbi-siyasi statusu istədi, referenduma münasibət necə oldu, kimlər onu tanımadılar - bütün bunlar artıq bəlli faktlardır. İndi bundan sonra olacaqlar, baş verəcək proseslər daha çox önəm kəsb edir.

Nə demək olar? Ukrayna da Gürcüstan, Azərbaycan, Moldova kimi ərazisində etnik münaqişələr yaşanan ölkəyə çevrildi. İndi əsas məsələ Krımın əsiri olmamaqdır. Bunu on görə deyirik ki, Krım Ukraynaya 1954-cü ildə birləşdirilmişdi. Prinsipcə, Ukrayna onsuz da keçinə bilər, hətta bu ərazidə böyük neft-qaz ehtiyatlarının olduğu bəyan edilsə də. ABŞ və aparıcı dövlətlər, beynəlxalq qurumlar referendumun nəticələrinin tanınmayacağını bəyan etdilər. Bunun nəticəsi nə ola bilər? Yada salaq ki, 2-ci Dünya müharibəsi dövründə ABŞ Baltikyanı dövlətlərin SSRİ-yə birləşdirilməsini tanımamışdı. Axırda nə oldu?

Yarım əsrdən sonra olsa da, Baltikyanı ölkələr SSRİ-dən qoparıldı. Bu aspektdən yanaşanda təbii ki, qısa müddət üçün Rusiya uddu. Qərb dövlətləri daha çox Rusiyanın Ukraynanın içərilərinə doğru, Şərq tərəfə müdaxiləsinin qarşısını almaqda maraqlıdır.

Amma uzaq perspektivdə böyük ehtimalla Ukrayna udacaq. Fəqət, bunun üçün ölkənin Avropa strukturlarına inteqrasiyası davam etməlidir. Artıq Ali Radada ölkənin NATO-ya inteqrasiyasını dəstəkləyən qanun qeydə alınıb.
Bu günlərdə bildirildi ki, Ukrayna MDB-dən çıxmağa hazırlaşır. Lakin son bir neçə gündə tərəddüd notları da sezilməkdədir. İndi Ukrayna üçün ən təhlükəli məsələ tərəddüddür.

Ötən dəfələrdə yazmışdıq ki, Ukrayna bu dəfə də şansını əldən versə, Avropa ilə təmaslarına dönməz xarakter verə bilməsə, onda təəssüflə olsa da bir etirafı etmək lazım gələcək - Ukrayna inqilab etməkdən savayı heç nə bacarmır.

Kiyevdə aksiyaçılar Avropa Birliyi və Ukraynanın bayraqlarını dalğalandırırlar – 14 dekabr 2013



Bu minvalla onu hətta növbəti «banan respublikası» da adlandırmaq olardı. Hələ birinci inqilab – «narıncı inqilab» zamanı Ukrayna müəyyən addımlar atmalı idi.
O vaxt bu addımları atmaq mümkün olmadı. İndi də çox güman ki, ölkənin bəzi siyasi qüvvələri Krımı bütün məsələlərin fövqünə qaldırmağa cəhd edəcəklər. Amma bu, çox təhlükəli və yaxın dövr üçün perspektivsiz yoldur.

Bəli, ölkə bir addım gerilədi. Amma onun daha bir addım atmaq şansı da var. Bu addım onun üçün müstəsna əhəmiyyət kəsb edir. O, bu addımı düzgün ata biləcəkmi? İndi günün sualı budur.

ARXAİK RUSİYA SİYASƏTİ

Hətta rusiyalı politoloqlar ölkələrinin siyasətinin bir cəhətinə diqqət yetirirlər. Bu da Rusiyanın siyasi baxımdan ən azı 19-cu əsrdə qalmasıdır. Söhbət nədən gedir?

İndi öz təsirini artırmaq, nüfuz dairəsini genişləndirmək üçün heç bir dövlət özünə ərazi birləşdirmir. Bu yol keçmişdə qalıb. Dövlətlər təsirlərini iqtisadi yolla, öz dəyərlərini transfer etmək yolu ilə artırırlar.

ABŞ-ın dünyanın əksər bölgəsində təsiri var. Amma o, özünə ərazi birləşdirmir, yeni ərazilər zəbt etmir. Bunu digər ölkələr haqqında da demək olar.

Vladimir Putin və Barack Obama



Bəs bu ölkələrin Rusiyaya təhdidi nə olacaq? Böyük ehtimalla dünya növbəti dəfə «soyuq müharibə»yə doğru gedir. Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi istisna deyil. Rusiyada onu çox gözləsələr də, ABŞ-ın dövlət katibi Rusiyanın xarici işlər naziri ilə Londonda görüşməli oldu. ABŞ prezidenti bir neçə dəfə bəyan etdi ki, Rusiya atdığı addımların hesabını verəcək. Çox güman ki, bütün bunlar heç də söz oyunu deyil.

Hərbi konfrontasiyanı bəri başdan istisna etmək olar. Qərb dövlətləri Krıma görə Rusiya ilə vuruşmayacaqlar. Amma müharibəyə başqa sferada start verilə bilər - bir az əvvəldə qeyd etdiyimiz kimi, «soyuq müharibə» başlaya bilər...

O, başlasa bu dəfə oyun Rusiyanın özü ətrafında olacaq. Hətta sinergetik təhlillər göstərir ki, dövlətin ərazisi böyüdükcə onu idarə etmək də çətin olur. Amma Rusiya siyasətçiləri fərqinə varmadan ərazilərini genişləndirirlər. Unudurlar ki, bir gün bu böyük ərazinin parçalanması təhlükəsi də var və onu stimullaşdırmaq elə də çətin deyil - bunun üçün daha bir «soyuq müharibə» yetər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir