Dəyişmək istəyən Türkiyə

Türkiyədə 12 mart 2014-cü il etiraz aksiyası

-
DİNC AKSİYANI DAĞITMAĞA DƏYƏRMİ?

Mitinqdə zədə almış bir gəncin ölümü Türkiyədə siyasi etirazları yenidən hərəkətə gətirdi. Polis də həmişə olduğu kimi mitinqçiləri su şırnağı və gözyaşardıcı qazlarla qovmağa cəhd etdi.

Maraqlıdır, insanlar dinc etiraz aksiyası keçirirsə hakimiyyət nədən belə əndişələnir? Ümumiyyətlə, bizi dinc aksiyaların bir tərəfi həmişə maraqlandırıb. Hökumət bir də görürsən ki, bu cür aksiyaları keçirməyə icazə vermir.

Məsələn, belə praktika Azərbaycanda çox yayılıb-əsasən icazə vermirlər, verəndə də elə ucqarları göstərirlər ki, orada aksiya keçirməyin mənası olmur.

Türkiyə, 12 mart 2014

Elə Türkiyədə də polislərin aksiyaçıları qovmasından belə başa düşmək olar ki, heç orada da hökumət dinc aksiyaları sevmir, baxmayaraq ki, bu ölkə demokratiklik dərəcəsinə görə Azərbaycandan çox-çox irəlidədir.

Ən maraqlı detal isə dinc aksiyaların zorakı üsullarla dağıdılmasıdı. Əslində onlar niyə dağıdılmalıdır? Buna lüzum varmı?

İnsanlar toplaşıb sözünü deyəcək və sonra da özləri dağılışacaqlar. Bu sətirlərin müəllifi Azərbaycanda iki adam tanıyır ki, onlar mitinqdə aldığı zədə ucbatından cərrahiyyə əməliyyatı keçirməyə məcbur olublar. Halbuki o adamların heç biri zorakılığa meylli insan deyildi və hər ikisi dinc şəkildə etiraz aksiyasına qoşulmuşdular.

Əgər bir aksiyanın adında “dinc” sözü varsa, ondan qorxmağa, ehtiyatlanmağa dəyərmi?

Deyirlər ki, Azərbaycan, o cümlədən də Türkiyə hələ əsl demokratiyaya hazır deyil. Amma yaxın illərin təcrübəsi bir tərəfə, 80-ci illərdəki aksiyaları xatırlayırıq. Tam səmimiyyətlə deyirik ki, biz digərlərinə də belə təşkilatçılıq, siyasi mədəniyyət arzulayardıq. İndi nə olub? Bəlkə ölkə irəli getmək əvəzinə geriləyib?

TƏK ÖZÜ DANIŞIR...

Erdogan

Türkiyənin baş naziri R.T.Erdogan danışmağı, özü də ucadan, pafosla danışmağı çox sevir. Bəlkə elə bu səbəbdən başqalarının danışması onu bu qədər əndişələndirir? Görünür, baş nazir dinləməyi o qədər də sevmir.

Bizim üçün o, “Türkiyə baharı”na icazə verməyəcəyik!” deyəndən sonra bir siyasətçi kimi bitmişdi.

Ona görə ki, ərəb ölkələrində baş verən prosesləri dəstəkləyən, Suriya prezidenti B.Assad-a qarşı ən kəskin mövqe tutan bir siyasətçinin öz ölkəsində dəyişiklik istəməməsi bir o qədər də başa düşülmür.

Belə alınırdı ki, insanların hakimiyyətə qarşı etirazı ərəb ölkələrində yaxşıdır, amma Türkiyədə isə pis? Bu, məntiq avtoritar liderlərin çoxu üçün xarakterikdir. Onların əksəriyyəti kənarda, xaricdə demokrat kimi görünməyi sevirlər. Amma öz ölkələrində özlərini tamam başqa cür aparırlar. Erdogan-ın Qəzza bölgəsindəki insanların halına acımasını başa düşmək olar.

Amma gərək o, mitinqdə aldığı zədə ucbatından vəfat etmiş gənci dəfn edən Türkiyə cəmiyyətini də başa düşməyə çalışsın...

CƏMİ 18 GÜN...

Türkiyədə nə baş verir? Ölkə dəyişmək istəyir. İnsanlar, onlar cəmiyyətin əksəriyyəti olmasalar da, dəyişməyə meyllidirlər.

R.T.Erdoğan-ın dediklərində bir rasional detal var ki, Türkiyədə demokratik seçkilər keçirilir. Bəlkə də elə bu səbəbdən bu ölkədə etirazlar öz məhvərindən çıxmır, ifrat kütləvi xarakter almır.

R.T.Erdogan bu yaxınlarda dedi ki, onun partiyası martın 31-də keçiriləcək bələdiyyə seçkilərində məğlub olsa o, baş nazir kimi istefa verəcək. İndi mart ayının 31-ni gözləmək qalır. Bu isə cəmi 18 gün deməkdir.

Ötən il İstanbulda mitinqlər keçirilərkən bəzi şərhçilər demişdi ki, hakim partiya bir daha bu şəhərdəki seçkiləri uda bilməyəcək. İndi bu sözlərin nə qədər həqiqət olduğunu bilmək üçün, vur-tut, 18 gün qalıb.

Siyasətdə də bir “meşşan” məntiqi olur. Bəzən deyirlər ki, filan yerdə insanlar narazı olsaydı inqilab edərdilər. Amma inqilab hər yerdə və həmişə olmur. Üstəlik, Türkiyə siyasətində bəlkə də ona ehtiyac da yoxdur. Ona görə ki, ölkədə pis-yaxşı, demokratik seçkilər keçirilir.

Elə Türkiyə modelinin də önəmi demokratiyaya müsəlman ölkələrinin təcrübəsi konteksindən yanaşanda üzə çıxırdı. Faktiki olaraq o, tək müsəlman dövlətidir ki, demokratik üsul-idarəyə malikdir.

R.T.Erdogan bu demokratiyaya bir qədər dini, bir qədər də neo-imperialist çalar qatmaq istədi. Bizim sərəncamımızda təəssüf ki, elə bir material yoxdur ki, sadə insanların nə düşündüyünü bilək. Ona görə də bircə yol qalır: 18 gün gözləmək...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Aşağıdakı foruma yaz, polemikaya sən də qoşul.