Doqquz intizarli il

Elmar Hüseynov

-
ADINI ASLAN QOYDUM Kİ...

E.Hüseynovun faciəli qətlindən düz 9 il keçdi. İllər elə həqiqətən də yel qanadlı imiş, hər şeyi sovurub aparır, tək xatirələrdən başqa. Bu illər ərzində nələr oldu, nələr baş verdi?

Bəlkə də oğlu Aslan artıq yeniyetmədir. Anası ilə xaricə köçdüyündən - o vaxtdan onu görməmişik, səsini eşitməmişik, necə dil açıb danışdığının şahidi olmamışıq.

Yaddaşlarımızda bir balaca Aslan qalıb, atasının portretini qucaqlayan, portretlə danışan bir Aslan. Bir də Elmarın Aslana necə ad qoyması haqda danışdığı məzəli epizod. Deyirdi ki, uşaq qoyun ilində doğuldu, adını Aslan qoydum ki, aslan kimi böyüsün...

Bu sətirlərin müəllifi hər il Elmar haqqında yazır. Bu illər ərzində hansı qənaətə gəlmişik? Bu dünyadan cavan köçənlər qocalmır, yaddaşlarda elə həmişə cavan qalır.
İllər keçəcək, biz də köçəcəyik bu dünyadan. Amma bir “yoqurt əfsanəsi” qalacaq bu dünyada. O vaxt insanlar inana bilməyəcək ki, maliyyə problemləri ucbatından yeganə ata evini satışa çıxaran, ölüm ərəfəsində balaca Aslanı üçün əlində bir yoqurt tutan jurnalist qətlə yetirilibmiş bu ölkədə.

Adam hətta indi də inana bilmir. Ona görə ki, onun nə topu vardı, nə də topxanası, heç partiya üzvü də deyildi, partiyası da yox idi. Bir nazik jurnalı vardı. Adamlar hər həftə bu jurnalın çıxmasını gözləyirdi. O da hər həftə bu jurnalla evlərə qonaq gəlirdi...
Ona normal jurnal çap etməyə də imkan vermədilər. Demək olar ki, “partizan üsulu” ilə gah bu nəşriyyatda, gah da başqa nəşriyyatda çap olunurdu. Xəbər tutan kimi başlayırdılar həmin nəşriyyatı sıxmağa...

Aslan bəlkə də artıq bütün bunları anasının söhbətlərindən bilir. Uşaqlar ataları haqqında həqiqətləri bilsələr yaxşıdır. Amma o hər şeyi biləndən sonra doğulduğu və bir-iki il yaşadığı bu ölkə haqqında nə düşünəcək?

Adamı sakitləşdirən budur ki, o, Elmarın oğludur, bir çox məsələlərə də elə atası kimi-Elmar kimi yanaşacaq. Biləcək və başa düşəcək ki, Vətən adama təkcə ev olmur, həm də gor olur...

ELMAR JURNALİSTİKANI NECƏ DİRÇƏLTDİ?

Elmarın qətlinə bir az qalmış jurnalistikadan tamam ayrılmışdım. Heç yerə, heç bir nəşrə yazmırdım. Açığı, jurnalistikadan iyrənmişdim. Mənə elə gəlirdi ki, on manat pula istənilən jurnalistə istənilən yazını yazdıra bilərsən.

Elmarın qətli mənə sillə kimi dəydi. Başa düşdüm ki, böyük səhv etmişəm, bu ölkədə hələ də əqidəsi uğrunda ölən jurnalistlər var.

Ona görə də yenidən yazmağa başladım və özümə söz verdim ki, bütün həyatım boyu, sonuncu oxucum qalana qədər yazmalıyam. Sonra isə çox sular axdı, torpaqlar və adamlar aşındı bu ölkədə.

Neft pulları ölkəyə gələndən sonra jurnalistikanın da “məzənnəsi” qalxdı. Daha on manata deyil, bir az baha qiymətə yazmağa başladılar.

JURNALİSTLƏRƏ VƏ BİR DƏ ƏLİLLƏRƏ...

İndi hətta jurnalistlərə qibtə edənlər də tapılır. Deyirlər ki, hökumət mediaya bu qədər yardım edir, jurnalsitlərə havayı ev verir!

Doğrudur. Amma qismən. Bildiyim odur ki, bu ölkədə bir jurnalistlərə, bir də əlillərə pulsuz ev verirlər. Əlil qardaş və bacılar inciməsin, amma istərdik ki, jurnalistlərin qazanaraq ev almaq imkanları olsun.

Bəli, indi qəzetlərə də çox böyük yardımlar edilir. Amma nə faydası? Jurnalistlər yenə də qonorarlarını ala bilmirlər.

Yox, demirik ki, bütün günahlar hakimiyyətdədir. Sadəcə, çox şeyin səbəbkarı hakimiyyətin yaratdığı bu ümumi situasiyadır.

Elmar yazıları ilə bu situasiyanı dəyişmək istəyirdi. O, ürəkdən inanırdı ki, jurnalistika yolu ilə pul da qazanmaq olar, maşın, ev sahibi olmaq da. Özü də bunları başını dik tutmaqla etmək olar. Əsas da budur.

Azərbaycan dilində bir söz var: “dikbaş adam”. Deyirlər ki, filankəs dikbaş adamdır. Bəzən buna bir lovğalıq mənası da verirlər. Amma belə deyil. Ən azı jurnalist dikbaş olmağı bacarmalıdır. Ona görə ki, o, özündən qat-qat güclü və səlahiyyətli adamlara opponentlik edir.

Elə bu səbəbdən də başını həmişə aşağı tutmağa alışanlar bunu dərk edə bilmir, “A bala, sən kimsən?”-deyə sorur. O vaxt sən də Elmar kimi “Mən həvəssiz peşəkarlardan fəqrli olaraq bu peşəyə həvəsi olan həvəkar jurnalistəm!”-deyə bilirsənsə, deməli hər şey qaydasındadır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.