Siyasətçi reallıq hissini itirəndə

Viktor Yanukovych

-
İnsanlar hələ ki, Ukrayna hadisələrinin cazibəsindən qopa bilmirlər. Kimi burada “kənar siyasi drijor”ların izini axtarır, kimi bu hadisələrin özündən böyük zövq duyur, kimi də onun başqa bölgələrə necə təsir edəcəyini indidən araşdırmağa cəhd edir.

Hadisə həqiqətən də diqqətə layiqdir. Amma o, təkcə heyrət doğurmur, həm də ciddi düşünməyə sövq edir. Bizim üçün Ukrayna hadisələri bir əsas nəticəsi ilə yadda qaldı. Söhbət nədən gedir?

HƏTTA DEMOKRATİYALAR DA...

Burada bir xoşagəlməz etiraf etmək lazım gələcək. Məsələ ondadır ki, V.Yanukovich demokratik yolla seçilmişdi. Ukraynada, özü də V.Yushenko-nun dövründə, üstəlik seçkinin rəqibin xeyrinə saxtalaşdırıldığını güman etmək üçün heç bir əsas yoxdur, hər şey qaydalar üzrə baş vermişdi.
Amma bu, V.Yanukovich-ə etirazçıları snayperlərlə qırmağa, ölkəni normal inkişaf yolundan döndərməyə, qaçarkən pul dolu kisələri helikopterə yükləməyə mane olmadı.

Bu, hansı nəticəyə gətirib şıxarır? Birincisi, ideal siyasi sistem yoxdur. Hətta demokratiyalardan da sui-istifadə etmək olur. İkincisi, vətəndaşlar heç bir vaxt sayıqlığını itirməməlidir. Onlar bilməlidir ki, hakimiyyət insanları korlayır, onları xudpəsəndə və möhtəkirə çevirir. Bunun baş verməməsi üçün cəmiyyət daim sayıq olmalıdır.

Günün qəhrəmanına, V.Yanukovich-ə gəldikdə isə, o, reallıq hissini itirmişdi. O, ölkədəki qüvvələr balansını hesablaya bilmədi. Ölkə ətrafındakı geosiyasi vektorları düzgün qiymətləndirməyi bacarmadı. Buna görə də hakimiyyətdən getməli idi.

İNDİ SOSİOLOQLARA İNANARSINIZ...

Öz reytinqləri haqqında düzgün təsəvvürə malik olmamaq ukraynalı siyasətçilərin mərəzidir. Bir vaxt məlum oldu ki, hətta V.Yushenko da öz reytinqi haqqında düzgün təsəvvürə malik deyil.

Bütün hakimiyyətlər xalqın, cəmiyyətin adından danışmağı çox sevir. Amma əksər hallarda onların cəmiyyətin nə düşünməsindən xəbəri belə olmur. İnsanların ağzını yumanda düşünürlər ki, onların beyinlərini də nəzarətə götürürlər. Fəqət, belə deyil, insana düşünməyi yasaq etmək qeyri-mümkündür. O, bir müddət susa bilər, amma düşünməkdə, çək-çevir etməkdə davam edəcək...

Hakimiyyəti əgər insanların onlar haqqında nə düşündüyü maraqlandırırsa onda onlar ictimai rəyi öyrənən, özü də doğru-dürst öyrənən sosioloji şəbəkələr qurmalıdırlar. Hətta bir yox, bir neçə seçkinin saxtalaşdırmaq olar.

Amma sənin əlində ölkənin elektoral mənzərəsi yoxdursa onda bir gün özün də gözləmədiyin halda cəmiyyətin böyük təpkisi ilə qarşılaşacaqsan...

İNSTİTUSİONAL ETİMADSIZLIQ

Əvvəldə dedik ki, hətta demokratiyalar da neqativ hallardan sığortalanmayıb. Bu, təkcə Ukrayna üçün xarakterikl deyil. Qonşu Türkiyəni götürün. Demokratik ölkədir. Amma baxın görün nə boyda korrupsiya qalmaqalı üzə çıxıb! Hətta elə vəziyyət yaranıb ki, adam daha əvvəlki kimi Türkiyəni digər ölkələrə nümunə göstərə bilmir, “Türkiyə bir örnəkdir!”-deyə bilmir.

Amma bu ölkədəki mərəzin çarəsini də yenə demokratiyanın özü verdi- aşağı çinli məmurlar öz karyeraları, hətta həyatları ilə risk edərək yüksək vəzifəlilərə qarşı cinayət işi açdılar, onları məsuliyyətə cəlb etdilər.

Ukrayna özü də müəyyən mənada bu sxemə uyğun gəlir- bəli, V.Yanukovich sərbəst və azad seçkilər yolu ilə seçilmişdi, amma o, demokratiyanın gücünü hesablaya bimədi, ona görə də hakimiyyətdən getməli oldu...

Demokratiyada belə bir anlayış var-institusional etimadsızlıq. Bu, hamının hamıya nəzarəti deməkdir.

Bunsuz mümkün deyil. İnsanlar sayıqlığını bircə an belə itirərsə dərhal siyasi fəlakət baş verər- bir də ayılıb görərlər ki, onların hətta demokratik yolla seçdikləri prezident özü üçün 650 milyon dollarlıq sərvət toplayıb... Ona görə ki, nəzarətsiz insan reallıq hissini itirir. Hakimiyyət reallıq hissini itirəndə isə ən ağlagəlməz işlər baş verir- bir də baxıb görürsən ki, meydanların ətrafında snayperlər yerləşdiriblər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.