Avropaya doğru kiçik addım

Foto: Arxiv

-
Azərbaycan kimi dövlətlərin «üstünlüyü» ondadır ki, onlar təsadüfdən təsadüfə hansısa ciddi beynəlxalq sənəd imzalayırlar, amma imzalayanda onun təsdiq edilməsi, parlamentdə ratifikasiyası ilə bağlı problem yaranmır.

Əsl demokratik dövlətlər isə belə deyil. Orada hökumətin bir sənəd imzalaması hələ işin yarısı deməkdir, onu parlamentdən keçirtmək üçün əməlli-başlı «vuruşmaq» lazım gəlir.

Rəsmi Bakı özünün siyasi aqibətindən ehtiyat edərək...
Budur, Azərbaycan parlamenti bir neçə dəqiqə ərzində ötən ilin sonunda Avropa Birliyilə (AB) imzalanmış viza rejiminin sadələşdirilməsi haqqındakı sazişi ratifikasiya etdi.

Bunu Avropaya doğru kiçik addım adlandırmaq olardı. Hərçənd ötən il böyük saziş paketindən yalnız bunun imzalanması məyusluq yaratmışdı.

Elə indi də, xüsusən də Ukraynada baş verən proseslərdən sonra əksəriyyət belə düşünür ki, rəsmi Bakı özünün siyasi aqibətindən ehtiyat edərək AB ilə tam sazişlər paketini imzalamadı.

ƏN BÖYÜK MÜXALİFƏT...

Amma ölkədə ciddi bir etiraz (Ukraynadan fərqli olaraq) da yaşanmadı. Bəlkə də bunu nəzərdə tutaraq rəsmi dairələr yarıciddi, yarızarafat deyirlər ki, bizim ən böyük müxalifətimiz ölkədən kənardadır.

Elə bu səbəbdən də hakimiyyət özünə əziyyət verərək siyasi sistemin mahiyyətini pərdələməyə, ört-basdır etməyə çalışmır. Bunun bariz nümunəsi Ə.İnsanovla bağlı keçirilən məhkəmə prosesləridir. Səhv etmiriksə, artıq dünyanın heç bir yerində müttəhimi qəfəsdə əyləşdirmirlər. Onlar ya vəkillərinin yanında, ya da bir qədər kənarda otururlar. Ə.İnsanovu isə son iclaslarda şüşə qəfəsdə əyləşdirdilər. O, İ.Əliyevdən danışmağa başlayanda isə mikrofonu ümumiyyətlə söndürdülər.

Bu cür məhkəmə prosesləri bəlkə də Nürenberq tribunalı zamanı olmamışdı.

Ona görə də Avropa ilə siyasi təmaslarını artırdıqca hakimiyyət öz mahiyyətində müsbət dəyişikliklər etməkdənsə, əksinə bir az da neqativ məzmun kəsb etməyə başlayır. Ona görə də bilmək olmur, Avropaya doğru atılan hər kiçik addıma sevinmək lazımdır, yoxsa buna tamam etinasız yanaşmaq?

Ukraynada baş verən proseslər bu rəqsi hərəkətə son qoya bilər
Elə insanların da passiv münasibətini bununla yozmaq olar. Onlar belə hallara, Avropa ilə yaxınlaşma aktlarına hakimiyyəti məhdudlaşdıran proses kimi yox, daha çox onun siyasi mövqeyini gücləndirən addımlar kimi baxırlar.

UKRAYNA ÇOX ŞEYİ DƏYİŞƏ BİLƏR...

Amma bütün bunlar nə vaxtsa hakimiyyətin əleyhinə də yönələ bilər. İndi, o, Rusiya ilə Avropa arasında çox məharətlə manevr edir. Fəqət, Ukraynada baş verən proseslər bu rəqsi hərəkətə son qoya bilər.

Ukrayna prezidenti diqqəti bir qədər özündən uzaqlaşdırmaq üçün məzuniyyət götürdü.

Amma etirazlar sabit templə olmasa da hər halda davam edir. Artıq Ukraynada ümumiyyətlə prezidentlik institutunun ləğv edilməsi haqda təkliflər səslənir. Amma həmin təkliflə daha çox parlamentdəki kommunist bloku çıxış edir.

Ukraynanı müdafiə etmək Rusiyaya qarşı müharibə açmaq demək deyil
Ola bilsin, onlar hiss edir ki, prezidentlik postunu saxlamaq çətin olacaq. Ona görə də özlərini sığortalamağa çalışırlar.

Bütün hallarda Ukraynadakı hadisələrdən çox şey asılıdır. ABŞ politoloqu Z.Brzezinski bu yaxınlarda demişdi ki, indiki halda Ukraynanı müdafiə etmək Rusiyaya qarşı müharibə açmaq demək deyil, ona normal post-imperiya dövləti olmaqda kömək etməkdir.

Bəlkə də bu çağırışa cavab olaraq ABŞ dövlət departamenti bir neçə dəfə Ukrayna müxalifətini müdafiə edən bəyanatlarla çıxış etdi.

UKRAYNADAN İRƏLİ KEÇMƏMƏK...

Azərbaycan həmişə «Ukraynadan irəli keçməmək» siyasəti yürüdüb. Ona görə də Ukraynada Qərb tendensiyası qalib gələrsə «güclünü duymaq intuisiyası» o həddə çatacaq ki, Azərbaycana da öz geosiyasi oriyentasiyasında ciddi düzəliş etməyi diktə edəcək.

Amma bu, cəmiyyətə nə verəcək? Azərbaycan Avropanın əsas enerji partnyorlarından biri kimi qalacaq, yoxsa Avropa dövləti olacaq? Məsələ ondadır ki, Qərbin geosiyasi və geoiqtisadi partnyoru statusunu almaq indiki siyasi sistemi gücləndirə də bilər, onun siyasi təminatı olar.

Ən azı ona görə ki, H.Mubarak-ın 30 illik hakimiyyəti müəyyən mənada həm də Qərbin ona qarşı loyallığının nəticəsi idi...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir