Böyük azadlıq savaşı

Ukrayna

-
V.YANUKOVYCH ALDATMAĞA ÇALIŞIR...

Buna əsəb savaşı deyənlər və situasiyanın lap yaxın günlərdə tərəflərdən hansısa birinin xeyrinə müəyyənləşəcəyini iddia edənlər var.

Amma bizə daha çox elə gəlir ki, bu, bir azadlıq savaşıdır və “narıncı inqilabın” davamıdır.

Bir sözlə, heç cür sakitləşə bilməyən Ukraynada siyasi proseslər yenə də məcrasından çıxdı, hökümətlə etirazçılar arasında növbəti qarşıdurma yaşandı. Əslində belə də olmalı idi.

Bu qanunların repressiv məqsədlər üçün qəbul edildiyinə heç bir şübhə yox idi
Etirazçılar meydanları boşaltmamış V.Yanokovych hökuməti demokratik hüquq və azadlıqları bu və ya başqa şəkildə məhdudlaşdıran düz 10 qanunu parlamentdən keçirtdi.

Qanunlar da adi qanunlar deyildi. Onlar diffamasiyanın yenidən kriminallaşdırılmasından tutmuş deputatların səlahiyyətlərinin alınmasının asanlaşdırılmasına qədər bütöv bir spektri əhatə edirdi.

Bu qanunların repressiv məqsədlər üçün qəbul edildiyinə heç bir şübhə yox idi-bir tərəfdən medianı, jurnalistləri buxovlamağa cəhd edir, o biri tərəfdən də onların siyasi dayaqlarını, parlamentdəki müxalifət fraksiyasını zəiflətməyə çalışırlar.

Etirazçılar da bunu dərhal duydular. Yadıma gəlir ki, Vilnüs sammitindən dərhal ölkəyə dönən müxalifət liderlərindən biri o vaxt demişdi ki, B.Yanukovych familiyasını dəyişib Lukashenko qoya bilər...

O, haqlı çıxdı. Əgər bu müddət ərzində V.Yanukovych-in davranışına nəzər salsaq bir qənaətə gəlmək olar: o, insanları aldatmaq istəyir...

Bu adamlar Avropadan kabusdan qorxan kimi ehtiyat edirlər
Bu yaxınlarda belə deyildi ki, bu adam iki ay ərzində Avropa Birliyilə danışıqlar platformasını hazırlamaq üçün göstəriş verib. Amma onun səmimiliyinə heç inanmaq olarmı?

AVROPA XOFU

Bu adamlar Avropadan kabusdan qorxan kimi ehtiyat edirlər. Ölkənin Avropaya inteqrasiya edəcəyi təqdirdə özlərini kürsüdə təsəvvür etmirlər. Kürsü isə onlar üçün hər şey deməkdir.

Adam düşünür ki, nə qədər tanış sindromdur! Kürsüyə vurulan bir neçə avtoritar lider az qala öz millətinin boğazında kal armuda çevrilib, millət ha çalışır, onları nə geri qaytara bilir, nə də ki, uda bilir...
Amma güman edirik ki, V.Yanukovych-in 2015-ci ildə də prezident olmaq sevdası baş tutmayacaq, hər halda çox çətin olacaq, ona görə ki, Ukraynanın müxalifətçiləri o vaxta qədər ölkələrini Avropada görmək niyyətindədirlər.

SONU GÖRÜNMƏYƏN SAVAŞ

Qəribədir, başqa ölkələr çoxdan azadlığa çıxıblar. Amma bir neçə ölkənin taleyinə sanki sona qədər azadlıq uğrunda vuruşmaq yazılıb.

...amma bir neçə ölkənin taleyinə sanki sona qədər azadlıq uğrunda vuruşmaq yazılıb
Ukraynadakı kimi kütləvi etirazlar olmasa da fərdi mübarizə cəhdlərinə görə Azərbaycan da eyni vəziyyətdədir.

Amma nə qədər qəribə olsa da, bura Ukraynadan çox az, bircə qarış irəlidədir. Burada adamları Lenin-in heykəlini sındırdıqlarına görə çək-çevirə salmırlar. Ona görə ki, bunlar Lenin-i də özlərinə rəqib görürlər.

V.Yanukovych sədaqətli oktyabryat və pioner kimi fikirləşir ki, əşi, Lenindir də, qoy, dursun orada. Amma burada hər şey ölçülüb-biçilib, hər şey müəyyənləşib, buranın öz Lenin-i var, həm də kimə heykəl qoymaq olar, kimə olmaz- bu, strateji məsələdir
Budur, M.Ə.Rəsulzadənin 130 illiyi yaxınlaşır. Amma heykəl bir tərəfə, heç adının harasa verilməsi haqda bir söhbət yoxdur.

Səbəbi? Bilmirik. Yəqin, M.Ə.Rəsulzadə YAP-ın təsis qurultayında iştirak etməyib, H. Əliyevi Bakıya dəvət edənlərin arasında olmayıb, heç “91-lər”in də siyahısında adı yoxdur.

Amma burada “barmağımızı dişləməli” oluruq: indi heç “91-lər”-i də saymırlar. Məgər Ə.İnsanov da “91-lər”dən deyildimi? İndi dəbdə 93-dən sonrakılardı!

Ona görə də azadlıq uğrunda çox çarpışmaq lazım gələcək. Elə ukraynlılarla bir yerdə.

Ukraynalılara da V.Yanukovych-lə o qədər də asan olmayacaq, o, V.Yushenko deyil
Ukraynalılara da V.Yanukovych-lə o qədər də asan olmayacaq. O, V.Yushenko deyil. Etirazların başlanmasının elə ilk günündə kürsüdən danışdı. Dedi ki, biz burada ona görə oturmamışıq ki, elə ilk həmlədə durub qaçaq.

Bu da tanış sindromdur. Bizdə də əlini stola döyəcləmək, “Bu kürsünü mənə xalq verib!” demək dəbdə idi. Dəb də elə bir şeydir ki, dövr edir. Üç ildən, beş ildən bir bir də görürsən ki, qayıtdı-lap Ukraynadaki kimi…

Demokratiya sayıqlıq tələb edir. Ukraynalılar azacıq boşalsalar Rusiyadan 15 milyard dollar qoparan (3 milyardı çatıb!) V.Yanukovych “vintləri” bərkidəcək. O vaxt artıq gec olacaq...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir