Ankara, Əsri məzarlığı… Böyük yubileyə 17 gün qaldı

Rəsulzadənin məzarı

-
Böyük yubileyə cəmi 17 gün qalıb, əziz oxucum!
Çevrədə, yan-yörədə, ətrafda sükunətdir.
Bu sükunəti, yüngülcə də olsa, pozmağa çalışaq.

ƏMİN BƏYİN MƏZARI ANKARADA QALSIN, YA BAKIYA GƏTİRİLSİN?

Əmin bəyin Ankara Əsri məzarlığına gömülən nəşinin Azərbaycana gətirilməsi zaman-zaman medianın gündəminə gəlir.
Onun Bakıya gətirilməsinin qızğın tərəfdarları var.
Ankarada uyumasını istəyənlər də çoxdur.
Mən ikincilərdənəm.
Əmin bəy 36 yaşındaykən doğulduğu şəhərdən, Cümhuriyyət qurduğu ölkədən getməyə məcbur oldu.
Ağlına da gəlməzdi ki, elə o qədər də qürbətdə ömür sürəcək…
Əmin bəy inanmazdı.
Çünki O, bizim onu tanıdığımızdan daha müdrik idi.

ŞƏR MÜTLƏQ XEYRƏ YENİLƏCƏK!

Əmin bəy Şərin mütləq Xeyrə yeniləcəyinə əmin idi.
Sadəcə, buna ömrünün çatıb-çatmayacağını düzgün hesaba almamışdı.
Əmin bəy bolşevik diktaturasının süqutunu hamıdan aydın görürdü, yazılarında bunu hamıdan yaxşı təsvir edirdi.
Odur ki, Bakıya – doğma yurda qayıdacağına əmin idi Əmin bəy!
Uzun illər onun yazdıqlarını oxuyandan sonra bu qərara gəldim ki, Əmin bəy bizim onu tanıdığımızdan daha böyük şəxsiyyətdir.
O, idealları yolunda hər şeyini qurban verdi.
Hansımız buna hazırıq?
Hərdən düşünürəm, görəsən, mən, tutaq ki, öz canım-ciyərim oğlumu Vətəndə qoyub da, ideallarımın peşində qürbətə – bilinməzliyə köç edə bilərəmmi?
– Yox!!!
Düzünü deyirəm…
Amma Əmin bəy uşaqlarını taleyin (oxu: bolşeviklərin) ümidinə buraxıb ideallarının peşindən getdi.
Onun övladlarının sonunun necə olduğu hamımıza bəllidir…
Amma o, hər şeyi göz önünə aldı, mübarizəsindən, əqidəsindən dönmədi.
O, doğru yolda olduğuna, gec-tez ideallarının doğrulacağına əmin idi.
Odur ki, bir daha vurğulayıram – Əmin bəy bizim onu tanıdığımızdan daha böyük insan idi.

ÖZÜ ANKARADA UYUMAQ İSTƏRDİ, YOXSA BAKIDA?

Görəsən, bu müdrik adam məzarının Ankarada əbədi qalmasına necə baxardı?

Ankarada Rəsulzadənin dəfni - 1955

Vətənə dönmək istərdi, yoxsa Əsri məzarlığını tərcih edərdi?
Burada mənim yadıma Əmin bəyin öz sözləri düşür.
1934-cü ildə Əlimərdan bəy Topçubaşov Parisdə dünyasını dəyişəndə, bu ölümə ən çox üzülənlərdən biri də Rəsulzadə oldu.
Parisə getdi, onun məzarı başında nitq söylədi, Əlimərdan bəyin bütün xidmətlərini birər-birər sadaladı və sonda dedi:

«Ey davamızın yorulmaq bilməyən vəkili! İndi sənə xitab edirəm! Sən vəzifəni yapdın. Üzərinə aldığın davanı son imkanına qədər yürütdün. Fəqət əcəl sənə aman vermədi. İstəmişdin ki, bütün həyatını sərf etdiyin Azərbaycan qurtulsun və sən də oraya dönəsən. Həm də təkcə özün və arkadaşlarınla deyil, istəmişdin ki, çox sevdiyin oğlunun burada əmanət buraxılan nəşini də özünlə bərabər alasan və məmləkətə öylə qovuşasan. Çox çəkməz məmləkət qurtular! Və o zaman mütəşəkkil millət ilk parlamentinin rəisini, İstiqlal davasının vəkilini xatırlar, gələr səni oğlunla bərabər buradan alar, arzu etdiyin Vətən torpağına gətirər və xatirəni əbədiləşdirər…».

QAYIDIŞIN KONTURLARI BELƏ CIZILIB:

Məncə, yuxarıda verdiyim sualın cavabı aydın oldu. Əmin bəy də, Əlimərdan bəy də, elə Ceyhun bəy də Vətəndə gömülmək istərdilər.
Amma Əmin bəy matəm çıxışında bu qayıdışın konturlarını az-çox cızır.
Xüsusi vurğulayır ki, «istərdin ki, bütün həyatını həsr etdiyin Azərbaycan qurtulsun», «mütəşəkkil millət ilk parlamentinin rəisini, İstiqlal davasının vəkilini xatırlasın» və s.

BİZ MÜTƏŞƏKKİL MİLLƏT OLA BİLMİŞİKMİ?

Növbəti sualım belədir: Azərbaycan istiqlal davası mücahidlərinin arzuladıqları, uğrunda vuruşduqları ölkəyə çevrilə bilibmi?
Biz mütəşəkkili millət ola bilmişikmi?
Əgər çevrilibsə, biz mütəşəkkil millət olmuşuqsa, məzarlar Vətənə gətirilə bilər.
Əgər çevrilməyibsə, biz hələ də mütəşəkkil millət ola bilməmişiksə, o məzarlar o yerlərdə qalmalıdır!
Bax, mən o üzdən ikincilərdənəm!
Heç olmasa, bu böyük dünyada müqəddəs sandığımız yerlər var.
Onlardan biri də, Ankara Əsri məzarlığıdır.

(Silsilə davam edəcək)

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.