Köhnələrlə yeni həyat arzusu

Rəşid Şerifin karikaturası

-
Bir qədər keçmişin söhbətidir. Tələbəlikdə bir tacik dostum vardı. Hər dəfə bazar ertəsi gələndə deyirdi ki, daha yeter, bu gündən yeni həyata başlayacam. Bazar ertəsi də keçirdi, istirahət günü də başa çatırdı, amma o, təzə həyata başlaya bilmirdi ki, bilmirdi...

İndi biz də yazının adını “ Köhnələrlə yeni həyat arzusu” qoyduq. Hətta keçmiş kolxozların adı ilə bir qədər assosiyasiya yaratsa da...

...həyat tamam dəyişərdi
Amma maraqlı olardı, deyilmi? Təsəvvür edin, məmurlar birdən qayıdıb deyirlər ki, artıq yetər, bizim də ləyaqətimiz var, daha rüşvət götürməyəcəyik. Müəllim ərz edir ki, daha mühazirəni kitabdan oxumayacam. Tələbə buyurur ki, imtahanları rüşvətlə verməyəcəm...

Doğrudan da, həyat tamam dəyişərdi. O qədər dəyişərdi ki, dönüb özümüzü də tanımazdıq.

Amma realdırmı? İnanmırıq. Adam hətta təptəzə ildə də buna inana bilmir. İnsanlar, xüsusən də asiyalılar dəyişilikləri o qədər də sevmirlər. Dünyanın ən pis vərdişlərini özlərinə peşə edirlər. Adına da deyirlər milli adət-ənənə. Bir söz deyəndə də qayıdırlar ki, bala, bəs, xalqımızın adət-ənənələri var, babalarımız yol qoyub gediblər- böyük var, kiçik var...

Ona görə də fikirləşirsən ki, hər şey necə var, elə də qalacaq- hakimiyyət elə hakimiyyət kimi, müxalifət də müxalifət kimi... Ona görə ki, bu ölkədə insanların sözünün, hərəkətinin təpəri azdır...

Nədənsə axır vaxtlar “ Oblomov” romanı yadımıza düşür. Bəli, biz də yaman meşşanlaşırıq. Günümüz divanda keçir. Bu kompyuter də bir bəhanə olub, guya onunla bərk məşğul oluruq...

“ORTA ƏSRLƏR” SÖHBƏTİNƏ KİÇİK DÜZƏLİŞ

Bəzən nəyisə pisləmək istəyəndə deyirlər ki, bəs, bu ki, orta əsrlərdir! Ürəyi yanan, Azərbaycandakı vəziyyəti dolğun-dürüst təsvir etmək istəyənlər də bir də görürsən ki, deyir ki, əşi, oralarda hələ orta əsrlərdir...

İndi insanlar elə bil kiçilib, balacalalaşıb
Amma biz orta əsrlər haqqında o qədər də bədgüman deyilik. O vaxt insanlar riskli həyata, fəal həyata daha meylli idilər- uzaq ölkələrə səfərlərə çıxırdılar, böyük coğrafi kəşflər edirdilər.

Bütün böyük coğrafi kəşflər orta əsrlərdə edilmişdi...

Bəli, o çağlar üçün nostalgiya Don Kixotu, M. Servantesi yaratdı. Qədim Ellada və qədim Roma üçün nostalgiya isə Nitşeni yaratdı... Hər iki hadisə möhtəşəm idi. Ona görə ki, xiffəti çəkilən dövrlərin özü möhtəşəm idi.

İndi insanlar elə bil kiçilib, balacalalaşıb. Uzağa niyə gedək, elə öz ölkəmizi götürək. Demokoratik şəkildə idarə edə bilmirlər. Səbəb?

BELƏ DAHA RAHATDIRMI?

Ona görə ki, bu, bir az çətindir. Belə halda hakimiyyətdə qalmaq üçün daha vicdanlı olmaq lazım gəlir. Amma indiki vəziyyət rahatdır. Nəyinə lazımdır demokratiya? Seçkiləri bildiyin kimi keçir, aksiyalara icazə vermə, qəzetləri daim təpki altında saxla...

Adamda da bu qədər tamah olar?
Heç kim danışmır, təkcə sən danışırsan. Hətta mənasız bir şey danışsan da, desən də fərqi yoxdur, ona görə ki, opponentin yoxdur. İnsanların müqayisə etmək, daha doğrunu, daha düzgünü seçmək imkanları yoxdur. Hətta yalan da danışa bilərsən, çünki canlı olaraq nə sən camaatı görürsən, nə də ki, camaat səni görür...

Ona görə də belə idarə etmək daha asandır. Həm də bu tamah... Onu da həmişə xatırladırıq ki, bununla bağlı ictimai qınaq yaransın. Adamda da bu qədər tamah olar?

Çox maraqlıdır ki, hakimiyyət öz maraqlarına cavab verən şeyləri ictimai qınaq səviyyəsinə qaldıra bilir. Cəmiyyət isə... Onlar bunu aydınlaşdırmaq əvəzinə başlayırlar qarşı tərəfdən gələn ssenarini oynamağa...

Bəlkə də bunun bir səbəbi odur ki, insanlar yorulur. Hətta politologiyada belə bir yorğunluğu ehtiva edən prinsip də var. Maraqlıdır, Gürcüstana, Ukraynaya baxırıq, orada yorğunluq görmürük. Hələ onu demirik ki, bizim bu fransız dostlarımız bir əsrdə az qala dörd dəfə inqilab ediblər... Elə başqa xalqların da tarixi belə faktlarla zəngindir.

SİNİZMDƏN BAŞQA YOL VARMI?

Bəzən deyirlər ki, prosesləri süni şəkildə sürətləndirməyin faydasından çox ziyanı var. Razıyıq. Amma o vaxta qədər ki, əmin olursan ki, qarşı tərəf bunu etmir. Amma etmirlərmi? Məsələ də ondadır ki, edirlər, prosesləri süni tərzdə ləngidirlər...

Ləngimə olan yerdə isə sürətləndirmək cəhdi təbii görünür. Təsir əks-təsirə bərabərdir...

Etsəydilər yeni həyat haqda bu qədər mərsiyyə yazardıqmı?
Əslində siyasi süstlüyün bir səbəbi də odur ki, insanların böyük əksəriyyəyi üçün birinci kürsüdə kimin oturmağının elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, ölkəni sivil qaydada idarə etsinlər. Amma edirlərmi?

Etsəydilər yeni həyat haqda bu qədər mərsiyyə yazardıqmı? Yazmazdıq və başqa mövzulara keçərdik. Yeni həyata başlamaq isə təəssüf ki, təzə yaşayış massivinə köçmək deyil...

Amma illər keçəcək, bu gün baş verənlər bəlkə də tarix səhifəsinə heç düşməyəcək. Sovetlərin 70 illik hakimiyyətindən tarixdə heç yeddi səhifə qalmayıb.

Bəzi adamlar bunu düşünüb rahatlaşır, bəziləri də sinizm yolunu tuturlar-hər şeyə lağ edir, hər şeyə ironiya ilə yanaşırlar.

Dediklərinə görə bu, dəli olmaqdan hifz edir... Bəlkə də? Kim bilir?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir