Ehtiyac əsirləri

Rəşid Şerifin karikaturası

-
Bəzən elə təsəvvür yaranır ki, dəyişikləri inkar edirik. Amma nəniki mərkəzdəki, hətta əyalətlərdəki dəyişiklilkləri də inkar etmirik. Dəyişiklik var. İnsanlar da bir qədər dirçəliblər. Amma bu, daha çox maddi dəyişiklikdir. Ölkə, xüsusən də əyalətlər hələ də mənəvi sıxıntı ocağı kimi qalır.

Üstəlik, insanların vəziyyəti azca yaxşılaşan kimi, gəlirləri bir az artan kimi növbəti bahalaşma kampaniyası başlayır. Təkcə 2000-ci illərdə iki belə böyük kampaniya olub.

Bir parça çörək ver, onda insanlar sənin ardınca gedərlər...
Elə bil insanları qəsdən bu hala salırlar ki, onları idarə etmək daha asan olsun. Ona görə ki, ehtiyac içində olan adamı idarə etmək daha asan olur. İnsan çətin duruma düşəndə “yüksək materiyalar” haqda düşünmür, bir parça çörəyin əsirinə çevrilir.

Burada F.M.Dostoyevskinin məşhur İnkivizitorunu necə də xatırlamayasan?

O, İsa Məsihin özünə məsləhət görürdü ki, insanlara azadlıq vermək haqda düşünməsin, çünki onlara azadlıq lazım deyil, onlara bir parça çörək ver, onda insanlar sənin ardınca gedərlər...

Axırda da deyir ki, sən mənim işimə qarışma, mən bunları yaxşı idarə etməyin yolunu bilirəm, yaxşısı budur, sən çıx get...

Bəli, bir parça çörək məsələsi elə-belə şey deyil. “İncil”in özündə var bu məsələ, onu F.Dostoyevski uydurmayıb. Yadınıza gəlirmi Məsihin bir balıqla yüzlərlə adamı doyuzdurması?

Hərdənbir adam özündən də şübhələnir
Bəli, bir parça çörək çox böyük məsələdi. İndi böyük mühacirətlər dövrüdü, hamı hərəkətdədir- əyalətlərdən Bakıya, Bakıdan isə uzaqlara doğru gedirlər. Soruşursan hara, niyə gedirlər? Cavabı da bu olur ki, bir parça çörək dalınca gedirlər...

Soruşursan ki, filan yerdə necə yaşayırsan? Filan yerdə, filankəslə necə işləyirsən? Soruşursan ki, niyə susdun, filankəsin cavabını niyə vermədin? Bu sualların hamısının bir cavabı olur: bir parça çörəyə görə...

Elə özümüz də artıq yorulmuşuq. Hərdənbir adam özündən də şübhələnir. Fikirləşirsən ki, bəlkə biz özümüz də... Bəli, bəlkə biz özümüz də bir parça çörəyin əsirinə çevrilmişik?

Bir dəfə Naxçıvandan Bakıya dönəndə özümüzü Azadıstanda hiss etdiyimiz kimi tallinli də Bakıdan Tallinə qayıdanda özünü az qala əsl Azadıstanda hiss edir...

Ona görə də nə qədər ki, bu ölkədə bir parça çörək məntiqi var, hələ çox çətin olacaq. Naxçıvan Bakıya çatmayacaq, Bakı da Tallinə...

...sadəcə, ədalətsiz və ədalətli bölgü sistemi var
Özü də həmin bu dilimizi bağlayan bir parça çörəyin ucbatından, çünki heç kim yeni nəsə qazanmaq haqda düşünmür, hamı itirməkdən qorxur. İtirməli şey isə bir parça çörəkdir...

F.D.RUZVELTİN DÖRD AZADLIĞINDAN BİRİ...

F.D.Ruzvelt insanları ehtiyacdan azad etmək haqda yazırdı. İlk baxışda bu, bir qədər fantastika kimi görünə bilər. Amma artıq fantastika deyil. Qərbdə insanın ac qalması, xüsusən də acından ölməsi demək olar ki, mümkün deyil. Bu, yalnız Afrikada, Asiyada mümkündür. O Afrikada və Asiyada ki, onun bəlkə altı da, üstü də qızıldır.

Elə ona görə də bəzən fikirləşirsən ki, əslində dünyada sərvətsiz, resurssuz ölkə yoxdur. Bütün ölkələrin hansısa dünya resurslarına çıxışı var. Dünyada sadəcə, ədalətsiz və ədalətli bölgü sistemi var.

İndi Azərbaycanda on minlərlə neftçini ixtisar etmək istəyirlər. Qərbdə belə addımı atmamışdan öncə bir qədər fikirləşərdilər. Ona görə ki, bu yollarla əldə edilən gəlirlərin bir hissəsini yenə də sosial müavinətlər şəklində həmin insanlara qaytaracaqlar.

İnsanlar da orada, Qərbdə belə məsələlərlə bağlı elə də böyük təlaş keçirmirlər, baxmayaraq ki, buna yaxşıca etiraz da edirlər, mütəşəkkil şəkildə etirazlara çıxırlar.

Mərhəmət ayı deyilən aylarda bazarlar və dükanlar “od tutub yanır”
Amma zarafatlarından da qalmırlar. Deyirlər ki, əgər bir iş yeri bağlanmasa, o birisi açılmaz.

Belə nikbinlik əsassız da deyil. Ona görə ki, oralarda bir parça çörək problemi yoxdur.

Niyə yoxdur? Bir qədər əvvəldə ərz etdik ki, orada effektiv sosial-siyasi institutlar var. Ən maraqlısı isə budur ki, insaf, mərhəmət haqqında ən çox Asiyada, xüsusən də Şərq ölkələrində danışırlar. Amma mərhəmət ayı deyilən aylarda bazarlar və dükanlar “od tutub yanır”, qiymətlər o qədər artır ki, adam onlara yaxınlaşa da bilmir.

Ən başlıcası isə ildə bir ay mərhəmətli olmaqla da (hətta belə olsa da!) bir şey düzəlmir. Həm də insanlara xırda sədəqələr deyil, yaxşı maaş və normal həyat, yaşayış lazımdır.

Bunu isə yalnız ədalətli bölgü olacağı təqdirdə etmək mümkündür. Bütün başqa deyilənlər bir fəlsəfədir, həyatdan uzaq, mücərrəd bir fəlsəfə...