Nəsillərin yükü

Rəşid Şerifin karikaturası

-
İlin sonunun və bir də başlanğıcının mövzusunu təbiətin özü verir. Əgər ilin sonunda yekunlar haqda yazmaq dəbdirsə, ilin əvvəli də proqnozlarla zəngin olur.

Əslində il bir təqvimdir, ədəddir. Amma bir də görürsən ki, insanların fəallığı hansısa ilə təsadüf edir, hansısa il hadisələrlə zəngin olur. Müasir elm hələ ki, bunun sirrini bilmir. Bunu passionar takanlarla izah edənlər də var, hətta onun izahı üçün təbii hadisələri-günəş partlayışlarını önə çəkənlər də...

Ötən il elə bir siyasi tapmaca qoymadı
Amma əsas bu, deyil. Odur ki, artıq növbəti il gəlib və bu il ölkə siyasəti üçün də, bölgədəki proseslər üçün də nəsə vəd edir.

ÖTƏN İLİN SİYASİ TAPMACASI

Yaxın dairədəki proseslərə baxanda ötən il elə bir siyasi tapmaca qoymadı. Bəlkə də yeganə açılmamış siyasi düyün Gürcüstan oldu. Ötən ildə Rusiyadan siyasi dəstək alan iş adamı B.İvanişvili M.Saakaşvili hakimiyyətinə son qoydu və yeni prezidenti hakimiyyətə gətirdi.

Amma B.İvanişvili primitiv adam olmadığını da sübut etdi. Çoxu onun timsalında öz iqtisadi qüdrətini siyasi hakimiyyətlə tamamlamağa çalışan bir iş adamını görürdü. Fəqət, belə olmadı. B.İvanişvili vəd etdiyi kimi postunu tərk etdi.

Amma ondan suallar, bir də siyasi qeyri-müəyyənlik qaldı. Avropa Birliyilə Assosiasiya sazişinin imzalanması məsələyə bir az aydınlıq gətirsə də demək olmaz ki, o, tamam çözüldü. Suallar yenə qalır.

Müxalifət çox ləng birləşdi, amma...
Yeni prezident nə edəcək? O, hansı kursu tutacaq? Bu sualdan müəyyən mənada bölgədəki proseslər də asılıdır.

HAKİMİYYƏT GÜCLƏNDİ, MÜXALİFƏTSƏ YENİDƏN...

Qayıdaq Azərbaycana. Ötən il İ.Əliyev özünün şəriksiz hakimiyyətini bir az da gücləndirdi. Müxalifət çox ləng birləşdi, amma çox tez dağıldı. İndi yenə də Azərbaycan növbəti ilə güclü hakimiyyətlə və zəif müxalifətlə gedir.

İl sosial baxımdan mürəkkəb olmağı vəd edir. Bahalaşma illəri həmişə belə olur. Amma bahalıq, sosial narazılıq heç də həmişə dinamik siyasi proseslərə gətirib çıxarmır.

Məsələ lap əvvəldən siyasi deyildimi?
Bəzən deyirlər ki, insanlar ölkədə aparılan siyasətdən razıdırlar. Amma belə deyil. Elə bu günlərdə Qarabağ əlili özünə qəsd etmədimi?

Biz də bu məsələni siyasiləşdirmək istəməzdik. Amma məsələ lap əvvəldən siyasi deyildimi? Qarabağ əlili hansısa fəlsəfi-mənəvi və yaxud da məişət probleminə görə özünə qəsd etməmişdi.

Məsələ elə əvvəldən sosial-siyasi idi. İnsanlar ənənəvi üsullarla bu hakimiyyətə təsir etməyin mümkün olmasına inanmırlar. Ona görə də siyasi aksiyalara inam yoxdur. Amma bu o demək deyil ki, total razılıq var, hamı ölkədə aparılan siyasətdən razıdır.

Ötən il Milli Şura kütləvi olmağa cəhd etdi, amma...
Sadəcə, sistemli sosial-siyasi etiraz olmadığına görə hakimiyyət tərəfindən sistemli güzəşt də yoxdur. Yalnız sistemli etirazlar bu hakimiyyəti nəyəsə vadar edə bilər, ona görə ki, bu hakimiyyət yalnız güclə hesablaşır.

Fikriniz başqa ölkələrə getməsin. Oralarda siyasi mədəniyyət böyükdür. Ona görə də ictimai rezonansa səbəb olan istənilən hadisə siyasi prosesə gətirib çıxarır...

KÜTLƏVİLİK KEÇMİŞDƏ QALDI?

Ölkə müxalifətinə gəldikdə isə sırf seçki müxalifəti yaranıb. Bu müxalifət öz gücünü yalnız seçkinin bəzi mərhələlərini aşmaq üçün səfərbər edə bilir- onlar imza toplaya bilir, namizədlər irəli sürürlər... Amma seçkinin saxtalaşdırılmasının qarşısını almaqda, bunun üçün zəruri etirazlari təşkil etməkdə acizdirlər. Bu partiyaları haradasa “kadr partiyası”na yaxın partiyalar kimi səciyyələndirmək olar. Onlar kütləviliklərini itirmiş partiyalardır. Bir çox hallarda onlar kütləviləşməyə cəhd edir, ictimai-siyasi birliklərə çevrilməyə cəhd edirlər. Amma bu, baş tutmur.

Hakimiyyətin ondan üstünlüyü odur ki...
Ötən il Milli Şura kütləvi olmağa cəhd etdi, amma alınmadı. Elə hakim siyasi partiya da özünün kütləviliyini inzibati resurslar hesabına təmin edir. Elə onu hakimiyyətdə saxlayan da inzibati resurslardır. Hakimiyyətin ondan üstünlüyü odur ki, onun polisi, qoşunu var, müxalifətin isə belə atributları yoxdur...

Bir sözlə, ölkə növbəti ilə dəyişməmiş siyasi konfiqurasiya ilə gedir. Növbəti ildə də onun dəyişəcəyinə elə bir ümid yoxdur- nə bunu zəruri edən ictimai və siyasi tələb var, nə də beynəlxalq amilllər..
Üstəlik, hər bir adam özü ilə, beynində, ürəyində yeni ilə “köhnə həqiqətləri” aparır. Nə deyir bu “həqiqətlər”? Onlar deyir ki, xalq üçün ağlayan gözlər kor olar. Onlar deyir ki, hökumətlə hökumətlik etmək olmaz...

Bu, bizim çiyinlərimizdən ata bilmədiyimiz yükdür. Özü də nəsillərin yüküdü.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir