Avropa yalnız qazı yetərli sayacaqmı?

Rəşid Şerifin karikaturası

-
Bu gün məşhur «Şahdəniz» qaz layihəsinin ikinci fazası ilə bağlı mühüm investisiya qərarlarının qəbul ediləcəyi gözlənir (saziş artıq imzalanıb-red.). Ölkə Avropa ilə enerji əməkdaşlığı sahəsində daha bir mühüm mərhələyə qədəm qoyur.

Amma bu hadisə rəsmi Bakı və onun timsalında ölkə məmurları üçün daha əlamətdardır, yoxsa adi vətəndaşların da bununla bağlı müəyyən gözləntiləri var?

Bəri başdan demək olar ki, yeni böyük layihə neft gəlirlərinin azalmasını müəyyən qədər kompensasiya edəcək. Amma bu, hələ bir müddət sonra, 2018-19-cu illərdə baş verəcək.

Ola bilməz ki, bu cür ciddi hadisələr Azərbaycandan tamamilə yan keçsin
İndi layihə həm də siyasi məsələdir. Enerji əməkdaşlığı o sahədir ki, bu hakimiyyət Avropa ilə əməkdaşlığı həmişə onunla məhdudlaşdırmağa çalışıb. Avropa da bəzi hallarda bununla hesablaşmalı olub.

Amma indi regionda ciddi hadisələr baş verir-gözümüzün önündə MDB ciddi şəkildə çat verir. Ola bilməz ki, bu cür ciddi hadisələr Azərbaycandan tamamilə yan keçsin.

Xüsusən də ölkənin öz içində tərpəniş olmayanda hamı ümidlərini kənardakı proseslərə bağlayır. Rəngli inqilablar vaxtı da belə olmuşdu, «ərəb baharları» zamanı da, elə indi də…

AZƏRBAYCAN AVROPA ÜÇÜN DAHA NƏ İLƏ MARAQLIDIR?

Sözsüz ki, birinci yerdə enerji sahəsində əməkdaşlıq gəlir. Bununla mübahisə etmək çətindir. Amma altı ölkə də Şərqi Avropa ölkələri adlandırılıb.
Bunlardan ikisi Assosiasiya Sazişini imzalayıb, üçü imzalamayıb, biri yalnız sadələşmiş viza rejimi haqqında sazişi imzalayıb.

Avropa bunu sakit seyr edə biləcəkmi?
Adi, məişət məntiqi ilə bir məsələni aydınlaşdırmaq olardı. Təssəvvür edin, «Şahdəniz» layihəsi işə düşür, yenə də ölkəyə böyük pullar gəlir. Amma pullar dövr edib Avropaya qayıtmır.

Avropa bunu sakit seyr edə biləcəkmi? Altı ölkədən əhalisinin alıcılıq qabiliyyəti ən yaxşı olan bəlkə də Azərbaycandır. Amma ölkə Avropa ilə ticarət sazişi imzalamır, pullar da başqa ünvanlara yönəlir. Bir daha deyirik ki, Avropanın bunu sakit seyr edəcəyini güman etmək olduqca çətindir.

SİYASƏTÇİLƏR FİLANTROP OLMUR

Avropa siyasətçiləri heç də filantroplar deyillər. İstər Avropa Birliyi ilə Assosiasiya Sazişi olsun, istərsə də Rusiya ilə Gömrük Birliyi olsun, bunların hamısının məqsədi eynidir-yeni bazarlara çıxmaq…

...Bakı da öz qərarına yenidən baxmalı olacaq
Ona görə də Avropa bu bazarı itirməməyə cəhd edəcək. Ola bilsin, Ukrayna ilə vəziyyət aydınlaşandan, regiondakı güclər nisbəti bir daha qiymətləndiriləndən sonra rəsmi Bakı da öz qərarına yenidən baxmalı olacaq.

Amma bundan ötrü Bakı Dünya Ticarət Təşkilatı ilə də münasibətlərinə bir aydınlıq gətirməlidir. Neçə illərdir ki, bu təşkilata inteqrasiya müxtəlif bəhanələrlə yubadılır.

Əslində bəhanə birdir-hakimiyyət özünün iqtisadi mövqelərini itirmək istəmir. Maraqlısı da budur ki, beynəlxalq institutlar da məhz bu mövqeləri hədəfə götürürlər.

Bir də görürsən ki, hansısa böyük iqtisadi maxinasiyalarla bağlı açıqlamalar yayılır, ya da ölkədən kənara pul axını ilə bağlı bu vaxta qədər deyilməyən həqiqətlər dilə gətirilir.

İ. Əliyev özü bunda maraqlıdırmı?
Digər ölkələrdə də belə olmuşdu, cinin canı şüşədə olduğu kimi korrupsioner məmurların da canı Yeni və Köhnə Dünyanın maliyyə strukturlarının əlindədir.

Bəzən sual yaranır ki, belə açıqlamalar niyə məhz bu gün gündəmə gəlir? Əslində onların əsl məqamıdır. Avropada İ.Əliyevdən razı qalmadılar. Onlar prosesin davam etməsində maraqlıdırlar.

İ. Əliyev özü bunda maraqlıdırmı? Ölkənin Avropanın çətiri altına keçməsi bu hakimiyyətin siyasi və iqtisadi mövqelərinin tamam sarsılması deməkdir ki, bunu da bir neçə dəfə qeyd etmişik.

Burada bir detalı da yada salmaq yerinə düşər. İki Almaniya birləşərkən Federativ Almaniya SSRİ-yə bir qədər təzminat ödədi. Amma şərtlər elə qoyulmuşdu ki, bu pullara yalnız Almaniyadan nəsə almaq olardı. Son nəticədə də həmin pullar yenə də Almaniyaya qayıtdı.

Qazdan gələcək pullar da belə olmalıdır. Avropa bunu reallaşdırmaq üçün ciddi bir iş görməsə bu, sadəcə fərasətsizlik kimi yozulmalıdır.

Həm də burada pis heç nə yoxdur- baha qiymətə keyfiyyətsiz İran, Rusiya mallarını almaqdansa keyfiyyətli Avropa mallarını kim almaq istəməz?

Elə sadə vətəndaşların da Avropa ilə yaxınlaşmadan uda biləcəyi əsas şey...
Amma bunun üçün ölkə Assosiasiya Sazişini, sərbəst ticarət zonası haqda sazişi imzalamalıdır, öz məmurlarının tamahını azacıq da olsa məhdudlaşdırmağı bacarmalıdır.

Həm də bir istehlak azadlığı deyilən anlayış da var- istehlakçının da seçimi olmalıdır. Avropa belə bir seçim təqdim edə bilər. Məgər bu pisdirmi?

Seçim hüququ o hüquqdur ki, hakimiyyət daim onu məhdudlaşdırmağa çalışır, çünki belə idarə etmək daha asandır. Elə sadə vətəndaşların da Avropa ilə yaxınlaşmadan uda biləcəyi əsas şey məhz seçim hüququnun genişlənməsidir.