Ey rüşvətyeyənlər!.. Ana Fil mütləq gələcək!..

Germany -- A two-day-old baby Asian elephant stands next to its mother in their enclosure at the zoo in Hanover, 09May2010

-
Ey rüşvətyeyənlər!.. Ana Fil mütləq gələcək!..

Bu hekayəti dünən eşitdim.

Həmən də sizinlə paylaşmağa qərar verdim.

Hekayəti mənə Ağakərim Nafiz danışdı.

Dünən (dekabrın 10-da) muğam ustadı AzadlıqRadiosunun qonağıydı.

Çəkiliş ərəfəsində mikrofon və kameralar sazlanarkən, Ağakərim bəy aradakı sükutu bu hekayətlə pozdu.

O deyir ki, bu hekayəti hər yerdə xatırladır, çünki ibrətamizdir.

Hekayət Mövlanə Cəlaləddin Rumidəndir.

Sən demə, Rumi ancaq eşqdən danışmırmış.

Rumi nədən yazır?

Rumi yazır ki, ey rüşvəti yeyənlər, bilin ki, siz FİLin balasını yeyirsiniz. Ana Fil bir gün gələcək.

Ağakərim bəy deyir, hekayət uzundur, qısası belədir:

Bir neçə nəfər aclığa düşür. Məcbur olub düzəngahda otlayan fil balasını tutub kəsib yeyirlər.

Tək bir nəfər yemir. Deyir ki, “Mən fil əti yeyəmmərəm…”.

Adamlar qarnıtox-kefisaz yollarına davam edirlər.

Ana Fil gəlib görür balası yoxdur, yeyiblər…

Onu da mən əlavə edim ki, fillər 3-4 ildən bir balalayır, 21-22 ay hamiləlik dövrü keçirir, özü də bircə bala doğur.

Odur ki, balasız qalan Ana Filin hansı hala düşdüyünü özünüz təsəvvür edin!

Bala dərdinə dözməyən Ana Fil düşür bu adamların izinə…

Gəlib tapır bunları, hamısını məhv eləyir. Təkcə fil əti yeməyənə dəymir...

Və Rumi deyir:

Ey rüşvətyeyənlər! Bilin ki, Siz filin balasını yeyirsiniz. Filin balasını yeməyin! Ana Fil mütləq gələcək!