Jurnalistlərin dostu olmaq üçün daha nə etmək lazımdır?

Rəşid Şerifin karikaturası

-
SEVİLMƏYƏN SUALLAR

Bəlkə də bütün işlərdə, əməllərdə bir məntiq var. Amma bəzən elə olur ki, ha çalışırsan bu məntiqi tuta bilmirsən. İ.Əliyevin bu il jurnalistlərin dostu seçilməsi də bu qəbildəndir.

Qəzetlər ədalətsiz, qərəzli məhkəmə qərarlarının altında sözün əsl mənasında inildəyirlər
Metro stansiyalarında qəzetlərin satışına qoyulmuş qadağanın üstündən heç bir ay keçməyib. Metropoliten rəisi hələ də israrla bildirir ki, o, bir icraçıdır.
Əgər o, sadəcə, bir icraçıdırsa, deməli, bu qərarı verən, onun arxasında da dayanan da var. Bəs kimdir o adam? Nə qədər qəribə olsa da başqa vaxt hər şeydən xəbər verən jurnalistlər bu sualın cavabında susurlar.

Qəzetlər ədalətsiz, qərəzli məhkəmə qərarlarının altında sözün əsl mənasında inildəyirlər. Eləsi var ki, hətta hesabı da dondurulub. O səbəbdən də sual yaranır: bundan ölkənin ali rəhbərliyi xəbərsizdirmi? Jurnalistlər bu suala da cavab verməyi sevmirlər.

Bəli, demək olar ki, bu il jurnalistlərə mənzil verildi. Amma daha çox kimlərin mənzil problemi həll olundu?

Azərbaycanda hələ də çörəkxanalarda çörəyi qəzetlərə büküb verirlər. Təəssüf ki, ölkə qəzetlərinin çoxu həmin çörəkxanalar üçün kağız istehsal edirlər. Elə mənzil alanların çoxu da məhz bu qəzetlərin təmsilçiləri idi.

Jurnalistika sahəsi ölkədə elə bir səviyyəyə çatıb ki, burada problemlər var demək olmur, çünki bu istiqamət bütünlüklə problem içindədir. Bu ölkədə jurnalist yazdıqlarına görə deyil, məhz yazmadıqlarına görə təqdir olunur, mükafatlandırılır. Belə bir vəziyyəti kim yaradır? Təbii ki, jurnalistlər bu suala da cavab verə bilmirlər.

Bəklə də bütün bu sualları fərdlərə yox, jurnalist təşkilatlarına ünvanlamaq olardı.

Azərbaycanda hələ də çörəkxanalarda çörəyi qəzetlərə büküb verirlər
Ona görə ki, jurnalistləri bu ölkədə onların heç bir təsir imkanlarının olmadığı müxtəlif qurumlar təmsil edir. Bu media bossları bir çox hallarda özlərinin durumu ilə cəfakeş jurnalist ordusunun durumunu qarışıq salırlar: bu ölkədə əsl jurnalistika ilə məşğul olanların nə mənzil almaq imkanı var, nə də ki, maşın…

İNTERNET, YOXSA HÖKUMƏT?

Heç bir şübhə yoxdur ki, ən azı kağız media indi özünün qürub çağını yaşayır.
Bunun nəyin nəticəsində baş verdiyini anlamaq da sadə jurnalistlər üçün çətindir.

Elektron informasiya vasitələri bunu diqtə edir, yoxsa səbəblər tam başqadır? Bir məsələ var ki, internetin vətəni sayılan ölkələrdə bu günə qədər kağız media özünün mövqelərini qoruyub saxlaya bilib və buradan belə nəticə hasil olur ki, bu tənəzzül əslində stimullaşdırılan, özü də siyasi prosesdir…

İ.ƏLİYEVİN MEDİAYA ÖZƏL MÜNASİBƏTİ

Prezident olandan bəri İ.Əliyev bir dəfə belə olsun nəinki mətbuata, hətta yerli tele-kanallara müsahibə verməyib. Bunun özü onun jurnalistikaya əsl münasibətini təzahür etdirir.

Əslində jurnalistlərin dostu adı o adama verilməlidir ki, onun mətbuatla və tele-kanallarla çox isti münasibəti olsun.

Bəli, əvvəllər o, xarici mediaya tez-tez müsahibələr verirdi. Amma sonradan hətta bu da seyrəldi.

Əslində jurnalistlərin dostu adı o adama verilməlidir ki...
Məlum oldu ki, İ.Əliyevdən müsahibə götürmək istəyən əcnəbi jurnalistlərə də sualların siyahısı verilir, onları irəlicədən nəyi soruşmaq, nəyi soruşmamaq haqqında təlimatlandırırlar.

Ölkə mediasının bir hissəsi hələ də ona görə problemlər içindədir ki, onlar indiyədək o təlimatları qəbul etmək istəmirlər.

Deyirlər ki, İ.Əliyev jurnalistlərə mənzil verdi. Amma məsələ də bundadır ki, ona jurnalistlərə mənzil vermək bu adamlara azadlıq və sərbəstlik verməkdən daha asandır.

Əslində jurnalistlər də ondan mənzil yox, azadlıq və sərbəstlik istəməli idilər.
Amma ölkədə qəribə «sövdələşmə» baş verir-jurnalist öz rifahı üçün özünün azadlığından və sərbəstliyindən imtina edir.

Onların hətta ağlına belə gəlmir ki, azad və sərbəst olacaqları təqdirdə evləri də ola bilər, maşınları da.

DOSTLARI KİM SEÇİR?

Onlar ya mətubatı və azadlığı, ya da prezidentlə dostluğu seçməli idilər
ABŞ-ın üçüncü prezidenti mətbuatla jurnalistika arasındakı seçimdən çox danışırdı. İndi bunu xüsusi xatırlatmağa ehtiyac yoxdur. Amma bir məsələ var.

Azərbaycan jurnalistləri də böyük bir seçim qarşısında idilər. Onlar ya mətubatı və azadlığı, ya da prezidentlə dostluğu seçməli idilər.

Bunu onların əvəzinə jurnalistika bossları etdi. Onlar hətta bu seçim qarşısında düşünmək belə istəmədilər, düşünmədən prezidentin dostluğunu seçdilər və bununla da yüzlərlə jurnalisti növbəti dəfə fakt qarşısında qoydular…


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir