Azərbaycan dünyanın məzəli xəritəsində belə təqdim olunur

thedoghousediarie

Komikslər (rəsm seriyaları) dərc edən thedoghousrdiaries.com internet saytının müəllifləri dünyanın maraqlı xəritəsini cəkiblər. Hər ölkənin ərazisi üzərində onun adı əvəzinə simvolik terminlər və ifadələr yazılıb. Xəritənin təqdimatında deyilir ki, hər bir ölkə dünyada hansı sahə üzrə liderdisə, ona uyğun da ifadə olunub.

Məsələn, ABŞ-ın xəritəsində yazılıb "Nobel laureatları və otbiçən maşınlardan ölüm halları", Rusiya üzərində oxuyuruq: "Moruq və nüvə başlıqları", Çində - "Karbon qazı",
Türkiyədə - ərik, Meksikada - ildırım vurmuşları, İspaniyada - kokain istifadəsi,
Britaniyda - faşist hərəkatları və sairə.

Bir sözlə, biri digərindən məzəli və təəccüblü. Amma bəlkə təəcüblənməyə də dəyməz, hər halda saytın adı "itxana gündəliyi" kimi tərcümə olunur.

Bəs Azərbaycan, bəs Azərbaycan? Oxucunun bu sualla ifadə olunan intizarını, artıq xəbərin 1-ci abzasından sonra hiss etmək olardı.

Azərbaycan - pirat (lisenziyasız) kompüter proqramları ilə "təqdim olunur". Nə demək olar?

Əlbəttə, Odlar yurdunun qanunsuz da olsa, müasir texnologiya ilə əlaqələndirilməsi heç də faciəvi xəbər deyil. Xüsusilə "beyin qurusu" kimi təqdim olunan İranla, və ya "Xaçapuri" adı altında gedən Gürcüstanla müqayisə edəndə.

Xəbərin Azərbaycan üçün qanqaraldıcı tərəfi başqadır, ölkənin tərkibindən Naxçıvan itib. Amma, insafən, Dağlıq Qarabağın ərazisi Azərbaycanla eyni rəngdədir.

İkinci bir sualınızı da bəri başdan eşitmək olur. Ermənistan?

Ermənistanın heç bir adı-zadı yoxdur. Xəritə müəllifləri nöqtə boyda həmin ərazini boş buraxıblar.

Xəritəni çəkənlər dünyanın real mənzərəsinə nə dərəcədə yaxınlaşa biliblər? Oxucular burada baxıb özləri müəyyən etsinlər. Amma, bunu elə Azərbaycanın nümunəsində də yoxlamaq olardı. Kim kompüterində istifadə etdiyi Microsoft officə görə 150, DVD-də baxdığı yeni filmə 50 manat verib? Əlini qaldırsın, yaxud xəritəyə baxıb foruma yazsın.