Azərbaycanda «ağıllı qələm» hazırlanıb

-
«ICTnews» elektron xəbər xidmətinin məlumatına görə, «Danışan kitablar» ideyası çərçivəsində «Ağıllı qələm» layihəsinin həyata keçirilməsinə başlanılıb.
Layihədə məqsəd məktəbəqədərki dövrdə uşaqları ingilis dilini öyrənməyə təşviq etmək, onlarda 1000-2000 civarında söz ehtiyatı formalaşdırmaqdır. Beləliklə, 1-ci sinifə gedən şagirddə ingilis dilindən müəyyən qədər hazırlıq olur.
«Ağıllı qələm» dəsti, dərslik və «ağıllı» qələmdən ibarətdir. Dərsliyin ilk səhifəsində ingilis dilinin əlifbası verilib. Qələmi hərflərə toxundurmaqla onların tələffüzünü və hər bir hərfə uyğun verilən söz nümunəsini dinləyirik. Məsələn; hərf: B, b, söz nümunəsi: bear [bi:]− ayı və ayının şəkli. Beləliklə, həm hərfi görür, həm tələffüzünü eşidir, həm də söz nümunəsinin şəklinə baxırıq. Eyni anda eşitmə və görmə yaddaşının birgə fəaliyyəti təmin olunur.
«Ağıllı qələm» özünü imtahan edib öyrəndiyini yoxlamağa da imkan verir: qələmi hər səhifənin aşağı hissəsində olan «sual» işarəsinə toxundurursan. Bu zaman «Ağıllı qələm» sözü tələffüz edir, istifadəçi də onu səhifədə göstərir. Cavab doğrudursa, qələm alqış sədaları altında «Afərin, doğrudur» deyir, səhvdirsə, «Musiqili nida» səsi eşidilir.
Hər kitabın sonunda uşaqların yaş psixologiyasına uyğun musiqili səhifələr var. Uşaqlar öyrəndiyi sözləri musiqi ilə dinləyib əylənə-əylənə təkrar edə bilərlər.
Xatırlatma funksiyası vasitəsilə isə qələm uşaqların cavablarına münasibət bildirməklə onları həvəsləndirir və ya tənbeh edir.
«Ağıllı qələm»lə həm də musiqi dinləmək olar. Qələmin Mp3 funksiyası var.
«Ağıllı qələm»i yapon alimləri icad edib.