Siyasətdə kadr arxasında

Rəşid Şərifin karikaturası

-
Azərbaycanın mövcud seçki təcrübəsinə Qərb anlayışlarını gətirmək cəhdləri heç də həmişə təqdir olunmur. Hətta siyasi yeniliklərə həmişə önəm verən insanlar belə hesab edirlər ki, seçkilərdə siyasi texnologiyalar olmadan da keçinmək olar, yetər ki, insanlara həqiqətləri deyəsən və ən başlıcası isə bunları ucadan deməyi bacarasan.
Üstəlik, ölkədə seçkilər Qərb standartlarından o qədər uzaqdır ki, bir çoxları haqlı olaraq belə cəhdləri arxaik siyasi münasibətlərə bir mütərəqqi görüntü vermək cəhdi kimi qəbul edirlər.

Arxiv foto

Amma seçki seçkidir. Əgər bütün nöqsanlara baxmayaraq insanlar yenə də bu seçkilərə qatılırlarsa, hətta qalib gəlməyə belə ümid edirlərsə, deməli onun texnologiyalarını da qəbul etmək lazımdır, ən azı ona görə ki, siyasi texnologiyalar parlaq seçki kampaniyası keçirməyə yardımçı ola bilər.
Amma hər şey yenə də insanlara bağlıdır. Dərhal sual yarana bilər ki, bəs bu insanları, bu mütəxəssisləri haradan götürməli? Onları haradan tapmalı?
SEÇKİ MÜTƏXƏSSİSLƏRİNİ HARADAN TAPMALI?
Seçki Məcəlləsinə görə prezidentliyə namizədin əlli vəkili ola bilər. Onlar da MSK-da qeydə alınır, təşviqat aparır və seçkilərin gedişini müşahidə edirlər.
Deməli, prezidentliyə namizəd, prinsipcə, əlli adamın yardımından istifadə edə bilər. Yetər ki, onlar diqqətlə seçilsin və fokus qrupları formalaşdırmaq iqtidarında olan, ictimai rəyə təsir edə bilən adamlar olsunlar.
Azərbaycanda hamı, heç olmasa, bircə saatlığa demokrat olmağı bacarırmı?
Amma mövcud vəziyyət nə göstərir? Seçkidə siyasi texnologiyaların elementləri, spiçrayterlərin işi hiss olunurmu?

Təəssüf ki, seçkidə istifadə edilən hər taktika, hər bir üsul seçki texnologiyası kimi qəbul edilir. Bu baxımdan problem yoxdur.
Amma zorakı, primitiv üsullara heç də həmişə siyasi texnika elementi kimi baxmaq olmur, çünki hər bir üsul, hər bir taktika proseslərin cərəyan etdiyi çərçivəyə-demokratiyaya uyğun olmalıdır.
Bu aspektdən yanaşanda vəziyyət necədir? Azərbaycanda hamı, heç olmasa, bircə saatlığa demokrat olmağı bacarırmı?
HAMI BİRİNCİYƏ BAXIR, AMMA…
Vəziyyətin qəlizliyi ondadır ki, hakimiyyətin də seçki texnologiyası çox bərbad vəziyyətdədir. İkinci debat zamanı Milli Şuranın namizədinə qarşı elə bir rəftar nümayiş etdirildi ki, bu nəinki demokratiya, heç adi məntiq və adi ənənə səviyyəsinə belə sığmırdı.

Sadəcə, hakimiyyətin dırnaqrarası üstünlüyü ondadır ki, onlar son on il ərzində nəsə ediblər (hakimiyyətdə olmaq və on il ərzində nəsə etməmək sadəcə mümkün deyil!) və indi onu on, bəlkə də yüz dəfələrlə şişirdərək təqdim edir və buna görə də nisbətən məntiqli görünürlər.
Müxalifət bu taktikaya münasibətini hakimiyyətin işlərini ifşa etmək formasında qurur: yəni, onlar sübut etmək istəyir ki, məsələn, on manatlıq iş görülüb, əslində isə bu işin dəyəri üç manatdır!
Bu taktikanın qüsuru ondadır ki, cəmiyyət artıq bunları bilir, özü də siyasətçilərin sayəsində deyil, fədakar jurnalistlərin sayəsində. Ona görə də müxalifət nə edəcəyindən danışmalıdır, gələcəyə istiqamətlənməlidir.
Üstəlik, bəzən emosiyalar (onları bir çox hallarda tənzimləmək həqiqətən də çətindir!) inkarçılığa gətirib çıxarır, bu, isə seçicilərdə haqlı olaraq bir inamsızlıq yaradır, çünki hər şeyi inkar etmək də olmaz axı!
MİTİNQDƏ VƏ TELEVİZİYADA
Bir də mitinqdəki çıxışlarla, deyək ki, televiziyadakı çıxışlar arasında bir fərq olmalıdır. Ona görə də əvvəldə spiçrayterlərin adını çəkdik. Bütün namizədlərin seçki qərargahı var. Amma görək bu qərargahlarda hər növbəti çıxışın tezisləri, linkləri əvvəlcədən hazırlanırmı?
...bəzən emosiyalar inkarçılığa gətirib çıxarır, bu, isə seçicilərdə haqlı olaraq bir inamsızlıq yaradır
Çətin ki, «hə» demək mümkün olsun, ən azı ona görə ki, bunu çıxışlardan hiss etmək mümkündür- daha çox dağınıq tezislər nəzərə çarpır, fikirlərdə pərakəndəlik hiss olunur. Bu gün deyilənlərlə əvvəllər deyilənlər arasında bircə fərq var ki, bu gün televiziya ilə nəsə deyilir.
Amma unutmaq lazım deyil ki, artıq televiziya da şəriksiz mövqeyə malik kral deyil, onun da rəqibi var- bu da internetdir, bütün xəbərlər dərhal internetin vasitəsilə yayılır. Ona görə düşünmək lazım deyil ki, nələrisə insanlar heç bilmirlər, yox, onlar bilirlər, bəlkə də lazım olandan çox bilirlər.
SEÇİCİ PSİXOLOGİYASININ BİR SİRRİ
Seçicini debatlarda nə maraqlandırır? Debatlar ona müqayisə etmək imkanı verir. Təşviqat dövründə seçicinin bir işi var –müqayisə etmək! Ona görə də çalışmaq lazımdır ki, müqayisə oluna biləsən, ən başlıcası isə bu prosesdən uğurla çıxa biləsən.


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir