23 mübahisəli gün

Rəşid Şerifin karikaturası

-
RUSİYADA A.NAVALNINI QEYDƏ ALMIŞDILAR…
Seçkinin təbliğat mərhələsi də gəlib çatdı. Əvvəlki mərhələlər bəzi namizədlərin qeydə alınmaması ilə yadda qaldı- hətta İlqar Məmmədovun belə namizədliyi qeydə alınmadı. Bu onu göstərir ki, hakimiyyət bir qədər trivial olmayan situasiyalardan özünü bəri başdan sığortalayır.
Ola bilsin ki, İ.Məmmədov Milli Şuranın vahid namizədi C. Həsənlini dəstəkləyəcəkdi. Əgər hakimiyyət əmin olsaydı ki, İ.Məmmədov da digər peyk partiyaları kimi onun namizədinə dəstək verəcək, bəlkə də onu qeydə alardı.
Bütün hallarda isə müqayisə üçün yada salanda görürsən ki, hətta Rusiyada üzərində cinayət məsuliyyəti olan A.Navalnıy belə qeydə alındı. Amma burada bunu etmədilər. Bir daha qeyd edirik ki, görünür, hakimiyyət İ.Məmmədovun indiki və gələcək siyasi davranışını proqnozlaşdırmağa çətinlik çəkir.
İndi bəlkə də qeydə alınmış on namizədi bir-bir təşkil etmək maraqlı olardı və bunun üzərində dayanmağa dəyərdi. Amma ötəri baxış da göstərir ki, Milli Şuranın səslərini parçalamaq üçün mümkün hər şey edilib.
Burada hakimiyyət Rusiyadakı təcrübədən də yararlandı. Ona görə ki, belə bir fikir də var ki, məsuliyyət altında olan A.Navalnınnın seçkiyə buraxılması daha çox müxalifətin səslərini parçalamaq üçün idi.
Azərbaycanın seçki praktikasına yaxşı bələd olanlara bəlkə də hakimiyyətin belə incə üsullardan istifadə etməsi inandırıcı görünmür. Amma seçkinin finalı həmişə bəlli üsullar bitsə də, hakimiyyət çalışır ki, seçki zahirən demokratik və ədalətli görünsün.
ƏSLİNDƏ HAKİMİYYƏT KART-BLANŞ ALIB, AMMA…
İndi əslində hakimiyyətə seçkini qaydalara uyğun şəkildə uda bilmək üçün bir növ kart-blanş verilib, onun ən çox ehtiyat etdiyi ənənəvi müxalifət bu seçkiyə özünün heç də ən güclü namizədi ilə qatılmayıb. Amma hiss edirsən ki, hətta bu situasiyada da seçkini necə var keçirməyə ehtiyat edirlər, çünki situasiya birmənalı deyil, ölkədəki narazılıqlar fonunda həqiqəti deyə bilən və ən başlıcası onu ağıllı və məntiqli şəkildə ifadə etməyə bacaran normal namizəd ciddi uğur qazana bilər.
Seçkinin finalı həmişə bəlli üsullar bitsə də, hakimiyyət çalışır ki, seçki zahirən demokratik və ədalətli görünsün...
Ona görə ağıllı və məntiqli sözlərini xüsusi qeyd edirik ki, artıq ucuz populizm, lap açığı, siyasi davakarlıq cəmiyyəti o qədər cəlb etmir, hərçənd hakimiyyət öz siyasi peyklərinin sırasında belələrinə də yer verib. Onların missiyası müxalifətə, daha dəqiq desək, Milli Şuranın namizədinə qarşı qara təbliğat aparmaq olacaq.
Milli Şuranı qabartmağımız da səbəbsiz deyil. Dərhal hiss olunur ki, on namizəd arasında hakimiyyətə ən real rəqib məhz bu siyasi qurumun nümayəndəsi olacaq, halbuki onun elektoral bacarığı, siyasi texnologiyalardan istifadə etmək imkanları, zənnimizcə, o qədər də yüksək deyil.
Əslində on namizədin hər biri kifayət qədər tanış siyasi simalardır.
23 GÜN TƏBLİĞAT ÜÇÜN AZ DEYİLMİ?
Bəli, təbliğat üçün nəzərdə tutulan təxminən 23 günlük müddət çox azdır. Namizədlərə televiziyada çıxış etmək üçün vaxt veriləcəyi bildirilir. Amma bu, o qədər də çox deyil.
Bütün prosesi lap əvvəldən bu günə qədər nəzərdən keçirəndə görürsən ki, hakimiyyət seçkini maksimum şəkildə öz maraqlarına uyğunlaşdırıb. Ölkə müxalifəti isə bu prosesi dayandırmaq üçün heç bir iş görməyib. Ona görə də bu gün onlar hakimiyyətin diqtə etdiyi oyun qaydaları ilə seçkidə iştirak etməyə məcburdurlar.
Təcrübə və siyasi texnologiya göstərir ki, hər bir siyasətçinin seçki dövründə «əsas kartı» olmalıdır. Onu daim dilə gətirməklə həmin siyasətçi cəmiyyəti silkələməlidir və ona impuls verməlidir.
Azərbaycan şəraitində bu «siyasi kart» nə ola bilər? Bəlkə də 20 il davam edən siyasətlə bağlı tutarlı bir tezis, ya da bu vaxtlara qədər açıqlanmayan maliyyə qalmaqalı?
Demək çətindir. Bunu namizədlərin imicmeykerləri, seçki qərargahı müəyyən etməlidir. Aydın olanı budur ki, bunsuz cəmiyyətin diqqətini cəlb etmək elə də asan olmayacaq, çünki bu vaxta qədər çox sözlər deyilib, bəlkə lazım olandan da çox…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir