Bu sirli, müəmmalı dünya

-
QALİBLƏRİN ƏLİN SIXMAĞA ALIŞMIŞ ÖLKƏ
Doğrudan da çox, olduqca böyük işdir. Bəli, elə bir xalq olasan ki, ədəbiyyatınla, nə az, nə də ki, çox, düz iki əsri zəbt edə biləsən, üstəlik sənin yazıçın bütün zamanların ən böyük yazarı elan edilə!
Ruslar bunu bacardı. Amma hər dəfə də adamın ağından bir sual keçir: nədən bəs bu boyda sənət öz əksini milli mentalitetdə, ölkənin siyasi sistemində və sosial infrastrukturunda tapmayıb?..
İndi dünyanın başı Suriyaya qarışmışkən ədəbiyyat, sənət söhbəti etməyin heç vaxtı deyil. Razıyıq. Amma bu işlərə dəxli olan iki ölkə də varsa, onun da biri elə Rusiyadır. Məhz buna görə də söhbəti bu ölkədən başladıq.
Suriya problemi bu günün, dünənin problemi deyil. «Ərəb baharı» ilə təxminən yaşıddır bu problem. Rusiyanın da bu problemə münasibəti yenilik deyil. Onlar əvvəldən öz mövqelərində israr edirlər. Nədir bu mövqe?
Onu çox kobud şəkildə belə ifadə etmək olardı: gözləyək, Suriyada döyüşən tərəflərə mümkün qədər daha çox biri-birini qırmağa imkan verək, axırda da qalibin əlini sıxarıq!
Bəlkə də bu gerçəkliyin bir qədər hiperbolizə edilmiş əksidir. Amma münasibət təxminən belədir. Rus ədəbi fikrindən fərqli olaraq fəlsəfi fikri bir o qədər də zəngin deyil. Az-çox diqqət çəkən N. Berdyayevdir. Bu filosofun əsərlərində Rusiyanın tarixi missiyası haqda fikirlər çox yer alıb.
N. Berdyayevə görə Rusiyanın missiyası əzilən xalqlara azadlıq və maarif çatdırmaqdır. Amma Rusiya imperiyasının tarixinə baxanda daim bunun əksini görürsən.

Suriya prezidenti cümə namazı zamanı məsciddə

Bu gün Suriyada əzilən və maarifə ehtiyacı olan kimdir? Hər halda, bu B.Assad deyil. Bunu yəqin bilirik.
Suriyaya hərbi müdaxiləni daim istisna edən Rusiya əgər öz vasitələri, üsulları ilə bu ölkədəki prosesləri dinc yolla yoluna qoysaydı hamı ona minnətdar olardı. Amma etmir, edə bilmir, bəlkə də heç istəmir…
Suriyadan gələn ədədlərə bir o qədər də inanmırıq. Heç kim bilmir ki, orada əslində nə qədər adam ölüb, nə qədər sağ qalıb! Məsələ bunda deyil. Dünyanın o vaxtı da deyil ki, Suriyada baş verənlərdən millətlər, insanlar xəbərsiz olsun. İtkilər böyükdür. Bəs nə etməli? Oturub gözləməli ki, bu ölkədə bütün silahlardan istifadə edilsin, insanlar qətlə yetirilsin?
Suriyaya ərəb Yuqoslaviyası deyərdik. Amma bu ölkədə səngərin hər iki tərəfində ərəblərdir. Özü də Suriya çoxmillətli, federativ-filan bir ölkə də deyil. Aydın olanı budur ki, bu ölkədə artıq bir neçə ildir ki, vətəndaş müharibəsi gedir.
Rusiyanın Suriyaya münasibətinə baxanda onun Qarabağ problemində tutduğu mövqe yada düşür. Neçə illərdir deyirlər ki, heç kimin işi olmasın, Qarabağ probleminin açarı Rusiyadadır. Yaxşı, çox gözəl! Onda işə salın da bu açarı ki, hamı da sizə «sağ ol!» desin də…
Amma yox, etmirlər. Gözləyirlər ki, iki millət biri-birini əldən salsın, Rusiya da gah bu tərəfin, gah da o biri tərəfin başına «sığal» çəksin. Zərrə qədər şübhə etmirik ki, bu ölkə böyük məmnuniyyətlə Suriyada döyüşən hər bir tərəfə silah satardı…
Bunları yazmaqla başqa ölkələri təmizə çıxarmaq, iflic olmuş, faktiki olaraq bir ölkənin çiyinlərində dayanan dünya təhlükəsizlik sistemini heç də təmizə çıxarmaq fikrimiz yoxdur. Dünyanın problemləri çoxdur- Suriyalı, ya da Suriyasız… Üstəlik, onların həlli üçün əməlli-başlı üsul da yoxdur.
İNSAN HAQLARI VƏ SUVERENLİK

Suriya

20 əsr suverenlik əsri oldu. Nə qədər millət suverenlik qazandı bu əsrdə. Amma problemlər də az olmadı. Yeni despotiyalar yarandı- Asiyada, Afrikada, latın Amerikasında…
Suverenliyi BMT də özünü əsas instrumenti kimi qəbul etdi. İndi də belə davam edir. Amma hiss olunur ki, suverenliyin üstünlüyü problemlər də yarada bilir. Düzdür, dəqiq resept vermək çətindir.
Amma götürün Suriyanı. Bir neçə ildir ki, reallıq hissini itirmiş B.Assad öz milləti ilə döyüşür. Dünya da indi ayılıb ki, bəs, B.Assad dinc insanlara qarşı kimyəvi silah işlədir. Doğrusu, bunun nə qədər həqiqət olduğunu biz də bilmirik. Amma məsələ bunda deyil.
Belə nəticə alınmır ki, diktatorlara qarşı yalnız o halda səfərbər olmaq lazımdır ki, onlar öz vətəndaşlarına qarşı kütləvi qırğın silahlarından istifadə etsinlər? Bəs onlar öz vətəndaşlarını adi silahlarla qıranda niyə hamı buna səbrlə baxırdı?
İnsan haqlarının üstünlüyü kimi frazalara, bəyanatlara çox alışmışıq. Di gəl, real həyata gələndə görürsən ki, bir çox hallarda bunlar adi bəyanatlardı və onların gerçəkləşməsi üçün real sxemlər yoxdur.
Bəlkə indi ABŞ-da da kimlərsə ürəyində dua edir ki, kaş elə Böyük Britaniyada olduğu kimi Konqres prezidentin çağırışına «yox» deyəydi. Axı kim istər ki, onun övladı ərəb səhrasında həlak olsun, hətta bu, bir xalqın azadlığı üçün olsa belə!
Ona görə də adamı bir utanc hissi götürür. Öz məsuliyyətsizliyimizlə ölkə və dünya üçün bir gör hansı problemləri yaradırıq?! Demokratiya insanlardan çox şey tələb etmir- sayıqlıq və biganə olmamaq. Doğurdanmı bunu etmək otuz il gözləməkdən, sonra da başqa xalqların gəlib səni azad edəcəyini düşünməkdən çətindir?!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir