Dağlar arxasında üç qonşu…

Mikheil Saakashvili

-

Gürcüstan prezidenti M. Saakashvili-nin Azərbaycan müxalifəti haqqında söylədiklərini bəlkə də Qafqazın ümumi geosiyasi palitrasını müəyyən edən çalar kimi qəbul etmək olardı, əgər bir mühüm detal olmasaydı.

Məsələ bundadır ki, Gürcüstan prezidenti azərbaycanlı həmkarı İ. Əliyevin siyasi rəqiblərinin onun ölkəsində heç bir maneəsiz toplantı keçirməsindən sonra nəsə deməli idi və bir daha özünün Azərbaycan hakimiyyətinə sayğısını və sədaqətini göstərməli idi. Rusiya məsələsinə gəldikdə isə, bunu həm M. Saakashvili-nin bu ölkəyə çox «özəl» münasibətilə, həm də onun qərbçiliyi ilə izah etmək olardı - neçə illərdir ki, bu bölgədə ardıcıl qərbçi kimi tanınan M. Saakashvili İ. Əliyevin siyasi rəqiblərini durub «Qərbin agent»ləri adlandırası deyildi ki…

Ona görə də Qafqazdakı son geosiyasi ab-havanı bir qədər başqa səmtdə axtarmaq zərurəti yaranır. Amma M. Saakashvili-ni unutmamaq şərtilə. Bir neçə gün bundan əvvəl Rusiyanın baş naziri D. Medvedev-in müsahibəsindən belə bəlli oldu ki, onun ölkəsinin gürcü prezidentinə qarşı acığı hələ də soyumayıb və üstəlik, Rusiyanın regional məsələlərə baxışlarında da çox az şey dəyişib, bəlkə də heç nə dəyişməyib.
Çeçenistanda milli azadlıq hərəkatını od və alov içində boğan Rusiya əvvəlki temperamentlə özünü hətta ərazisindən kənardakı «azsaylı xalqların xilaskarı» hesab etməkdə davam edir. Əslində isə bu, arxaik «Parçala və hökm sür!», «Azacıq güclülərə qarşı onlardan zəiflərini qaldır!» siyasətinin 21-ci əsr üçün bir qədər modifikasiya olunmuş formasından başqa bir şey deyil.

Bu siyasətdən özünü nisbətən hifz edən Ermənistandır. Ən azı ona görə ki, bu ölkənin ərazisində qeyri millət demək olar ki, qalmayıb, üstəlik o, Rusiya ilə yaxınlıq məsələsində digər iki Qafqaz ölkəsindən daha irəlidədir. Amma bir də görürsən ki, Ermənistanla Rusiya arasından da soyuq sular axmağa başlayır.

SİYASƏTDƏ ƏBƏDİ DOSTLAR OLURMU?

İngilislər deyir ki, siyasətdə əbədi dostlar olmur, əbədi maraqlar olur. Bu baxımdan Rusiya ilə Ermənistan arasında hər hansı narazılıq yaradan məqam ola bilərmi?
Olur. Bu yaxınlarda, Rusiya bu ölkəyə ixrac etdiyi qazın qiymətini qaldırmaq qərarına gələndən, Rusiyada erməni əsilli şəxsi qadın paltarında məhkəməyə çıxarandan sonra hətta bu ölkəyə qarşı bir neçə sərt etiraz aksiyası da oldu. Nədir Ermənistanı narazı salan?

Çox şey. Bu ölkə Rusiyanın onu tam himayə etməməsindən, Azərbaycana silah satmasından, bir sözlə, çox şeydən narazıdır.

Amma Rusiya da öz tərəfdaşından, özlərinin dedikləri kimi, ən yaxın müttəfiq hesab etdikləri ölkədən gileylidir. Məsələ bundadır ki, yaxın vaxtlarda iki ölkə - Gürcüstan və Ermənistan Avropa Birliyilə assosiasiya sazişi imzalamağa hazırlaşır. Bu, isə Rusiyanı çox əndişələndirir.

Gürcüstan aydın məsələdir. B. İvanishvili-nin hakimiyyətə gəlişilə iki ölkə arasındakı münasibətləri nizamlamalı olan uzun müddətli danışıqlara start verilsə də, Rusiya bu ölkə ilə münasibətlərində heç vaxt düzəlməyəcək məqamların olması ilə barışıb.

Amma Ermənistan başqa məsələdir. Xüsusən də nəzərə alanda ki, rusların özləri demişkən, Rusiya bu ölkəyə nə vermək mümkündürsə, hamısını verib. Amma arabir Ermənistan öz ətrafındakı həlqəni adlamağa, Qərbə tərəf də boylanmağa cəhd edir. Bu isə təbii ki, Rusiyanı razı salmır.

AZƏRBAYCANLILAR DOSTLUQDA MÖHKƏM OLUR…

Bir qədər başqa səmtdə Azərbaycandır. Arabir düşünürük ki, görən, Rusiya nədən üzünü dostluqda daha möhkəm olan Azərbaycana tərəf tutmur? Axı bu ölkə Rusiyadan çox şey istəmir!

Onun istədiyi budur ki, əvvəla, Rusiya bu ölkənin hakimiyyəti ilə dostluq etsin və bir də özünün Qarabağ siyasətində dəyişiklik etsin ki, bu hakimiyyət öz kürsüsündə daha rahat otursun. Bunun əvəzində Azərbaycan nə təklif edir?

Heç bir NATO-dan, AB-dən söhbət gedə bilməz, çünki Rusiya hakimiyyəti kimi Azərbaycan hakimiyyətinin də bu abreviaturalara bir növ allergiyası var. Bir sözlə, bunlar olmayacaq. O ki qaldı başqa məsələlərə, tamam sərfəli əməkdaşlıq! O cümlədən də yüksək əmsallı «kürü diplomatiyası»….

Bəs Rusiya bunlara nə deyir? Seçki vaxtı təkcə sıravi seçicilər öz fantaziyalarına meydan vermirlər, həm də təhlilçilər, analitiklər, hətta qəzetlər də belə edir. İndi Rusiya haqqında cürbəcür ehtimallar gəzir. Amma çox vaxt qalmayıb. Maksimum iki həftədən sonra çox şey bilinəcək, çox şey…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.