Bazarlardan çıxmağın vaxtı deyilmi?

Sankt-Peterburq bazarı, 2013

-
Bir neçə gündür ki, Rusiyada Qafqaz əsilli insanlara, o cümlədən də azərbaycanlılara qarşı başlanan zorakılıq kampaniyasının növbəti dalğasının təsvirləri ekranlardan düşmür. Azərbaycandakı siyasi sistem adamda elə də böyük heysiyyət və qürur hissi qoymasa da, bu təsvirlərə baxanda adam, sözün həqiqi mənasında, özünü təhqir edilmiş hesab edir, amma eyni zamanda özününkülərə haqq da qazandıra bilmirsən.

Düşünmürük ki, bu kampaniya üçün xüsusi bir vaxt, seçki ərəfəsi seçilib. Bu miqrant problemi başlanandan çox dalğalar olub, hər dəfə belə bir təsəvvür yaranıb ki, artıq bu dəfə məsələ ciddidir, bütün azərbaycanlıları Rusiyadan qovacaqlar. Amma belə olmur, bir-iki gün davam edir, sonra da çəkilib gedir. Elə bu dalğa da çəkiləcək.

TƏHLÜKƏ, YOXSA XOF?

Sadəcə, məsələ bundadır ki, seçki dövründə, mürəkkəb siyasi dönəmlərdə hamının, xüsusən də hakimiyyətə yaxın olanların İrana və Rusiyaya qarşı «həssaslığı» artır, elə hey düşünürlər ki, bu ölkələr seçki vaxtı mütləq nəsə edəcəklər.

Amma edirlərmi? Təbii ki, yox. Onda bəs nə baş verir? Niyə görə siyasi isterika hətta ekranlara yol tapır? Güman edirik ki, bunun bir əsas səbəbi var. Azərbaycanda bəzi adamlar hakimiyyət üstündə elə əsirlər ki, olmayan yerdən belə özlərinə təhlükə gözləyirlər. Sanki ölkədə siyasi infantilizm hökm sürur. Elə bil əziz, nadir bir siyasi sistem qurulub bu ölkədə və adamlar onu itirməkdən qorxurlar.

Rusiyadakı miqrant problemindən çox bəhs edərdik. Amma məsələ tək Rusiyada deyil. Digər ölkələrdə miqrasiya siyasəti Rusiyadakından da qat-qat ağırdır. Azərbaycandakı hakimiyyət də bu məsələ üzərində, Rusiyadakı vətəndaşlarının taleyi haqda düşünsəydi yaxşı olardı.

AZƏRBAYCANDA ƏMƏK BAZARI NİYƏ FORMALAŞMIR?

Moskva bazarında polis reydi - 2013


Az qala hər həftə telekanallar Ermənistandan köçənlərin statistikasını verir. Azərbaycandan köçən yoxdurmu? Ermənistandan insanlar əsasən daha inkişaf etmiş ölkələrə köçürlər. Azərbaycanlılar isə acından ölməmək üçün Rusiyaya qaçır.

Yaxşı yaşamaq, yaxşı həyat həvəsi ilə Rusiyaya gedən azdır, gedənlərin çoxu öz ölkəsində dolanışıqdan məhrum olan insanlardır. Bu problemi həll etmək olarmı? Olar. Necə? Beynəlxalq əmək bazarına çıxmaqla. Qonşu Türkiyədə insanlar deyir ki, ölkənin içində olmasa da çölündə hamıya iş var. Dövlətin yardımı ilə orada insanlar xaricə işləməyə gedir, həm dövlətə xeyir verirlər, həm də özlərinə. Amma bunun üçün başqa işlər də görmək lazımdır…

BAZARLAR HƏTTA AZƏRBAYCANDA DA YIĞIŞDIRILIR…

Düşünürük ki, azərbaycanlılar bazarlarla vidalaşsalar, daha yaxşı olar. İndi tək Rusiyada deyil, Azərbaycanın özündə də bazarlar bağlanır, onların yerini böyük, yaraşıqlı, səliqəli, rahat supermarketlər tutur. İnsanlar da daha çox supermarketlərdən alış-veriş etməyə üstünlük verirlər.

Azərbaycanlıların bazara, xırda ticarətə meyli artıq lətifəyə çevrilib. Hələ sovetlər vaxtında bir lətifədə soruşulurdu ki, azərbaycanlılar nə vaxt Aya uçacaq? Cavabı da bu idi ki, Ayda bazar açılanda…

Yəqin «Bakılı oğlanlar» komandasının da zarafatyana söylədikləri şüar da çox adamın yadındadır: «Rusiya rusiyalılara, bazarlar azərbaycanlılara…». Ola bilsin ki, kimsə deyəcək ki, bazar xırda ticarət məsələsidir, hətta belə bir fikir səslənə bilər ki, onlar inhisarçılığın qarşısını alır. Hətta ola bilsin, bunu mentalitetlə, dini təsəvvürlərlə bağlayanlar da olacaq.

Bakıda bazar - 2011

Amma bunların hamısı mənasızdır.

İQTİSADİYYATIN PRİMİTİV SAHƏSİ

Bazarların mövcudluğu inhisarçılığı azaltmır. Dini təsəvvürlərə gəldikdə isə, bazar alverçilərində olan haqsızlıq çox az yerdə var-həm qiymətdə, həm də çəkidə aldatmağa cəhd edirlər.

Bu, iqtisadiyyatın ən primitiv, ixtisas, ciddi peşə vərdişləri tələb etməyən sahəsidir. İnsanları iqtisadiyyatın elmtutumlu sahələrinə yönəltmək lazımdır. Yalnız bu yolla cəmiyyət inkişaf edə bilər, bu yolla patriarxal və kustar iqtisadiyyatdan qurtulmaq olar.

Artıq 21-ci əsrdir. Hər şey yüksək keyfiyyətə, yüksək xidmətə doğru gedir. Bu prosesin qarşısını almaq mümkün deyil. Rusiyanı da qınamaq olmaz ki, niyə görə bazarları bağlayırsan, nədən azərbaycanlıların «iqtisadi maraq»larını nəzərə almırsan?
Sözsüz ki, Rusiyada miqrant məsələsində siyasi çalarların olduğunu tamam inkar etmirik. Bu ölkə də nə iqtisadi, nə də siyasi baxımdan təkmil ölkə deyil və digər keçmiş sovet ölkələrindən daha çox ölçüləri ilə fərqlənir.

Amma qafqazlılara, xüsusən də azərbaycanlılara verilən bir sual maraq doğurmaya bilməz. Onlara deyirlər ki, niyə günəşli respublikanızı qoyub bura gəlmisən?..
Həqiqətən də acı və ağır sualdır. Amma onun üzərində düşünməyə dəyər. Niyə bu ölkədə - Azərbaycanda hətta Günəş də hamını eyni dərəcədə isitmir? Nədən bu Günəşin altında hamıya yer tapılmır?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.