Siyasətdə haqq məsələsi

R. İbrahimbəyov və İ. Qəmbər

-

Ölkənin müxalifət siyasətində elə mürəkkəb vəziyyət yaranıb ki, insanlar ortaqlıq yaratmaq, müxtəlif siyasi baxışları bir müstəviyə gətirmək üçün hətta mənəvi kriteriyalara belə müraciət etməkdən çəkinmirlər.

Belə meyarlardan biri də siyasətdə haqq məsələsidir. Təbii ki, hətta qanuni haqların yetərincə tanınmadığı bir ölkədə mənəvi haqlardan danışmaq bir qədər mübahisəlidir və bəzən bəlkə də yersizdir.

Amma bir məsələ var ki, əgər qanuni haqların tanınması ilə dövlət institutları məşğul olursa, mənəvi haqları təmin etmək cəmiyyətin, onun nüfuzlu şəxslərinin işidir.

Ona görə də bu gün «Kimin vahid namizəd olmağa daha çox haqqı var?» sualı bir o qədər də predmetdən kənar deyil, baxmayaraq ki, prezident seçkisinə elə də çox vaxt qalmayıb.

Üstəlik, son günlər Milli Şurada baş verən proseslər - İslam Partiyasının nümayəndələrinin Şuradan geri çağırılması, Müsavat ilə Açıq Cəmiyyət Partiyası arasındakı kəskin polemikalar hələ bir müddət böhranlı günlərin olacağını, hətta Şura tərkibində müəyyən dəyişikliklərin baş verəcəyini deməyə əsas verir.

Bu gün «Kimin vahid namizəd olmağa daha çox haqqı var?» sualı bir o qədər də predmetdən kənar deyil, baxmayaraq ki, prezident seçkisinə elə də çox vaxt qalmayıb...
Düşünmürük ki, mətbuatda müzakirə edilən əsas məsələdə - İ. Qəmbərin, ya R. İbrahimbəyovun hansının daha çox haqqı olmasını müəyyənləşdirməkdə yetərincə nüfuz və təcrübəmiz var.

Onlar hər ikisi özlüyündə haqlıdır. Amma siyasət daha çox məqsədəuyğunluq kriteriyası üzərində qurulur. Ona görə də bu gün kimin namizədliyinin daha məqsədəuyğun olmasını araşdırmaq daşa yaxşı olardı, nəinki kimin daha çox haqq sahibi olduğunu müəyyənləşdirməyə cəhd etmək.

EHTİYAT NAMİZƏD MƏSƏLƏSİ KİMƏ NƏ VERİR?

İ. Qəmbər ehtiyat namizədin vacibliyini israr etməkdə davam edir. Amma bu məsələdə ciddi bir dolaşıqlıq var. Ehtiyat namizəd məsələsi tək müxalifətin deyil, hakimiyyətin də manevr imkanlarını artırır, müxalifətin müxtəlif namizədləri arasında özünə sərf edən seçim aparmağa imkan verir.

Düzdür, əvvəllər zənn edirdik ki, Milli Şuradan bir namizəd olacağı təqdirdə hakimiyyət onu seçkiyə buraxmaq məcburiyyətində qalacaq. Amma hakim partiyanın təmsilçilərinin bəyanatlarından, çıxışlarından belə bir nəticə hasil etmək olar ki, hakimiyyət heç də belə düşünmür, 2008-ci ildə olduğu kimi bu dəfə də əsas müxalifətin iştirak etmədiyi seçkiyə start verməyi özü üçün bir o qədər də böyük problem hesab etmir.

Qərəz, vəziyyət çox mürəkkəbdir. Bu mürəkkəb vəziyyətdən praqmatik çıxış yolu tələb olunur, nəinki məsələnin fəlsəfi-teoloji aspektlərini araşdırmaq. Etiraf etmək lazımdır ki, təxminən iki ay bir qurumun yaranması üçün sərf edildi və axıra qədər də yaradıb qurtarmadılar.

Hətta ötəri bir baxış kifayət edir ki, Milli Şura ilə bağlı qərarların zəruri olduğundan gec qəbul edildiyini düşünəsən. Əslində müxalifət bu işi bir qədər tez başlamalı idi. Elə R. İbrahimbəyov da öz problemlərini bir qədər əvvəl sahmana salmağa çalışmalı idi.
Düzdür, burada müəyyən obyektiv səbəblər də var. R. İbrahimbəyov heç də irəlicədən bilmirdi ki, o, vahid namizəd olacaq. Onun vahid namizəd olması İ. Qəmbərlə Ə. Kərimlinin öz aralarında razılığa gələ bilməməsinin, həm də keçid dövrü ilə bağlı prinsiplərin razılaşdırılmamasının nəticəsində baş verdi.

Bu gün ən azı ehtiyat namizəd olmaqda israr edən İ. Qəmbər bir məsələni diqqətdən qaçırdı ki, bir adamın siyasətə və cəmiyyətə verə biləcəyi töhfə bəzən illərlə ölçülmür, bəzən iki il prezident olmaq on il prezident olmaqdan daha önəmli və yadda qalan olur.

Vahid namizəd olmağa haqqı olan adamlardan söhbət düşəndə gərəkdir ki, Ə. Kərimlinin də adını çəkək. Əvvəlki illərdə atdığı bəzi siyasi addımlar bir qədər mübahisəli olsa da, onun da vahid namizəd olmağa haqqının olduğun etiraf etməliyik.
O, bunu ən azı özlərinin bir illik hakimiyyətləri haqqında dediklərini yada salmaqla, «bəzən bir ildə belə on ilin işini görməyin mümkün olmağını» xatırlamaqla, qəbul edə bilərdi. Amma bu dəfə İ. Qəmbər səmimi hərəkət etdi. O, özü də dərk etdi ki, məsələ tək öhdəlik götürməkdə deyil, ona əməl etmək də lazımdır. Bu məsələdə isə İ. Qəmbər heç də diqqətli siyasətçi deyil, ən azı ona görə ki, bir neçə il bundan əvvəl o, partiya rəhbərliyindən getmək haqqında da öhdəlik götürmüşdü, amma buna əməl etmədi…

Ə. KƏRİMLİ NİYƏ NAMİZƏD OLMADI?

Əli Kərimli

Vahid namizəd olmağa haqqı olan adamlardan söhbət düşəndə gərəkdir ki, Ə. Kərimlinin də adını çəkək. Əvvəlki illərdə atdığı bəzi siyasi addımlar bir qədər mübahisəli olsa da, onun da vahid namizəd olmağa haqqının olduğun etiraf etməliyik.

Bu adamın məqaləsi ABŞ-ın iki böyük qəzetlərindən birində dərc olunmuşdu. Ölkəyə gələn əcnəbilər müxalifət düşərgəsindən ilk əvvəl onu arayır, öncə onunla görüşməyə üstünlük verirlər.

Bunun özü müəyyən diqqətin, hətta işarənin təzahürü kimi qəbul edilə bilər.

Amma İctimai Palata məsələnin bu tərəfinə diqqət yetirə bilmədi və nəticədə nə İ. Qəmbər Ə. Kərimliyə, nə də Ə. Kərimli İ. Qəmbərə güzəşt etmədi…

Ona görə də üçüncü şəxs meydana çıxdı. Həm İ. Qəmbər, həm də Ə. Kərimli buna artıq təsadüfi hal kimi deyil, əslində öz aralarında kompromis tapa bilməmələrinin nəticəsi kimi baxmalıdırlar. Qərəz, R. İbrahimbəyov siyasətdə heç də yad adam deyil, o, həm də İctimai Palatanın adamıdır…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.