ABŞ Suriyada hərbi güc işlətmək planını müzakirə edir

Martin Dempsey

-
ABŞ Qərargah Rəislərinin Birləşmiş Komitəsinin komandanı general Martin Dempsey deyib ki, prezident Barack Obama-nı Suriyaya mümkün hərbi zərbələrin variantları ilə tanış edib.

O, Senatda keçirilən dinləmələrdə bildirib ki, hazırkı şərait davam edərsə, Suriya prezidenti Bashar Assad daha bir il öz postunda qala bilər. «Hazırda vaxt ona işləyir» – deyib general.

Obama administrasiyası Suriya qiyamçılarını yüngül silahlarla təchiz etməyə hazır olduğunu bildirsə də, bir çox senatorlar birbaşa hərbi müdaxiləyə ehtiyac görürlər. Yaxud da Suriya üzərində «uçuşlara qadağa zona»sının yaradılmasını tələb edirlər.

General Dempsey bildirib ki, Obama ondan «ABŞ hərbi müdaxilə etməlidirmi» sualını yox, «hərbi müdaxilə edilə bilərmi» sualını soruşub.

General deyib ki, hazırda nazirliklər bu məsələləri müzakirə edirlər.

QƏRARI SİYASƏTÇİLƏR QƏBUL ETMƏLİDİRLƏR

Bundan əvvəl general Dempsey Suriyaya hərbi müdaxilə məsələsində öz tərəddüdünü ifadə etmişdi:

«Hərbi qüvvə işlətmək barədə qərarı bizim seçkili rəsmilər qəbul edə bilərlər».

Martin Dempsey-in müavini admiral James Winnefeld deyib ki, «burada bir xeyli variantlar var. Lazım gələrsə, biz hərəkətə keçməyə hazırıq».

General Dempsey bildirib ki, prezident Obamaya təqdim edilmiş variantlar arasında «kinetik zərbələr» də var. «Kinetik zərbələr» hərbçilərin dilində ölümcül zərbələr kimi başa düşülür.

Suriya münaqişəsində radikal islamçı üsyançılar getdikcə üstünlüyü ələ alırlar.

Pentaqon Ağ Ev üçün hərbi variantlar barədə təqdimatları daim təzələyir.

Lakin general Dempsey-in açıqlamalarından başa düşmək olar ki, Suriya münaqişəsinə birbaşa müdaxilə variantı götür-qoy edilir.

KİNETİK ZƏRBƏLƏR

Müdaxilə variantına kimyəvi silah obyektləri də daxil olmaqla, rejimin əsas infrastrukturlarına raket zərbələri aiddir. Habelə, «uçuşlara qadağa zonası»nın yaradılması və «əl-Qaidə» ilə əlaqəli üsyançı qruplara qarşı pilotsuz təyyarələrdən zərbələr.

Lakin İraqdakı müharibəni dayandırmış və ABŞ hərbiyyəsinin Əfqanıstandakı missiyasını yekunlaşdırmaq istəyən Obama öz müşavirlərinə bildirib ki, Amerika ordusunun daha bir münaqişə bataqlığına girməsini istəməzdi.

Başlıca narahatlıq ondadır ki, Suriya münaqişəsində radikal islamçı üsyançılar getdikcə üstünlüyü ələ alırlar.

Maraqlıdır ki, general Dempsey-in açıqlamalarından bir gün əvvəl onun britaniyalı həmkarı general David Richards da mətbuata buna bənzər açıqlama vermişdi. O demişdi ki, Britaniya «uçuşlara qadağa zonası» yaratmaq və ya üsyançıları silahlandırmaq istəsə, müharibəyə hazır olmalıdır.