Hətta etirazlar formasını dəyişirsə…

Taksim meydanında dayanaraq etiraz edən aksiyaçı

-

M. GANDHI-DƏN N. MANDELA-YA QƏDƏR…

Son vaxtlar iki böyük və bir-birindən uzaq ölkədə - əvvəlcə Türkiyədə, sonra da Braziliyada baş verən proseslər öz maraqlı tərəfləri ilə diqqəti cəlb etdi.

Söhbət ondan gedir ki, etirazlar formasını dəyişir və yeni formaya adekvat olaraq onları təqdim edən insanlar da diqqəti ənənəvi detallara deyil, tamam yeni məqamlara yönəldirlər.

Hiss olunur ki, ənənəvi etirazlar və onlara qarşı hakimiyyətlərin ənənəvi reaksiyaları artıq hamını yorub. Ona görə də telekanallar daha izdihamlı mitinqləri deyil, hansısa heykəlin qarşısında saatlarla donaraq dayanan bir fərdi göstərməyə üstünlük verirlər.

Getdikcə etirazların teatrallığı artır və adama bəzən elə gəlir ki, insanlar etiraz aksiyalarına deyil, sanki böyük karnavala toplaşıblar. Bəlkə də bu, 21-ci əsrin ruhuna daha çox uyğundur, çünki insanlar zordan qaçmaq istəyirlər, öz etirazlarını da zor müstəvisindən çıxarmağa cəhd edirlər.

Bir vaxt böyük intellektuallar arasında populyar olsa da, M. Gandhi-nin təlimi hələ bir çoxuna siyasi ekzotika kimi görünürdü. Bəlkə bunun özü də simvolik bir haldır ki, zorsuz mübarizə təliminin banisinin özü bir ekstremistin zorakı təcavüzü nəticəsində vəfat etdi. Amma «İncil»də gözəl bir kəlam var. Deyir ki, sən toxumu yerə at, o, ölməsə heç nə olmayacaq, amma ölsə çoxlu bar verəcək…

İndi Gandhi-nin təlimi bəlkə də ən populyar siyasi təlimdir. Bu, təlim özündə hind dini-fəlsəfi fikrini ehtiva etsə də, orada xristian elementlərinin izini görmək mümkündür. Bir vaxt İsa peyğəmbər deyəndə ki, «düşmənini sev, onun üçün dua et», bu, çoxuna, xüsusən də onun «Diş əvəzinə diş, göz əvəzinə göz!» eşitmiş həmvətənlərinə qeyri-adi görünürdü. Təəccüblü deyil. Bütün böyük ideyaları insanlar əvvəlcə inkar edirlər, sonra ona saymazyana yanaşırlar və axırda da hamılıqla onu qəbul edirlər.

Artıq zorsuz müqavimət bir neçə intellektualın əyləncəsi deyil. İnsanlar onu sistemləşdirib, az qala siyasi düstura çevirib.

Bunu ən azı bəzi ərəb ölkələrinin təcrübəsində gördük. Hətta əvvəllər bunu düşünmək belə mümkün olmazdı ki, dinc mübarizə üsullarına həsr olunmuş və ən başlıcası ingilis müəllif tərəfindən yazılmış kitab temperamentli xalq kimi tanınan ərəblərin stolüstü kitabı olacaq.

Artıq çoxdandır Gandhi yoxdur. İnsanlar bu yoxluğu xəstəhal N. Mandela ilə kompensasiya etməyə cəhd edirdi, bəzən alınırdı, bəzən də alınmırdı. Bəlkə o da təsadüfi deyildi ki, M. Gandhi də ilk siyasi təcrübəsini Cənubi Afrikada keçmişdi. Sanki tale böyük insanları hansısa tellərlə biri-birinə bağlayır.

İKİ DƏRSDƏN BİR NƏTİCƏ

Türkiyə və Braziliya hadisələri göstərdi ki, insanlar yalnız seçki vaxtı deyil, başqa vaxtlarda da eşidilmək istəyirlər. Bir dəfə yazmışdıq ki, çox təəssüf ki, hakimiyyətlər bir gələrkən, bir də gedərkən özlərinin əsl milli qüvvə olduqlarını yada salırlar.

Bu tendensiya siyasətçilər arasında elə kök salıb ki, onlar tamamilə ciddi şəkildə belə hesab edirlər ki, siyasətçinin peşəsi seçki vaxtı gen-bol vəd verməkdir, amma onları yerinə yetirməmək də olar.

Onlar düşünür ki, uzağı nə olacaq? Ən pis halda növbəti seçkidə səs verməyəcəklər! Fikirləşirlər ki, heç verməsinlər, yaxşı siyasət adamı bir seçki müddətində də özünə «gün ağlaya bilər»!...

Bəli, nə qədər qəribə olsa da, belədir. Məsələn, Azərbaycanda deputatlar deyir ki, onlar kommunal xidmət işçiləri, bələdiyyə fəalları deyillər, daha böyük işlər görmək üçün seçiliblər.

Amma hər dəfə də sual yaranır: əcəba, o «böyük» dediyiniz işlər nədir? Böyük siyasətə qarışmırsınız ki, bu, bizlik deyil, iqtisadiyyata müdaxilə etmirsiniz ki, deputatların və parlamentin belə bir səlahiyyəti yoxdur!

Onda nədir «böyük iş»? Hakimiyyətə vəkillik etmək? Onda mandatı da xalqdan deyil, hakimiyyətdən aldığınızı etiraf edin!

Ən maraqlısı nədir? İdarə olunanlar dəyişir, amma idarə edənlər bunu görmür. İndi insanlar hakimiyyətə «Bunu et! Onu et!» deməyə meylli deyil.

Onlar hakimiyyətə daha çox «Bunu etmə! Onu etmə!» deyirlər. Türkiyəli öz hakimiyyətinə demək istədi ki, sən qarışma, özüm neçə uşaq lazım olduğunu, içkiyə ehtiyacım olub-olmadığını, başımı örtüb-örtməməyi sənsiz də müəyyən edə bilərəm… Elə orta statistik Braziliya etirazçısı haqqında da bunu demək olar.

Amma bir məsələ də var. Etirazçılar getdikcə biri-birinə bənzədiyi kimi hakimiyyətlər də bir-birinə bənzəyir. Onlar əsrin, dövrün fərqində deyil.

Daha çox kürsünün fərqindədirlər. Cəmiyyət isə onlar üçün kürsüyə çatmaq üçün bir tramplindən başqa bir şey deyil.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.