Rüstəm İbrahimbəyov vahid namizəd olacaqmı?

Rüstəm İbrahimbəyov

-
Yay gəldikcə təkcə havanın temperaturu yüksəlmir, elə siyasətin də temperaturu yüksəlir. Günlər keçdikcə sualların, ehtimalların da sayı artır. İyunun 28-də keçiriləcək toplantıda Milli Şura vahid namizəd məsələsini müzakirə etməlidir. Elə həmin gün də müxalifətin seçkidə iştirak edəcək vahid namizədinin adının açıqlanacağı bildirilir.

İndi vahid namizəd kimi adı ən çox hallanan yazıçı və ssenarist R.İbrahimbəyovdur. Demək olar ki, Milli Şurada təmsil olunan əksər siyasi qüvvələr bu və ya başqa formada vahid namizəd kimi onun adını çəkib.

Amma buna baxmayaraq, digər namizədlərin də olacağı istisna olunmur. Bunun səbəbini başa düşmək üçün gərək Milli Şuradakı siyasi spektri gözdən keçirəsən.

PARTİYALAR HƏLƏ TƏRƏDDÜD EDİR…

AXCP-nin lideri birmənalı mövqe tutub, o, prezident seçkisinə qatılmayacağını bildirib. Digər bir partiyanın – ALP-nin təmsilçiləri və bir də «EL» Hərəkatının fəalları lap əvvəldən R.İbrahimbəyovun namizədliyini dəstəklədiklərini bəyan ediblər.

Müsavat bir qədər ziddiyyətli mövqe tutub. Müsahibələrinin birində İ.Qəmbər vahid namizəd kimi R.İbrahimbəyovun namizədliyinin məqsədəuyğun olduğunu qeyd edib. Amma digər müsahibəsində ikinci Rəsul Quliyevə ehtiyac olmadığını və vahid namizəd olacaq şəxsin ölkədə olmasının vacib olduğunu bəyan edib.

Digər partiyalar-açıq cəmiyyətçilər, klassik cəbhəçilər və islamçılar hələ konkret münasibət bildirməyiblər, çox güman ki, onlar proseslərin gedişini gözləyirlər və məhz o vaxt, prosesin gedişində öz mövqelərini açıqlayacaqlar.

Mövqelərin ziddiyyətli olmasının, hələ də birmənalı mülahizə irəli sürülməməsinin obyektiv səbəbləri var. Məsələ bundadır ki, R.İbrahimbəyovun nəinki vahid namizəd olmasını, hətta seçkidə iştirak etməsinin əngəlləyən bəzi detalların mövcudluğu istisna olunmur.

VAHİD NAMİZƏD OLMAQ ÜÇÜN NƏ LAZIMDIR?

Bu detallar hansılardır?

Birincisi, prezidentliyə namizəd olan adam son 10 ili Azərbaycanda yaşamalıdır. Doğrusu, R.İbarihimbəyovun bu tələbə cavab verib-verməməsi o qədər də aydın deyil, çünki onun bioqrafiyasının detallarına dərindən bələd deyilik.

İkincisi, onun ikili vətəndaşlığı olmamalıdır. Amma R.İbrahimbəyovun həm də Rusiya Federasiyasının vətəndaşı olduğu bildirilir. Bunun da nə qədər həqiqət olduğu dəqiq məlum deyil.

Məsələ bundadır ki, Azərbaycanın qanunları ikili vətəndaşlığa icazə vermir və prezidentliyə namizəd də bu tələbə cavab verməlidir.

Üçüncüsü və ən başlıcası odur ki, R.İbrahimbəyov özü də istisna etmir ki, onun geri qayıtması üçün real maneələr var, hətta geri qayıdacağı təqdirdə onun həbs olunması belə istisna olunmur.

Bu isə o deməkdir ki, R.İbrahimbəyovun tərəfdarları və təəssübkeşləri üçün ən yaxşı halda onlara artıq yaxşı tanış olan ssenari, mühacir həyatı yaşamağa məcbur olan daha bir «qanuni prezident» (növbəti A.Mütəllibov?!) ssenarisi gerçəkləşə bilər. Ən pis halda isə sadalan amillərin və ya başqa məlum olmayan səbəblərin ucbatından onun namizədliyi, ümumiyyətlə, qeydə alınmaz.

Milli Şuranın təsis yığıncağı


Onun sonuncu müsahibəsi ilə tanış olduqdan sonra belə təsəvvür yarandı ki, R.İbrahimbəyov ölkəyə qayıtmayacaq və yaxud da onun qayıtması ehtimalı çox azdır.

Hətta ola bilsin ki, R.İbrahimbəyovun namizədliyi bu tələblərin ilk ikisinə cavab verir, çünki istisna deyil ki, Milli Şurada toplaşan siyasət və ictimaiyyət fəalları artıq bunları nəzərdən keçirib. Amma geriyə, ölkəyə qayıtmaq məsələsi də heç də əhəmiyyətsiz məsələ deyil.

Onun indiyə qədər dediklərindən, yazdıqlarından belə məlum olur ki, bu adam ümumi iş, demokratiya naminə fədakarlıq etməyə hazırdır. Bəlkə o, elə namizəd olmayacağı təqdirdə də bunu edəcək? Və yaxud da onun bunu namizəd olmayaraq etməsi daha məqsədəuyğundur? Milli Şura bu variantı nəzərdən keçiribmi?

PLANLAR BÖYÜKDÜR, AMMA…

Burada başqa bir detal haqda da bir-iki söz yazmağa dəyər. Müxalifətin planları böyükdür. Hələlik belə təəssürat yaranır ki, Milli Şurada təmsil olunan əsas siyasi vektorlar bugünkü razılaşmaları iki il üçün nəzərdə tuturlar.

Bu iki ilə çox böyük işlər planlaşdırılır, hətta ölkənin konstitusion quruluşunun əsaslarını dəyişmək, onu parlament respublikasına çevirmək də əsas vəzifə kimi təsəvvür olunur. Bu məsələ ayrıca söhbətin mövzusu olmağa layiqdir və qismət olsa, zamanında həmin məsələ geniş müzakirə olunacaq.

İndi isə daha çox düşündürücü məsələ prezident seçiləcək adamın yalnız iki il idarə etməsidir. Bundan sonra ölkə parlament idarəçiliyinə keçməli və parlament seçkisinin nəticələri əsasında hökumət formalaşdırılmalıdır. Olsun. Amma bu vaxta qədər təcrübədə nə müşahidə olunub?

Bəzi partiyalar nizamnamələrində sədrliklə bağlı iki dəfəlik məhdudiyyətə baxmayaraq partiya sədri postunu əldən vermədilər. İndi ümid varmı ki, iki ilə prezident seçilən adam (belə təsəvvür etsək!) könüllü olaraq öz postundan gedəcək?

Bunun baş verməsi üçün böyük siyasi mədəniyyət, müqavilə mədəniyyəti lazımdır Amma o, bu ölkədə yetərincədirmi?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.