-
UCUZ QAZ ALAN!!!
Azərbaycan və Ermənistan prezidentləri bir-birinə sərt bəyanatlar ünvanladığı vaxtda maraqlı hadisə baş verdi - Azərbaycan rəsmiləri Ermənistana əvvəlcə ucuz qaz satacaqlarını bildirdilər, sonra da bunun şərtlərini açıqladılar. Bir neçə gün bu olay günün əsas mövzularından biri oldu.
İlk baxışda bir qədər qarışıq vəziyyət yaranmışdı. S. Sarkisian-ın Azərbaycanla bağlı sərt açıqlamalarından sonra İ. Əliyev öz partiyasının qurultayında buna cavab olaraq daha da sərt danışmışdı. Amma bununla bahəm ortalıqda həm də ucuz qaz satmaq təklifi peyda oldu.
Çətin ki, hansısa Azərbaycan rəsmisi İ. Əliyevin razılığı olmadan, öz təşəbbüsü ilə belə bir təklif verməyə cürət etsin. Bunu İ. Əliyevin mesajı kimi qəbul etsək, sual doğur ki, prezident bununla nə demək istəyirdi?
Neçə gündür təhlilçilər bu sual üzərində baş sındırır. Artıq bəzi məqamları qeyd etmək olar:
Birincisi, Rusiyanın xoşuna gəlməsə də, İ. Əliyev onun sıxışdırdığı ölkələrə yardım etməyi və onları böhranlı vəziyyətdən çıxarmağı sevir. Əgər yadınıza gəlirsə, oxşar vəziyyət vaxtilə Belarusla bağlı yaranmışdı. O vaxt Azərbaycan Belarusa yardım əlini uzatdı.
İkincisi, bu, Ermənistana edilmiş bir çağırışdır. Əgər bu ölkə azacıq olsa da Rusiyadan asılılığını azaltmaq istəyirsə Azərbaycanın təklifinə münasibət bildirməlidir. Rusiyanın Ermənistana satdığı qazın min kubmetri 315 dollardır. Azərbaycan isə bundan təxminən 100 dollar az məbləğ təklif edir - min kubmetrə 230 dollar! Bu, Azərbaycanın Gürcüstana satdığı qazın qiymətidir.
Üçüncüsü, İ. Əliyevin bu təşəbbüsü Ermənistan hakimiyyətindən daha çox onun cəmiyyətinə hesablanıb. İ. Əliyev bu təklifi ilə bir növ qonşu ölkənin meydançasına top atdı. Bununla o, heç nə itirmir, əksinə qazanır.
Dördüncüsü, İ. Əliyev bunu seçki ərəfəsində etdi. Təbii ki, onun bu təşəbbüsü Qərb tərəfindən təqdir olunacaq.
Amma Ermənistan hələ də susmaqda davam edir. İ. Əliyev öz təşəbbüsü ilə onu bir qədər anlaşılmaz vəziyyətə salıb. Bir tərəfdən Azərbaycan prezidenti danışıqları imitasiya etmək istəmir və bununla da Ermənistan rəhbərliyini möhkəm əsəbiləşdirir, o biri tərəfdən də belə bir təkliflə çıxış edir.
ABŞ TƏŞƏBBÜSÜ ƏLƏ ALIR?
Əgər Minsk Qrupu həmsədrlərinin son təşəbbüsü baş tutsaydı iki ölkənin prezidentləri bu gün-iyunun 12-də Avstriyanın Zalsburq şəhərində görüşməli idilər. Amma böyük ehtimalla bu görüş baş tutmayacaq. Əvəzində hər iki ölkənin xarici işlər nazirlərinin ABŞ-a və Rusiyaya səfərləri oldu. E. Məmmədyarovun Rusiyada dediklərindən belə məlum oldu ki, bu gün Azərbaycan üçün əsas məsələ seçkidir və o, buna görə hətta Qarabağ danışıqlarında taym-aut götürməyə hazırdır.
Hər iki ölkənin xarici işlər nazirləri ABŞ-da oldu. Hətta prosesdən uzaq adam da hiss edir ki, yaxın müddət üçün ABŞ-ın bu problemlə bağlı elə bir planı yoxdur. ABŞ bir müddət məsələni Rusiyanın öhdəsinə buraxmışdı.
Bu, D. Medvedev-in prezidentliyi dövründə olmuşdu. Sonra V. Putin hakimiyyətə qayıtdı və ondan əvvəlki prezidentin təşəbbüsü yarımçıq qaldı. İndi elə bir vaxtdır ki, V. Putin-in İ. Əliyevə münasibəti haqqında yalnız böyük və ziddiyyətli ehtimallar səslənir.
Bəlkə elə ABŞ dövlət katibinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini qəbul etməkdə əsas məqsədi Rusiyanı bir az hərəkətə gətirmək idi. Amma Rusiya hərəkət etmir. Böyük ehtimalla demək olar ki, V. Putin belə bir təşəbbüsdə bulunsaydı İ. Əliyev onu eşidərdi, üçtərəfli görüşə qatılardı. Bu, onun üçün V. Putin-lə soyumuş münasibətlərini bir qədər isitmək üçün bir fürsət də olardı.
Bəs prosesin inkişafı ilə bağlı nə demək olar? Çox güman ki, ABŞ-ın da təşəbbüsü bu səviyyədə qalacaq. Rusiya da əlavə cəhd etməyəcək. İndi hər üç dövlət üçün əsas məsələ Azərbaycandakı seçkilərdir. Seçki dövrlərində, hətta bu seçki Azərbaycan kimi ifrat dərəcədə müəyyən ölkədə baş versə belə, böyük diplomatik proses müşahidə olunmur. Üstəlik, bir incə məqam da var…
MÜNAQİŞƏNİN MAHİYYƏTİNDƏ NƏ DAYANIR?
Münaqişələrə geosiyasi prizmadan baxmaq, onları müxtəlif geosiyasi maraqların nəticəsi kimi təqdim etmək adi haldır. Azərbaycan-Ermənistan münaqişəsinə də hamı belə yanaşmağa adət edib.
Azərbaycanda hamı bu fikirdədir ki, münaqişənin arxasında Rusiya dayanıb. Burada həqiqət böyükdür, Rusiya münaqişənin bu səviyyəyə gəlib çatması üçün çox şey edib. Amma budur, Rusiya Ermənistanın arxasından qaçır, Azərbaycan isə ona Rusiyadan asılılığını azaltmağın yolunu təklif edir.
Amma Ermənistan susur və böyük ehtimalla Azərbaycanın təklifinə cavab verməyəcək. Deməli, heç də hər şey Rusiyanın iradəsi ilə həll olunmur. Bunu niyə qeyd edirik? Son iyirmi ilin siyasi əfsanələrindən biri də «girov erməni xalqı» haqqındakı əfsanədir. Budur, top indi həmin «girov xalq»ın tərəfindədir. O, «Hə, barışaq!» deyə cavab verəcəkmi?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.