London İslam ekstremizminə qarşı hücuma keçir

Theresa May

-
Britaniyanın daxili işlər naziri Theresa May bəyan edib ki, Londonun Vuliç rayonunda törədilmiş müdhiş qətl hadisəsindən sonra polisə terrorçularla mübarizə üçün lazımı səlahiyyət və vasitələr verilməlidir.

Ötən həftə Vuliçdə günün-günorta çağı küçənin ortasında özlərini «İslam cihadçıları» adlandıran iki Afrika əsilli şəxs Əfqanıstanda qulluq etmiş hərbçi - Lee Rigby-ni qəddarlıqla qətlə yetirmişdilər.

«GÜDÜKÇÜLÜK» XARTİYASI

Theresa May bildirib ki, kəşfiyyat və təhlükəsizlik orqanlarına fərdi şəxslərin kommunikasiyalarına – elektron poçtlarına, sosial şəbəkə hesablarına və telefonlarına məhdudiyyətsiz giriş verilməlidir.

Bu təklifə əsasən, polisə həmçinin ayrı-ayrı fərdlərin kompüterlərinə müdaxilə edərək onların internet axtarışlarının tarixçəsinə nəzər yetirmək imkanı verilməlidir.

Daxili işlər naziri deyib ki, yalnız bu halda terror hərəkətlərini önləmək və qarşısını almaq mümkün ola bilər.

O, həmçinin xəbərdarlıq edib ki, baş verən hadisədən sonra Britaniyada minlərlə insanın radikallaşması təhlükəsi yaranıb.

Mətbuat yazır ki, Britaniyada terrorla mübarizə üçün təklif olunmuş, lakin sonradan qeyri-demokratik sayıldığı üçün kraliça Elizabeth II-nin dövlət proqramı nitqindən çıxarılmış «güdükçülük xartiyası» barədə təklif yenidən gündəmə gələ bilər.

Bu xartiyaya qarşı Britaniya hökumət koalisiyasının ikinci partiyası olan liberal-demokratların rəhbəri, eyni zamanda baş nazirin müavini Nick Clegg çıxış edir.

Onun fikrincə, bu təklif insanların şəxsi sirlərinə müdaxiləyə imkan yarada bilər.
Buna baxmayaraq, Vuliç qətlinin effekti o qədər güclü olub ki, hətta Liberal-Demokrat Partiyasının öz üzvləri arasında da liderlərindən fərqli düşünənlər var.

İş o yerə çatıb ki, hətta müxalif Leyborist Partiyası ölkənin təhlükəsizliyi naminə polisə müstəsna səlahiyyətlər verən bu qanun layihəsinə dair səsvermədə hökumətlə eyni mövqedən çıxış edəcəyinə dair bəyanatlar səsləndirir.

Təklif olunan layihəyə görə, nifrət yayan ruhanilərin BBC və digər telekanallarda görünməsi və danışması qadağan edilməlidir.

Əvvəllər belə bir qadağana BBC-də əməl edilirdi, lakin o vaxt söhbət əsasən İrlandiya Respublika Ordusu təşkilatının üzvlərindən gedirdi.

BRİTANİYA KƏŞFİYYATI ŞÜBHƏLİLƏRİ ÇOXDAN TANIYIRMIŞ

Amma maraqlıdır ki, hərbçinin qətlində ittiham olunan hər iki şəxs hadisədən əvvəl illərlə xüsusi xidmətlərin müşahidəsində olublar.

Onlardan biri iddia edib ki, məxfi xidmətlər ona «informator» olmağı təklif ediblər.

Bu arada Keniya polisi şübhəlilərdən birinin iki il əvvəl bu ölkədə terrorçu kimi həbs edildiyini, Londonun məlumatlandırıldığını, lakin Britaniya polisinin bu məlumata əhəmiyyət vermədiyini bildirib.

28 yaşlı Michael Adebolajo təhlükəsizlik xidmətlərinə 10 il müddətində tanış idi.

Baş nazir David Cameron bu məsələnin araşdırılmasına və mümkün səhlənkarlıq faktının aşkarlanmasına sərəncam verib.

Şübhəlilərdən biri – 28 yaşlı Michael Adebolajo təhlükəsizlik xidmətlərinə 10 il müddətində tanış idi. O, altı il əvvəl Britaniya Cinayət Məhkəməsi binasının qarşısında zorakı etiraz aksiyasında iştirakına görə həbs edilmişdi.

2010-cu ildə o, Keniyadan guya terrorçu «əl-Şabaab» şəbəkəsinə qoşulmaq üçün Somaliyə keçərkən həbs olunmuş və Britaniya təhlükəsizlik xidmətlərinə təslim edilmişdi.

Sonradan Britaniya təhlükəsizlik orqanları onu nəyə qadir ola biləcəyini qiymətləndirmədən azad etmişdilər, çünki o, rəsmən Britaniya vətəndaşı idi.

İkinci şübhəli - 22 yaşlı Michael Adebowale-ni də təhlükəsizlik orqanlarında yaxşı tanıyırdılar.

Britaniya daxili işlər nazirinin bəyanatında ən çox maraq doğuran məqamlardan biri də odur ki, o, radikal və hətta ekstremist mövqedə olan, lakin bilavasitə terror və zorakılıqla məşğul olmayan qrup və təşkilatların da qadağan oluna biləcək qurumlar qrafasına salınmasını istəyir.

HƏTTA QEYRİ-TERROR TƏŞKİLATLARI DA QADAĞAN EDİLƏ BİLƏR

Daxili işlər naziri Theresa May bu qənaətdədir ki, belə qruplaşmalar zora əl atmasalar da, zora əl ata biləcək şəxslərin radikallaşmasına səbəb olur.

Lakin mətbuat yazır ki, daxili işlər nazirinin bu mövqeyi söz və ifadə azadlığının məhdudlaşdırılması kimi qəbul olunacaq.

Hazırda mövcud olan qanunvericiliyə görə, daxili işlər naziri 2010-cu ildə yasaqlanmış «əl-Mühacirun» kimi terrorla bilavasitə əlaqəsi olan təşkilatları qadağan etmək səlahiyyətinə malikdir.

Lakin o, sadəcə olaraq «nifrəti qızışdırmaqda və bölücülükdə» şübhəli olan təşkilatları yasaq edə bilməz.

Ekspertlər bildirirlər ki, «nifrət və bölücülük» ifadəsinin qanuna dəqiq məfhum kimi daxil edilməsi hüquqi problemlər yarada bilər.

Söhbət ilk növbədə özünü dinc təşkilat kimi təqdim edən, lakin radikallığı ilə seçilən «Hizbut Təhrir» qrupundan gedir.

Londonda polisin müşayiəti ilə namaz, 24 yanvar 2003

Hazırkı baş nazir Cameron bu təşkilatın qadağan olunmasına hələ 6 il bundan əvvəl çağırmışdı.

Lakin təşkilat fəal olmaqda davam edir.

TELEKANALLARA RADİKALLARLA MÜSAHİBƏLƏR YASAQ EDİLƏCƏK

Xanım May həmçinin bildirib ki, cihada çağıran post və mesajlar internetdən çıxarılmalıdır.

O deyib ki, Britaniya Kommunikasiya İdarəsi artıq 5500 postu internetdən silib və bu proses davam etdiriləcək.

Yeni qadağalar ekstremist ruhanilərin tələbə yataqxanalarına və həbsxanalara səfərlərini yasaqlamağı nəzərdə tutur.

Daxili işlər nazirinin fikrincə, məhz bu iki yer adamların zorakılığa cəlb edilməsi üçün münbit məkan sayılır.

Theresa May BBC-ni radikal ruhani Anjem Choudry-ni «Newsnight» teleproqramına dəvət etdiyinə görə tənqid atəşinə tutub.

Bu, həmin Choudry-dir ki, moizələrində müsəlmanları Britaniya dövlətindən aldıqları müavinət pulunu cihada xərcləməyə çağırmışdı.

Xanım May bildirib ki, həmçinin internet xidməti provayderlərinə saytlara girişlər, e-maillər, mobil telefon zəngləri, sosial şəbəkələrdə göndərilən mesajlar və «Skype» danışıqları barədə lazımi məlumatları toplamaq tapşırılacaq.