Britaniya Avropa İttifaqında qalıb-qalmamaq barədə referenduma hazırlaşır

Foto: Arxiv

-
Britaniyada hökumət koalisiyasının lideri – hakim Mühafizəkarlar Partiyası ölkənin Avropa İttifaqında bundan sonra da qalıb-qalmayacağı barədə referendum haqqında qanun layihəsini parlamentə təqdim edib.

Bir çox ekspertlər mühafizəkarların bu tələsik addımını onların düşdüyü seytnot və seçkiqabağı durumla izah edirlər.

Məsələ burasındadır ki, Britaniyanın siyasi həyatında ən cavan partiya – UKIP (Birləşmiş Krallıq Müstəqillik Partiyası) son vaxtlar xeyli populyarlaşıb. Sorğulara görə, UKIP ölkənin üçüncü siyasi partiyası olan liberal-demokratları dördüncü yerə «itələyib».

Bu populyarlaşma elə ən populist çağırışlardan biri ilə bağlıdır.

Müstəqillik Partiyası Böyük Britaniyanın «müstəqilliyinin bərpa olunması» üçün Aİ-dən birdəfəlik və referendumsuz qopmaq yolunu təklif edir.

Mühafizəkarlar isə qanun layihəsi təklif etməklə referendum vədlərində qətiyyətli olduqlarını nümayiş etdiriblər.

Lakin problem burasındadır ki, onların koalisiya üzrə müttəfiqləri olan LibDemlər referendum qanunu məsələsini yaxına belə buraxmaq istəmirlər.

Digər tərəfdən, hakim partiyanın 100-dək millət vəkili hökuməti Avropa məsələsində qətiyyətli olmamaqda ittiham edir.

London

Mühafizəkarlar referendumun 2017-ci ilədək keçirilməsini təklif edirlər.

ABŞ: ÖZÜNÜZ BİLƏRSİNİZ, AMMA QALSANIZ YAXŞIDIR

Mətbuat yazır ki, Baş nazir David Cameron tərəfindən irəli sürülmüş layihənin qanuna çevrilməsi müşkül məsələdir.

Britaniyanın Xarici İşlər naziri William Hague radio-müsahibəsində bildirib ki, hökumət ən azı parlament debatlarının keçirilməsinə nail olacaq.

Referenduma dair qanun layihəsini elan edərkən Baş nazir D.Cameron Vaşinqtonda ABŞ prezidenti Barack Obama ilə görüşürdü.

Bu, məsələ barəsində ABŞ-ın mövqeyini bilmək baxımından əhəmiyyətli imkan idi.
Ağ Evdə keçirilən birgə mətbuat konfransında B.Obama bildirib ki, Vaşinqton Britaniyanın Avropa İttifaqında qalmasını daha çox istərdi.

Lakin o, əlavə edib ki, son söz Britaniya xalqına məxsus olmalıdır.

David Cameron və Barack Obama


Obama deyib ki, Aİ Britaniyaya dünyadakı mövqeyini saxlamaq və möhkəmlətmək üçün lazımdır.

Bir sıra rəy sorğuları göstərir ki, ictimaiyyətin nəzərəçarpacaq qismi Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini arzulayır.

«The Daily Telegraph» qəzetinin keçirdiyi rəy sorğusunda iştirak edənlərin 54 faizi ölkənin İttifaqı tərk etməsinə tərəfdardır.

Rəyi soruşulanların 27 faizi hesab edir ki, Britaniya İttifaqda qalmalıdır, lakin
Brüsseldən mümkün qədər daha çox imtiyazlar qoparmalıdır.

Respondentlərin yalnız 19 faizi hazırkı status-kvonun saxlanmasını istəyir.