Şuşa: 21 sonra?

Şuşa qalası

-


“Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür ediniz. Bu, mənim şəhərimdir...Şəhərin hər nöqtəsi bir tarix söyləyir. İbrahim xan kahası, Məlik Şahnəzər kahası, Şahnişin, Cıdır düzü, Dövtələb, Divanxana qabağı, Topqapı...Hərəsi bir kitab, qanlı və dəhşətli bir səhifədir. Mən də bu macəralı şəhərdə dünyaya gəldim. Taleyim bu imiş!..”
Bu sətirlər Yusif Vəzir Çəmənzəminlinin “Həyatımın 20 ili” adlı xatirə qeydlərindəndir.
Bəlkə də, Yusif Vəzirin “Bu, mənim şəhərimdir!” – cümləsi məni titrətməsəydi, bu yazı yazılmazdı...

Yenə illər ötərdi, yenə 8 maylar gələrdi, yenə biz Şuşanın işğalının üstünə bir il də artırardıq və Mirzə Cəlil demiş, gedərdik işimizin-gücümüzün dalınca...

21 ildir belə etmirikmi?
21 il də belə edərik!
Biz bunu bacararıq!
Biz buna qadirik!


GET İŞİNİN-GÜCÜNÜN DALINCA!

Düzdür, Şuşadan söz düşəndə, bir az kövrəlirik, qəmlənirik, ən azı təəssüflənirik.
Amma sonra yenə də Mirzə Cəlilin dediyinə əməl edirik.

Gedirik işimizin-gücümüzün dalınca.

Oğul evləndiririk, qız köçürürük, cah-cəlal qururuq, şan-şöhrət axtarırıq...
Dəbdəbəli tədbirlər təşkil edirik, özümüzü olduğumuzdan daha bilgin, daha sivil göstərməyə çalışırıq.

Yetim malı yeyirik, ev yıxırıq, ev tikirik.

Daha nələr eləmirik?!

GÜL-ÇİÇƏKLİ ŞUŞA VƏ GÜL BAYRAMI

Şuşanın işğalından bircə gün sonra Qələbə gününü, ertəsi gün də “Gül Bayramı”nı qutlayırıq.

Bakını dünyanın dörd bir yanından gətirilmiş bahalı gül-çiçəyə bürüyürük. Onu şadlandırırıq.

Unuduruq ki, Şuşa orada təbii gül-çiçəklə susqun qalıb...

Zavallı Şuşa!

İşğal günündə də bəxtin gətirmədi.

Bir az o yan-bir az bu yan olmazdımı?

UCA DAĞLAR, UCA DAĞLAR BAŞINDA!

Cabbar əminin bir az ondan iraq düşəndə “Şuşu!”—deyib sızladığı şəhər...
Sübh çağı uzun ayrılıqdan sonra onu aşağıdan-yuxarıya seyr edincə bədahətən:
“Uca dağlar, uca dağlar başında,

Bir yar sevdim tirmə şal var başında” – deyib zəngulə vurduğu məkan...
Cəmi bircə dəfə gördüyüm, amma “bir könüldən-min könülə” vurulduğum yer...
21 ildir sənsizik.

SƏNSİZLƏMİŞİK!

Sənsizləmişik.

Bizi bağışla! İndi yox, nə vaxtsa Yusif Vəzir kimi gənc bir şuşalı yenə səni əbədiləşdirəndə bağışla.

Sənə eynən Yusif Vəzir kimi ağızdolusu: ”Bu, mənim şəhərimdir!” – deyə üz tutanda bağışla.

Onda bizi bağışla!

P.S. Yusif Vəzirin xatirələrində sevdiyim yerlər çoxdur. O yazır: ”Küçədə, evimizin qarşısındakı quyuluqda gözəl şərqilər söylərdilər. Saz və qarmon çalınardı. Nə oxuyanlar vardı! Axşam çağı qatıq almağa gedən uşaqlar qazanı yanağına dayayıb, elə bayatı, elə şikəstə oxurdular ki, adamın gözləri yaşarardı...Qafqazın bütün adlı-sanlı xanəndələrini bu şəhər yetirərdi...”