Gənclərin oyun dünyası

Arxiv foto

-

Diqqətləri bütünlüklə telefona yönəlib. Düymələri elə basırlar ki, barmaqlarını görmək olmur. Keçənə yol, oturmaq istəyənə yer vermirlər. Belə kütləvi «psixozu»u vaxtilə Moskvada, məşhur «Rubiks kubu»nun modaya mindiyi vaxt görmüşdüm. Hətta o vaxt da oyuna aludəçilik bu həddə deyildi. İndi isə oyuna aludəçilik sadəcə bütün hədləri keçib. Avtobusda, metroda, hətta iş yerində oynayırlar, xüsusən də gənclik arasında bu, əsl dəbə çevrilib.

OYUNUN MƏNTİQİ

Oyunun böyük fəlsəfəsi var. Hələ Plato (Platon) deyirdi ki, həyat özü bütünlüklə oyun deməkdir. Ona görə də əvvəllər yazılarda oyun sözünü işlətməyi olduqca sevirdim. J. Nash-in (J. Neş) nəzəriyyəsi ilə tanışlıqdan sonra bu həvəs daha da artdı. Gördüm ki, hər şeyi, iqtisadi münasibətləri, hətta demokratiyanın özünü bir oyun hesab etmək olar. Ona görə də tez-tez yazırdım ki, siyasət bir oyundur və məni böyük «avtoritet» hesab edənlər ardımca bu sözləri öz yazılarında tirajlayırdılar.

Gec-tez hər şeyə həvəs azaldığı kimi mənim də bir gün oyun sözünə marağım azalmağa başladı və bir gün ağlıma gəldi ki, bu məntiqlə bəlkə də 25 ildir ki, davam edən Qarabağ problemi və yaxud da elə bugünün Suriyası kimin üçünsə oyundur. Ya siyasətin soyuq məntiqini qəbul etməyə hazır olmadığımdan, ya da başqa bir səbəbdən belə oyunları sevə bilməzdim, çünki onlar barıt və qan qoxuyur.

Qarabağ nədir? Bu, hər gün ölüm təhlükəsilə üz-üzə dayanan gənclər, sahibsiz qalmış evlər, dağıdılan məzarlar deməkdir! Gördüm ki, belə şeyləri oyun adlandırmaq çox böyük hövsələ tələb edir.

Ona görə də daha «Siyasət oyundur» demirəm, çünki hətta belə olsa da, bu, çox təhlükəli, qorxulu oyundur. Oyunda hamı udmağa çalışır. Amma həyatın bir qədər fərqli məntiqi var-həmişə qalib olmaq, udmaq məqsədəuyğun deyil, çünki başqalarının da haqqı var…

Elə bu səbəbdən də gənclərin əlində telefon deyil, kitab görmək istəyirəm. Di gəl, bütün qatarda, hətta bütün stansiyada kitab oxuyan bir gənc görsən, bu, çox böyük işdir…

GƏNCLƏR NİYƏ AZ OXUYUR?

Şükür ki, oyunu və əyləncəni tamam inkar etmək həddinə də çatmamışıq. Bu da olmalıdı, xüsusən gənclər əylənməyi bacarmalıdırlar. Amma oyun və əyləncə iş arasında, dincəlmək üçün olmalıdır. İndisə tərsinədir.

Əvvəllər mən də gənclərin mütaliəyə az vaxt ayırmasından gileylənirdim. Gəl ki, bir gün ağlıma maraqlı bir fikir gəldi. Bəli, düşündüm ki, görüm, gənclərə hansı ədəbiyyatı oxuduruq? Və burada, necə deyərlər, barmağımı bir qədər dişləməli oldum.

Ona görə ki, gördüm məktəbdə uşaqlara ədəbiyyata çox yüngül bir münasibət aşılayırıq, hətta onlarda ədəbiyyata qarşı ikrah hissi yaradırıq. Bəli, lap əvvəl ədəbiyyatın təsnifatı haqda bir söz deyəcəm. Vacib deyil ki, hər əsrdə böyük ədəbiyyat yaransın.

Sovetlərin öz özəllikləri vardı. Onlar yeni sovet mədəniyyətinin yaranmasını nümayiş etdirmək istəyirdilər. Ona görə də sovet ədəbiyyatı yaranmışdı. İndi uşaqların günahı nədir ki, onlara həmin o, sovet ədəbiyyatını – çobanların bolşevik kimi püxtələşməsi, kolxoz sədrinin anti-sosialist elementlərin təsiri altına dəyişməsi haqdakı «əsər»ləri oxudur, onları hətta bu «əsərləri» əzbərləməyə vadar edirik.

Çox təəssüf ki, sovet ədəbiyyatına hələ də ciddi elmi qiymət verilməyib. Ara-bir görürsən ki, gənclər, hətta bəzi yaşlı insanlar hansısa «sovet klassiki»ni söyür. Amma söymək lazım deyil, sadəcə sübut etmək lazımdır ki, bu, ədəbiyyat deyil, onun içində əsl ədəbiyyat üçün bir-iki nümunə tapmaq mümkün olsa, bu, çox böyük işdir.

Fikrimiz rus ədəbiyyatına getməsin. Rusların hətta sovet dövründə Sholokhov, Bulgakov, Platonov kimi yazıçıları, Yesenin, Blok, Mayakovsky, Pasternak kimi şairləri vardı. Bizə qaldıqsa isə, 20-ci əsrdən bəlkə Cavidi və Hadini götürə bilərik.

Məsələ tək sovet ədəbiyyatında olsaydı dərd yarıydı. 21-ci əsrdə, dünya ədəbi simalarının dərin mətləblərə vardığı bir vaxtda, məsələn, Aşıq Ələsgər gənc insana nə verə bilər? İndi qoşma, gəraylı dövrüdürmü?

Bəlkə bundansa gənclərə dünya ədəbiyyatını tədris edək? Yaxın keçmişdə orta məktəb dərsliklərində dünya ədəbiyyatına da yer ayrılırdı. Amma bu, çox az idi. Ona görə də müasir və klassik dünya ədəbiyyatı haqda nəinki gənclərin, heç yaşlıların özlərinin təsəvvürü yoxdur. Bəli, sovetin vaxtında «Xarici ədəbiyyat» adlı dərgi çap olunurdu. Onunla müəyyən qədər boşluğu doldurmaq olurdu. Bəs indi nə var? Heç nə. Sadəcə, boşluq…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir