İran röyaları

Cənubi Qafqaz 1809-1817-ci illərdə

-

«Bir qrup iranlı deputatın Türkmənçay müqaviləsinin şərtlərinə yenidən baxılması haqdakı təklifi Azərbaycanı silkələdi» desək çox böyük ifrata varmış olarıq.

Ya İranın belə bəyanatlarına artıq alışdıqlarından, ya da ki, qonşu dövlətlə münasibətləri nəyin bahasına olursa-olsun korlamamaq istəyindən Azərbaycanın rəsmi siyasi dairələri bu dəfə də məsələni çox da qabartmamağa çalışdılar, yüngül bəyanatlarla məsələnin üstündən sakitcə keçdilər.

Elə «qeyri-rəsmi» dairələr də, İran-Azərbaycan münasibətləri ilə məşğul olan ictimaiyyət fəalları da xüsusi təşəbbüsdə bulunmadılar. Ona görə də birmənalı şəkildə demək olar ki, əgər jurnalistlər qabağa düşüb hansısa bir məsələni qabartmasalar, ona münasibət öyrənməsələr bu ölkədə heç kim öz şəxsi təşəbbüsü ilə qımıldanan deyil.

Bu səbəbdən elə ölkə jurnalistikasının münasibət jurnalistikasına çevrilməsi təəccüblü deyil, çünki cəmiyyətin müxtəlif kəsimləri arasında təsir və əks-təsir rabitəsi var.
O ki qaldı İranın növbəti təxribatına, bunun Azərbaycanda cənub problemi ilə bağlı keçirilən bir tədbirə cavab olduğunu düşünmək olar. Fəqət, elə bir təsəvvür yaranmamalıdır ki, İran sadəcə Azərbaycanda baş verən proseslərə reaksiya verməklə məşğuldur.

Təbii ki, belə deyil – İran Azərbaycana müdaxilə etmək, onun siyasətini öz maraqlarına uyğun yönəltməyə çalışmaq istəyi ilə həmişə seçilib. Amma burada diqqəti çəkən nədir?

Adı çəkilən məsələ ilə bağlı dırnaqarası qanun layihəsini hazırlamağı İranın azərbaycanlı deputatları öhdələrinə götürüblər.

Onlar bunu hazırlayacaq, ya hazırlamayacaq – əsas məsələ bu deyil, odur ki, İranda azərbaycanlıları təmsil edən deputatlar bir görün, hansı durumdadır! Müstəqil dövləti, özü də BMT TŞ-nın qeyri-daimi üzvü olan dövləti onlar belə asanlıqla öz tərkiblərinə qatırlarsa, daha burada deyiləsi söz qalmır…

BU TƏRƏFDƏ S. RÜSTƏM, O BİRİ TƏRƏFDƏ M. ŞƏHRİYAR…

Bəlkə də bir vaxtlar, sovetlər dönəmində Azərbaycanda cənub problemi ilə bağlı səslənən fikirlər, bu mövzunun ədəbiyyatın, ümumiyyətlə mədəniyyətin predmetinə çevrilməsi bir o qədər də səmimi görünmürdü. Ona görə ki, o vaxt Sovet İttifaqı vardı və düşünmək olardı ki, mövzunu məhz o, yönəldir, o, idarə edir.

Artıq Sovet İttifaqı yoxdur. İndi bu tərəfdə səslənən fikirlər tamamilə Azərbaycan insanlarının düşüncələridir, çünki onların elə bir təəssübkeş dövlətləri də yoxdur ki, fikirləşəsən ki, bunları da məhz dövlət edir, dövlət yönəldir.

Əgər olsaydı bu tərəfdə indi də «Təbrizim»» deyən və Təbrizi özünün əsas ədəbi motivinə çevirən şairlər, yazıçılar olardı, amma yoxdur, çünki olanlar belə məsələlərin dövlət tərəfindən yönəldilməsinə adət ediblər.

Üstəlik, bədbəxtlikdən bölünmüş vətənin dərdlərinə ağlamaq üçün yerli və xarici qrantlar da ayrılmır.

Bir neçə ay bundan əvvəl bir ABŞ konqresmeni İran Azərbaycanı problemini qabartmağa çalışmışdı və hətta Bakıda da olmuşdu. Amma Bakıda ona nə dedilərsə, bir daha həmin konqresmendən xəbər çıxmadı, elə bil bu məsələ heç olmayıbmış.

Nədənsə bölgənin geosiyasi arxitekturası ilə bilavasitə məşğul olanlar da İran Azərbaycanına elə bir diqqət yetirmirlər. Sovetlərin missiyası aydın idi – onlar sosializmi yaymaq istəyirdilər.

Fəqət, bir qədər əvvələ gedəndə görürsən ki, bu bölgədə Rusiya nüfuz üstündə həmişə İranla mübarizə aparıb, onun bölgədəki nüfuzunu zəiflətməyə cəhd edib.

Amma demokratiya missionerliyi ilə məşğul olan dövlətlər bölgədə bir o qədər də aydın siyasət yürütmürlər. Bəli, İranı təcrid edirlər, ona qarşı sanksiya tətbiq edirlər, onun nüvə silahı əldə etməsinin qarşısını almağa çalışırlar. Amma İranın daxilindəki «rıçaq»lar haqqında düşünmürlər. Bu qovğada hansı daxili «rıçaq»lardan istifadə etmək olar, İranın dinc yolla transformasiyasını necə təmin etmək olar?

Təəssüf ki, bu sualları cavablandırmaq iqtidarında olan geosiyasi konsepsiya yoxdur.
Bir çox hallarda geosiyasi konsepsiyalar mədəniyyətləri də yönəldir, onlara yeni məzmun verir. Biz nə qədər partiyasız ədəbiyyat haqda danışsaq da, ideyasız ədəbiyyatın da lüzumsuz bir şey olduğunu qəbul etməliyik. Bəlkə də bu səbəbdən bu gün bu tərəfdə S. Rüstəm, o biri tərəfdə isə M. Şəhriyar yoxdur.

KİÇİK SÖZARDI

Yazının adında «röya» sözü var. Şərqdə gecələr nağıl söyləməyi sevirlər və təsəvvür edək ki, bu məsələ də İranın növbəti nağılı oldu, lap elə «Min bir gecə» nağılı kimi. Amma İran Azərbaycanı nağıl deyil. İranda gec-tez buna əmin olacaqlar, çünki bütün dünyada tərəqqi bir istiqamətdə gedir - azadlıqların genişlənməsi istiqamətində…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir