Atılmış 4 yaşlı qızın valideynlərini sosial media tapdı

-
Atılmış körpənin valideynlərinin tapılmasında sosial media yardımçı olub.

4-5 gün əvvəl ABŞ-ın Cənubi Karolina ştatında 4 yaşlı qızcığaz köməksiz vəziyyətdə tapılıb. Uşaq xəstəxanaya aparılıb. Polis isə araşdırmalara başlayıb.

«Balaca Jane Doe» adını alan qızla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Onun şəklini 2 milyon adam paylaşıb. Nəticədə adının Zoe Brown olduğu bəlli olan qızın ata-anası aşkar edilib.

Polis onun 31 yaşlı atası Alonzo Brown və 37 yaşlı anası Tongela Denise McBride-ı həbs edib. Onlar uşağa qarşı ehtiyatsız davranmaqda ittiham olunurlar.

Cənubi Karolinanın Anderson şəhərinin polisi «Facebook» səhifəsində qızcığazın fotosunu yerləşdirib və yazıb ki, onlar uşağın şəxsiyyətini müəyyənləşdirə bilmirlər:

«Sosial media informasiyanın yayılmasında böyük vasitədir və biz sizin bu məlumatı yaymaqda yardımınızı qiymətləndiririk».

Polis mediaya bildirib ki, fotonu yayandan sonra onlara çoxlu zəng olub və atılmış körpənin qayğısını çəkmək istəyi bildirilib.

Zoe Brown-un valideynləri Corciya ştatında tapılaraq həbs olunandan sonra polis öz «Facebook» səhifəsində araşdırmanın nəticələrini paylaşıb və köməyə görə sosial şəbəkə istifadəçilərinə təşəkkürünü bildirib.