Unudulan Qarabağ, yadda qalan Minsk qrupu

ATƏT-in Minsk qrupunun həmsədrləri

-

Martda gözəl bayramlarla bahəm bir gün də var ki, adam onu xatırlayanda ağlına gələn ilk fikir bu olur ki, kaş, heç bu gün olmayaydı. Yəqin, Qarabağ probleminin tarixinə bələd olanlar söhbətin nədən getdiyini başa düşdü. Bəli, söhbət 24 martdan, Minsk Qrupunun yaranması günündən gedir. Vallah, Minsk gözəl şəhərdir, bu qrupda təmsil olunan dövlətlər də gözəl dövlətlərdir, amma daha yaxşı olardı ki, bu qrup tamam başqa bir məqsəd üçün yaradılaydı, Qarabağ adlı problem isə heç olmayaydı. Mümkün idimi bu? Prinsipcə, mümkün idi. Əgər dünya hüquqa və haqqa bağlılığını qorusaydı, azərbaycanlılar isə daxili çəkişmələrə aludə olub, rayonları bir-birinin ardınca tərk etməsəydi və bilsəydi ki, itirilmiş rayonları geri qaytarmaq onları itirməkdən yüz dəfə çətin olacaq, bu, problem onda olmaya bilərdi. Eləcə də, heç olmasa, bircə dəfə BMT də özünün qəbul etdiyi qətnamələrin icrası ilə ciddi şəkildə maraqlansaydı, onda bəlkə bu problem olmazdı. Amma nə yazıq ki, tarix onunla şərtlərlə danışmağı sevmir. Bu xüsusda indi deyə biləcəyimiz hər bir şey, olsa-olsa, utopiya janrında yazılmış bir yazını xatırlada bilər. Ona görə də reallığa qayıdaq, bəli, olmaya bilərdi, amma oldu. Nə edək? İndi lazımdır ki, bu problemdən qurtuluş, çıxış yolunu arayaq.

İ. ƏLİYEVİN ÇIXIŞINA KİÇİK BİR ŞTRİX

İ. Əliyev Novruz şənliklərinə həsr olunmuş çıxışında bir daha hamını əmin etdi ki, o, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. O, həmişə belə deyir və Ermənistanın daha bir ssenarisindən xəbərsiz olduğunu büruzə verir. O, gərək həm də desin ki, Azərbaycan torpaqlarının hesabına Ermənistan dövlətinin genişləndirilməsinə də icazə və imkan verilməyəcək. Hazırda Ermənistan məhz bunu edir, Qarabağ faktiki olaraq Ermənistanın ərazisi kimi yaşayır – qarabağlı ermənilər Ermənistanda seçkilərdə iştirak edir, maliyyəni ordan alır, ordusunu onun hesabına yaşadır. O ki qaldı, ümumiyyətlə, İ. Əliyevin çıxışlarına, bunun ucuz siyasi ritorikadan başqa bir dəyəri yoxdur. Vədlər 20 ildir ki, verilir. Əgər indi Minsk Qrupunun yaranmasının 21-ci ilini qeyd ediriksə, YAP-ın da hakimiyyətdə olmasının 20 ili tamam olub. Düzdür, dünyanın başqa münaqişələri ilə müqayisədə Qarabağ problemi bəlkə də cavan görünür, amma bu gedişlə onun ahıl və qocalıq çağını da yaşamaq lazım gələcək. Bir vaxt problemə tətbiqən heç olmasa «son proseslər», «son görüşlər» kimi ifadələr eşidirdik. Amma artıq bu ifadələri də işlətməyin yeri deyil, çünki nə son görünür, nə də ki, bir hadisə baş verir…

RUSİYANIN UNUDULMUŞ TƏŞƏBBÜSÜ

D. Medvedevin təşəbbüsündən sonra Rusiyanın bu biçimdə fəaliyyətinə son verildi. Hansı səbəbdən baş verdiyini demək çətin olsa da, V. Putin D. Medvedevə müvəqqəti olaraq verdiyi hakimiyyəti geri aldı, amma onun Qarabağ təşəbbüsünə yiyə durmadı. Bir daha deyirik ki, səbəbi məlum deyil. Hətta Rusiyanın təşəbbüsü davam etsəydi belə bunun problem üçün hər hansı təkan olacağını güman etmək sadəlövhlük olardı. 21 ildir hamı bu təkanı gözləyir. Amma mənasızdır. Rəsmi Bakı hələ də özünü elə göstərir ki, sanki Qarabağ problemində Rusiyanın heç bir iştirakı yoxdur, o, tam neytraldır.

Rusiya da belə görünmək istəyir. Amma inanan varmı? Başqa böyük dövlətlər Rusiyanın keçmiş SSRİ ərazisindəki münaqişələrin çözülməsində iştirakını ona görə istəmirlər ki, Rusiya bu ərazidə şəksiz nüfuza malikdir, ona görə istəyirlər ki, Rusiyanın bu münaqişələrin yaranmasında fəal iştirakı olub və var. Dərinə gedəndə, Rusiya da bunun fərqində deyil. Sanki o demək istəyir ki, necə istəyirsiniz elə də başa düşün, amma mən burada varam…

BU İLİN GÖZLƏNTİSİ

Bu il üçün çox güman ki, ciddi bir təşəbbüs olmayacaq, ona görə yox ki, ilin sonu 13 ədədi ilə bitir. Ona görə ki, ölkələrin birində ilin əvvəlində, o birində isə sonunda prezident seçkisi vaxtıdır. «Ermənistan artıq seçib» deyə bilməsək də, bu ölkədə müxalifətin etirazına rəğmən prezident seçkisinin bitdiyini, başa çatdığını demək mümkündür. Azərbaycanda isə bu, hələ payızda olacaq. İlin sonu ilə əvvəlinin ortası yaz-yay aylarına təsadüf edir.

Qarabağ problemi ilə bağlı olmasa da, məhz bu dövrdə hər iki dövlətdə siyasi vəziyyətin nisbətən mürəkkəbləşməsi istisna edilmir, çünki hər iki ölkənin müxalifəti «siyasi bahar» vəd edir. Belə vaxtlarda isə Qarabağ yada düşmür, çünki hər iki ölkədə hakimiyyətlər prezident kürsüsünü qorumağa daha çox meyllidir, nəinki Qarabağı…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir