Novruz da siyasi teatra çevriləndə...

Arxiv foto. Prezident Ilham "liyevin keçən il Bakıda keçirilən Novruz şənnliyində iştirakı zamanı şəkilən foto.

-

BAŞQALARININ BAYRAM PERSONAJLARI HƏDİYYƏ PAYLAYIR, BİZİMKİ HƏDİYYƏ İSTƏYİR

Hər şeyin mövsümü olduğu kimi sözlərin də mövsümü var. Bayramlar da sözlərin mövsümüdür, özü də xoş sözlərin. Lap qədimdən xalqın arasında bir deyim var ki, bayramdır, fikir vermə. Bu yolla insanlar bayram vaxtı qan qaralda bilən şeylərdən qaçıblar. Çox maraqlıdır ki, Azərbaycanda bayram deyəndə həmişə Novruzu başa düşüblər. Elə mən də bir-iki kəlmə bu Novruz günlərində yaşadığımız hisslərdən yazmaq istəyirəm.

Son illərdə bütün başqa mətləblər kimi Novruz da təftiş olunub. Yadımda qalan budur ki, deyirdilər, niyə başqa millətlərin bayram personajları hədiyyə paylayır, amma bizimki, camaatdan alır? Biri də bu idi ki, nədən Novruzun personajları qüsurlu adamlardır – keçəl və kosadır?

Mən indi bunu əməlli- başlı təhlil etmək fikrində deyiləm. Bircə onu deyə bilərəm ki, yəqin bayramın qəhrəmanlarının keçəl və kosa olması bir növ məzhəkə və həm də sadəlik rəmzidir. Başqa heç nə bilmirəm.
...dilimiz həm də bizim milli yaltaqlarımızın dilidir, çünki onlar bu dildə yaltaqlığın unikal nümunələrini yaradıblar.

Bir də demək istədiyim bir şey var. Bir dəfə yazmışdım ki, dilimiz həm də bizim milli yaltaqlarımızın dilidir, çünki onlar bu dildə yaltaqlığın unikal nümunələrini yaradıblar. İndi bu Novruz günlərində həmin sözləri xatırladım.

Nədən belə olur? Niyə siyasətçilərin qarışdığı, baş qoşduğu hər şey öz dəyərini itirir? Yox, deyəsən, aydın olmadı. Onda bir qədər ətraflı…

BOZ QURD ƏSATİRİ NİYƏ GÖZDƏN DÜŞDÜ VƏ YAXUD NOVRUZ TEATRI…

Heç vaxt hər şeyi bir hakimiyyətin üstünə yıxmağın tərəfdarı olmamışam. 80-cı illərin sonunda çoxlu «kəşf»lər olurdu, cəmiyyət öznünün unutduğu tarixi simvolları özü üçün yenidən tapırdı. Belə simvollardan biri boz qurd idi. Maraqlı və cəlbedici, sözün əsl mənasında etnik bir simvol idi. Onun haqqında düşənəndə yadıma türk dünyası ilə bəraəbər qədim Roma şəhəri də düşürdü. Əslində romalıların qurd obrazına sayğısı bizim üçün örnək olmalı idi.

Amma boz qurd simvolunun axırı nə oldu? Axırda boz qurd vəsiqə oldu və AXC hakimiyyətinin qılığına girə bilmiş partokratların hamısı öz cibində bu vəsiqəni gəzdirirdi… Soruşacaqsınız ki, Novruzun bura nə dəxli? Məsələ də bundadır ki, dəxli var. Novruz da Əliyevlərin hakimiyyəti dövründə gözdən düşdü, keçəl və kosa ölkədə yaltaqlıq obrazlarına çevrildi.

Əvvəllər şahlar, əyanlar bayram vaxtı gəzintiyə çıxırmış. İndiki hökumət də belə edir. Özü də prezidentin döyüşdürdüyü yumurta heç vaxt sınmır, o bu yarışda keçəli də, kosanı da həmişə udur.

Amma prezidentin üstünlükləri tək bununla bitmir. O, heç bir çətinlik çəkmədən pəhləvanların qolunu yerə vurur! Kosa prezidentin xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxır. Beləcə, Novruz milli folklor teatrından dönüb olur əsl siyasi teatr.
...prezidentin döyüşdürdüyü yumurta heç vaxt sınmır, o bu yarışda keçəli də, kosanı da həmişə udur. Amma prezidentin üstünlükləri tək bununla bitmir. O, heç bir çətinlik çəkmədən pəhləvanların qolunu yerə vurur!

Kosa prezidentin xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxır. Beləcə, Novruz milli folklor teatrından dönüb olur əsl siyasi teatr.

Adam bütün marağını itirir bu bayrama. Bir çarə qalır ki, televiziyaya-filana baxmayasan və ən azı bir neçə gün «efir»ə yox deyəsən.

Ona görə bir qədər əvvəldə qeyd etdim ki, siyasətçilərin baş qoşduğu istənilən iş təəssüf ki, sonda dönüb heç olur, dəyərini itirir, siyasiləşir.

Bununla milli simvolları siyasət adamlarının üzünə bağlamaq istəmirəm, çünki onlar siyasətə də milli məzmun verir.

Amma nədənsə tərsinə olur, siyasət milli məzmun almaq əvəzinə, bayram və yaxud da başqa bir milli simvol siyasiləşir, hətta deyərdim, bayağılaşır.

O həddə çatır ki, adam nihilistləşmək, hər şeyi inkar etmək istəyir.

KİÇİK SÖZARDI

Təbii ki, bu bayram də keçəcək, növbəti bayram gələcək. Amma adam «Beləcə hər şey təkrarlanacaq» - demək istəmir, çünki bütün bu bayağılıqlara bir gün son qoyulmalıdır. Təbii ki, ən yaxşı dövrdə belə siyasətçilərin bayramlara, milli tədbirlərə müdaxilə etmək cəhdi qalacaq, axı, bu, siyasətdir, siyasətçi hər şeyi özünün PR kamapaniyasına çevirməyə çalışır.

Amma ümid edək ki, nə vaxtsa hər şey reallıqda olduğu kimi olacaq – prezident yumurta davasında uduzacaq, pəhləvanlar prezidentin qolunu asanlıqla yerə vura biləcəklər…

Bunlar müəllifin şəxsi mülahizələridir.
Bu mövzuda sənin də fikirlərin varsa,
aşağıdakı foruma yaz, polemikaya qoşul.