Mobil telefondan məhbusa mesaj

FSİN Məktub

Mobil telefondan məhbusa şəkil ya məktub göndərmək olarmı?
Rusiyada bu, artıq mümkündür.

Ölkənin Penitensiar Xidməti bu aydan smartfonlar üçün yeni proqram tətbiq edir. Proqramın adı “FSİN Pismo”dur, yəni Federal Penitensiar Xidmət Məktubudur.

Bu proqram iOS (Apple) və Android smartfonlarında işləyir.
Proqramın köməyi ilə həbsxanada olanlara şəkil, məktub göndərmək olar.

Bəs həbsxanada olan məhbusun telefonu yoxdursa, o bu şəkilləri, məktubları necə alır? Və yaxud məktubda yazılanı necə yoxlayırlar?

Bu iki problemin bir həlli tapılıb: məktub məhbusa birbaşa göndərilmir, şəkillər, məktublar əvvəlcə həbsxanaya gəlir, orda isə 3 gün ərzində həmin şəkil, məktub kağızda çap olunaraq məhbusa verilir.

Xidmətin qiyməti 1 səhifə üçün 1 dollardır. 1 səhifəyə 1000 işarəlik mətn, yəni təxminən bir kitab səhifəsinin yarısı yerləşdirilə bilir. Proqram başlanandan artıq 180 min mesaj göndərilib.

Moskvadakıə 5 saylı cəzaçəkmə müəssisəsindən Aleksandr Polkin RİA-Novosti agentliyinə deyib ki, bu mobil telefon proqramı unikaldır, yəni dünyada heç yerdə yoxdur.

Bu ideya isə 2008-ci ildəki bir təcrübədən götürülüb. O vaxt belə xidmət göstərilməyə başladı ki, hər bir adam kompüter vasitəsilə həbsxanaya məhbusa mesaj göndərə bilsin. Sonradan bu mesajlar təhlil olunanda məlum oldu ki, mesajların 30 faizi smartfonlardan göndərilib.

Onda qərara alındı ki, smartfonlar üçün xüsusi proiqram hazırlansın.

MƏHBUSA YEYİNTİ MALLARI

Rusiyada məhbuslar üçün bu, yeganə belə xidmət deyil.

“FSİN Zakaz” xidməti ilə məhbəsdə olanlara öz yaxınları yeyinti malları sifariş verə bilirlər.

RÜŞVƏT MƏLUMAT BAZASI

Belə proqramları təkcə hökumət hazırlayıb, həyata keçirmir.

Rusiyada gənclər “bribr” adlı proqram hazırlayıblar. Bu proqramın köməyi ilə rusiyalılar verdikləri rüşvəti ölkə miqyaslı data bazada yerləşdirə bilirlər. Hal- hazırda bu göstərici bazasında 11 milyon 460 min rubl, yəni təxminən 272 min dollar məbləğində rüşvətlər haqda məlumat var.