Siyasət göz yaşlarına inanırmı?

Gürcüstan prezidenti M.Saakashvili

-
Ölkəsində hakimiyyət «rıçaq»larını demək olar ki, itirmiş və «nominal dövlət başçısı»na çevrilmiş Gürcüstan prezidenti M.Saakashvili-nin (M.Saakaşvili) Bakı səfərinin rəsmi tərəfləri, protokol qaydaları yerində olsa da, səfərin məzmunu və məqsədi hamını bir qədər qeyri-müəyyənlikdə qoydu. Əslində isə hər şey çox aydın idi. İngilislərin bir deyimi var:«farewell tour». Mənası da çox sadədir: vida turu. Bəli, buna vida turu demək olardı. Amma gürcü prezidenti siyasətlə tamam vidalaşmaq əzmindədirmi? Yəqin ki, Bakıya iki günlük səfəri çərçivəsində o, həm də bu suala cavab axtardı. Bakı belə məsələlərdə elə bir siyasi avtoritet sayılmasa da İ.Əliyevi bir çoxu üçün maraqlı edən onun təkcə enerji resurslarına malik olan ölkənin prezidenti olması deyil, həm də çox varlı adam olmasıdır.

Bu, isə siyasi karyerasını demək olar ki, başa vurmuş siysətçilər üçün o qədər də əhəmiyyətsiz hesab edilmir. M.Saakashvili təqaüdə çıxmaq üçün hələ çox cavandır, ona görə də həyatının qalan hissəsini də maraqlı etməkdə İ.Əliyevin ona köməyi dəyə bilər. Amma rəsmi Bakı Gürcüstana münasibətdə bir qədər qarışıq siyasi hisslər keçirir, necə deyərlər, kimin kim olmasını müəyyənləşdirə bilmir. Təsadüfi deyil ki, qısa zaman kəsiyində qonşu ölkənin baş naziri də, prezidenti də Azərbaycanda eyni ehtiram və təmtəraqla qarşılandı. Bakı üçün tez–tez sürprizlər yaradan yeni baş nazirdən fərqli olaraq prezident M.Saakashvili təbii ki, daha əlverişli siyasi fiqur idi. İndi onun gələcək siyasi planları ilə bağlı yalnız ehtimallar səsələnsə də belə bir adamın Gürcüstan siyasətində qalması təkcə rəsmi Bakı üçün deyil, elə ölkənin özü üçün də ziyanlı olmazdı, bəlkə də xeyri dəyərdi, çünki ruslar dəfələrlə deyib ki, Cənubi Qafqazı götürmək üçün Azərbaycana toxunmaq lazım deyil, Gürcüstan götürülsə Azərbaycan özü çökəcək. Lakin baş nazir B.Ivanishvili-nin (B.İvanişvili) məmurlarının Rusiya ilə davranışını «qul mentaliteti» adlandıran M.Saaakashvili-nin çox təəssüf ki, ölkə daxilindəki elektoral resursları qaydasında deyil. Daha çox o tərəflərə gedib-gəlmiş insanların qənaətini əsas götürsək də, belə fikirdəyik ki, gürcü prezidentinin siyasi revanş götürmək imkanları bir o qədər də böyük sayılmır. Gürcüstan siyasi mühiti Azərbaycandakından çox fərqlidir, orada siyasətçilərin «başını sığallamağı» sevmirlər, onların xidmətlərini də tez unudurlar.
İKİ QOÇUN BAŞI MƏSƏLƏSİ, YOXSA BAŞQA SƏBƏB?
Gürcüstandakı siyasi çəkişmələr Azərbaycanda baş versəydi, deyərdilər ki, qardaşlar, bir-birinizi «didməyin», birləşin və millət üçün bir gün ağlayın, çünki bizim cəmiyyət çox kövrəkdir və siyasətə də sentimental hissləri qatmağı sevir. Amma orada tamam başqa atmosfer hökm sürür, gürcü cəmiyyəti hətta baş nazirlə prezidenti barışdırmağa tələsmir, əksinə onlardan birinin siyasi səhnəni tərk etməsini gözləyir. Baş nazir siyasətə biznes mentalitetilə, prezidentsə siyasi mentalitetlə yanaşır. Amma onların arasında başqa bir fərq də özünü hiss etdirir. M.Saakashvili-nin də siyasətində bəzi xristian çalarları vardı. Məsələn, hakimiyyətə gələndən dərhal sonra o, ölkəsinin bayrağını dəyişdi, onu xristian simvolları əks olunmuş yeni bayraqla əvəz etdi. Amma bütün bunlara baxmayaraq onun siyasətində ən öndə olan məsələ ardıcıl qərbçilik siyasəti idi. Baş nazirin siyasəti isə bir qədər fərqlidir, onun siyasətində xristian çalarları üzdə yox, daxildədir. B.Ivanishvili bölgədə Ermənistanla əməkdaşlığa daha çox meyl edir. B.Ivanishvili-nin xarici siyasətdə balans yaratmaq istəyi bəzən ironiya doğurur. Amma bir məsələ var. Azərbaycan rəsmiləri belə balansla ölkəni 20 il idarə edə və hakimiyyətdə qala bildilərsə gürcü siyasətçiləri nədən bundan yararlanmasın? Siyasət bəzən birmənalı bəyanatları sevmir, xüsusən də qarışıq geosiyasi bölgələrdə. M.Saakashvili-nin siyasi səmimiyyəti təqdirəlayiq olsa da belə birmənalı səmimiyyətlə ölkə çox da uzağa gedə bilməzdi. Bəzən siyasətçilər öz üzərilərinə «milli tribun» funksiyasını da götürməyə çalışırlar. Amma bunun faydasından çox ziyanı olur. Bəli, gürcü prezidentinin sayəsində ölkə və onun cəmiyyətində qərbpərəst mövqe möhkəmləndi. Amma ölkə həm də belə hesab edirdi ki, onun hələ Rusiyaya ehtiyacı var. M.Saakashvili isə nəinki vaxtında və hətta indinin özündə də bunu nəzərə almır. Bu günlərdə özünün sərt bəyanatı ilə o, ticarətlə bağlı Rusiya ilə əldə olunmuş kövrək razılaşmanı zərbə altına qoydu, Gürcüstan şərablarının keyfiyyətini yoxlamağa gəlmiş rusiyalı məmurların nümayişkəranə şəkildə ölkəni tərk etməsinə səbəb oldu. Bu siyasətin onun üçün nəticəsi isə artıq izhar olunub: son seçkilərdə gürcü cəmiyyəti göstərdi ki, gənc prezidentin vədlərindən kökə bişirmək fikrində deyil, üstəlik onu baş nazirin və qalib siyasi koalisiyanın hücumlarından qorumaq da istəmir…
KİÇİK SÖZARDI
Rəsmi Bakının Gürcüstan prezidenti ilə münasibətlərində bir çalar da vardı.
Gürcü prezidentinin timsalında rəsmi Bakı hakimiyyətin mühüm lobbiçilərindən birini itirə bilər. Sirr deyil ki, M.Saakashvili arabir özünün Qərb resurslarından istifadə edərək Bakı ilə Qərb arasında yaranan problemləri aradan qaldırmağa çalışırdı və hətta buna müvəffəq də olurdu. İndi rəsmi Bakıya özü üçün belə bir funksiyanı yerinə yetirmək iqtidarında olan başqa bir siyasətçi aramaq lazım gələcək və təbii ki, bu, onu narahat etməyə bilməz. Amma siyasət siyasətdir, necə deyərlər, o, göz yaşlarına o qədər də inanmır, xüsusən də bu göz yaşları «timsah göz yaşları» olanda…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir