Azərbaycanlıları ən çox narahat edən nədir?

Rəşid Şərifin karikaturası

-

Bəlkə də bu suala ritorik cavab vermək olardı. Son illər onları ən çox narahat edən budur ki, onlar belə suallar eşitmirlər və eşidəndə də ona sidq-ürəkdən, doğru cavab verə bilmirlər: hər şeydən ehtiyatlanmaq, «birdən hökumət adamları olar, xəbərləyərlər» deyə düşünmək indi azərbaycanlılar üçün çox xarakterikdir. Çoxu hətta bunu da etiraf etməyə çətinlik çəkir, daxili «eqo»su buna mane olur, dildə özünü bütün rejimlərdə və situasiyalarda azad hesab etdiyini deyir, amma elə ki, sorğu kağızını uzadırsan və yaxud da ki, mikrofonu yaxınlaşdırırsan, onda başlayır… Amma onları narahat edən suallar bizim üçün həqiqətən də maraqlıdır. Əgər sorğu keçirsəydim narahatlıq yaradan problemləri aşağıdakı kimi sıralayardım.

- Dağlıq Qarabağ probleminin bu vaxta qədər həll olunmaması.

- Ölkədəki korrupsiya və rüşvətxorluq.

- Siyasi azadlıqların məhdudluğu.

- Ailəmin və uşaqlarımın gələcəyi.

Çox maraqlı olardı, görən, azərbaycanlılar bu məsələlərdən hansına daha çox üstünlük verərdi? İndi güman yalnız söhbətlərə və bir də internet sorğularınadır. Amma söhbət çox az adamı əhatə etdiyindən, internet sorğusu isə ictimai sorğunun bəzi tələblərinə cavab vermədiyindən burada da çətinlik yaranır. Məsələn, bu yaxınlarda bir diplomat dedi ki, onun insanlardan eşitdiyi giley daha çox korrupsiya ilə bağlıdır. Niyə də olmasın? Prinsipcə, bu, mümkündür, çünki korrupsiya həqiqətən də artıq ümummilli problemə çevrilib. Ən əsası isə ona qarşı «mübarizə» kəskinləşdikcə onun miqyasları daha da böyüyür. Amma ərazisinin 20 faizi işğal altında olan ölkənin vətəndaşlarını başqa problemlər də qayğılandırmalıdır. Bir daha qeyd edirəm ki, sorğu keçirmək olsaydı narahatlıq yaradan problemlərin iyerarxiyasını bilərdik, görərdik ki, hansı problemə diqqət daha çox üstünlük təşkil edir və yaxud da əksinə, hansı problem insanları daha az qayğılandırır? İndi isə biz qaranlıqda qara pişik axtaranlara bənzəyirik.

BİR DİPLOMATİK GİLEY HAQQINDA…

Bir neçə il bundan əvvəl bir diplomat müsahibəsində gileylənmişdi ki, partiyalarla, ictimai təşkilatlarla görüşlərdə heç kim Dağlıq Qarabağ probleminə toxunmur, daha çox layihələr təklif edir və qrantlar haqqında danışırlar. O vaxt bu etiraf mənə çox təsir etdi, o vaxta qədər düşünürdüm ki, yəqin ən azı partiyalar ilk fürsətdəcə Qarabağ problemini qaldırır, ona öz baxışlarını izhar edirlər. Amma sən demə belə deyilmiş. Bəlkə də bunu oxuyanda deyəcəksiniz ki, Ağ Evə bu il yüz mindən artıq müraciət olundu, amma buna cavab verildimi? Nə demək olar? Onu demək lazımdır ki, bir qədər də israrlı olmaq, növbəti illərdə də müraciət etmək lazımdır. Ermənilər hər il müraciət edir, ABŞ prezidentinin dilindən «soyqırımı» ifadəsini eşitmək istəyir, amma xoşbəxtlikdən prezident bunu demir. Amma dünya erməniləri həvəsdən düşmür. Onlar bu məsələləri on illərdir ki, başlayıblar və bu gün də davam etdirirlər. Amma biz çox «impulsiv» millətik, səbrimiz çatmır, dərhal məqsədə çatmaq istəyirik. Nə isə. Sözüm bunda deyil.

Belə müraciətlərin Ağ Evə göndərilməsinin bir başqa xeyri də var. Orada nəticə çıxarırlar ki, bəli, bunlar Qarabağ problemi, Xocalı faciəsi haqda düşünürlər, buna görə narahatlıq keçirirlər. Təsəvvür edin, münaqişə 25 ildir ki, davam edir. Amma bu müddət ərzində ilk dəfədir ki, belə bir aksiya keçirilir. Çoxdurmu? Əsla. Çox güman ki, ermənilərin müraciətlərinə də diqqət birdən-birə yaranmayıb, bu da tədricən olub. Məşhur bir filmdə deyilən kimi: «Moskva birdən tikilməyib…».

SİZİF İNADI

Buna «ümidsiz mübarizə» də deyirlər. Amma bunun tərəfdarı deyilik. Ümid, xüsusən də inam mütləq lazımdır. Sizifdən yalnız inadı götürməliyik. Bir qədər əvvəl bir diplomatın gileyindən yazdım. Bu illər ərzində nə qədər yol keçilib! Amma biz hələ dağın ətəyindəyik. Tələsmək lazım deyil, zirvə olacaq, mütləq olacaq. Bunun üçün aşağı yox, daim yuxarı baxmaq lazımdır, yalnız yuxarı! Onda zirvə daha yaxşı görünür. Bu yolla həm də bizi narahat edən «zirvələr» haqqında təsəvvür də yaranır, bizi başqa aspektdən tanımağa başlayırlar, tanıyandan sonra isə nəticə çıxarırlar…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir