Siyasətlə bağlı qatı açılmamış suallar

Niyazi Mehdi

-
SİYASƏTDƏ CİK VƏ BİK


Mən (və çoxları) siyasətdən yazanda camaatı öyrədirəm kimi yazıram. Əslində isə özüm öyrənirəm və öyrəndiklərimi yazıram. Di gəl öyrəndiklərim həmişə yenə yanıltmaclar gətirib çıxarır. Nəyinsə cikini-bikini bilimək çox zor. Bazarda, birja zalında çox bulunub cikini-bikini bilmək duyğusuna qazanmaq olur, Nyu-Yorkda bir-iki il yaşayıb cikini-bikini bilmək kimi. Ancaq siyəsətdə necə? ABŞ Konqresində, Avropa Birliyinin kluarlarında fırlana-fırlana cikini-bikini bilmək olurmu? Gaddafinin, Mubarakın taleyi göstərirmi ki, siyasətin cikini-bikini bilmək olur? Onların vaxtında aradan çıxmaması göstərir ki, olmur. Strauss-Kahnın axırı da bunu göstərir…

ASANLIQ ALDANIŞLARINA ÖRNƏKLƏR

Həm dış, həm də iç siyasətin paradoksu var, şahmatdakı kimi. Şahmatı yaxşı bilməsəm də onunla ilgili qavrayışda belə paradoksu görmüşəm: fiqurları taxtada ora-bura qoymaq akrobat nömrələri deyil ki, çətin tullanışlar-fırlanışlar təsiri bağışlasın. Fiziki planda damalarla hərəkat çox asandır. Ona görə də profanlar, özü oynamırsa, qıraqdan baxırsa, şahmat asan görünür. Hətta bir az oynamağı bacaranda debüt başlanğıcı da standart gedişlərə görə asan görünür.

Şahmatın çətinliyini ustadla oynayanda duyursan. Aydın olur ki, fiquru burdan ora qoymaq asandır. Çətin olan «hara qoysan, düz olar?»ı tapmaqdır. Yaxşı şahmatçı qarşısındakının seçim azadlığını və seçim variantlarını getdikcə daraldan, özünə sərfəli edən vəziyyəti yaradan gedişləri tapandır.

KƏŞFİYYATDA ASANLIQ ALDANIŞI

Onu da deyim ki, oxşar duruma, yəni asanlıq duyğusuna kəşfiyyatçılar öz həyatlarını danışanda düşürsən. Deyir eşitdim ki, evə gələcəklər, aradan çıxdım və ya filan informasiyanı almaq üçün orada işləyən filankəslə dostlaşdım və s. Fiziki yöndən hamısı asan davranışlardır, gündə belə işləri üç-dörd dəfə edə bilərik. Ona görə də kəşfiyyatçıların (eləcə də siyasilərin) memuarlarını oxuyanda asan gedişlər aldanışına düşürsən.

ÇƏTİNLİK HARADAN BAŞLAYIR

Ancaq elə ki yazıçı kəşfiyyatçının davranış seçimlərinin içindəki psixoloji məqamları, düşüncələri canlandırır, kəşfiyyatçı həyatı xeyli çətinliklərdə açılır. Eləcə də şahmat partiyasına kommentari verən kəs şagirdlərə niyə bu gedişin edildiyini aydın edəndə, görürsən ki, oyunçu hər gedişdən qabaq filan qədər partiyalarda belə gedişin hansı sonluğa gətirib çıxardığını yadına salmalı idi. Bu isə hər adamın işi deyil. Beləcə, fiqurların, addımların çevrəsinə mənalar yığılanda çətinliklər dünyası başlayır.

CİKİ - BİKİ BİLİNMƏYƏN SORULAR

Mənim yadımdadır ki, Henry Kissingerin (Henri Kisincer) Dövlət katibi kimi adı Sovet qəzetlərindən düşmürdü. Madlen Olbraytın, Condoleezza Riceın (Kondoliza Rays) Media populyarlığı da yüksək idi. Onlara baxanda Hillary Clintonun Media reytinqi xeyli az, imici solğun görünür. Bilmək də olmur, hansı böyük proyektin yaradıcısıdır. Bəs onda nəyə görə Barack Obama onu ən üstdə duran dövlət katiblərindən biri kimi öydü?

Əgər Amerika Prezidentinin ölkəsində anadan olması qanunu varsa, nədən siyasətdə ciddi fiqura çevrilməyə başlayan andan Obama bunu sübut edən sənədi tapıb “cibinə” qoymamışdı. Və bir də, axı, nədən Prezident seçkiləri ilə bağlı qanunda bu sənəd tələb olunmurdu ki, camaat əvvəldən işini bilsin?

Bir-iki il qabaq Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrolvun adı qəzetlərdən düşmürdü. Bəs nədən indi onu az görürük? Hörmətdən düşübsə, böyük işlər görmürsə, nədən çıxarmırlar?

İspaniyanın hakim partiyası olan Xalq Partiyasının rəhbərliyinə gizli pullar gəlirdisə, bəyəm bilmirdilər ki, əvvəl-axır üstü açılacaq? Eləcə də Sarkozy Madam Klərdən və Gaddafidən pul alanda bilmirdi?

Rusiya Güney Osetiyaya girəndən mən gündəliyimdə Batının ona qarşı hər aksiyasını yazmağa başladım ki, görüm axırı nə olacaq? Yazdım-yazdım və axırda bezdim. İndi bilmirəm Rusiyanın ora girməsinin ona nə ziyanı olub? Olmayıbsa, nədən bu qədər gözləyirdi? Olubsa, nədən bu, bilinmir?

Sadaladığım soruların siyahısını istənilən qədər böyütmək olar. Biz siyasətçilərin etdiklərini və siyasəti elə danışırıq və elə öyrənirik ki, sanki cikini-öikini açmaq olur. Ancaq bu aydınlıq illüziyadır və aydınlıq şahmatdakı fiqurların fiziki hərəkətlərinin asanlığına oxşayır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir