Məktəblərdə hər 20 şagirdə 1 kompüter düşür

Xaçmazda məktəbdə kompüter otağı

2020-ci ilə qədər Azərbaycanda hər şagirdə 1 kompüter düşəcək.
Bunu Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirib.

Onun sözlərinə görə, 2005-ci ildə Azərbaycanda hər 1000 şagirdə bir kompüter düşürdüsə, hazırda bu rəqəm hər 20 şagirdə 1 kompüterdir:

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulub ki, 2020-ci ilə qədər bütün təhsil müəssisələri Azərbaycan Təhsil Şəbəkəsinə qoşulsun, hər sinif otağı noutbuklarla, elektron lövhələrlə və internetə çıxışla təmin olunsun. Hər şagirdin özünün planşeti və noutbuku olsun”.

S.Məmmədov deyib ki, hazırda Azərbaycan Təhsil Şəbəkəsinə 1700 təhsil müəssisəsi, o cümlədən 50 elektron məktəb qoşulub: “Azərbaycanda müəllimlərin 69 faizi İKT təlimlərindən keçib. 20 məktəbdə kağız jurnal ləğv olunub, elektron jurnallar tətbiq olunur. Sentyabrdan isə daha 22 məktəbdə kağız jurnallar ləğv olunacaq. 2020-ci ilə qədər bu məktəblərin sayı 1000-ə çatdırılacaq”.

S.Məmmədov əlavə edib ki, bir neçə aydan sonra Təhsil Nazirliyi tərəfindən “Təhsil TV” açılacaq. Azərbaycan Təhsil Şəbəkəsi tərəfindən yayımlanacaq TV-də təhsildə olan bütün yeniliklər çatdırılacaq. (APA)