Şahbazgilin dil debatına bir qatqı

Niyazi Mehdi

-

Naqis dil sözünün ilkin anlamından itələnəndə


Bu günlərdə «AzadlıqRadiosunda dil üzrə aparılan dartışma məni yenidən dil qonusuna qaytardı. Orada səslənən bir düşüncə Əli Əkbərdən gəlir: «Azərbaycan dili naqis dildir».

Ərəbcə «naqis»in bir anlamı tam olmayandır. Əgər deyim bu anlamda işlənirsə, bütün dillər (bəlkə də ölü dillərdən başqa) naqisdir, yəni tam deyil, bitməyib. Bilirsiniz, nədən dirininki tək, ölününkü cüt güldür? Çünki dirilik tamamlanmamaq, yeni gələnlərə açıq olmaqdır. Ölü isə «bitmişlikdir», «qapanmaqdır». Tək gül cütə baxanda yarımçıqdır, asimmetrikdir. Əslində, ciddi elmdə deyim var: asimmetriya canlı orqanizmin prinsipidir!

Asimmetriya gözəlliyin də prinsipidir, qızın üzündə qımışıqdan bir az asimmetriya, əyrilik yaranmasa, ölgün görünər – çertyojdakı ev kimi. İndiki dəblərdə asimmetriya şalvarların ciblərindən, boyaların paylanmasından min dəfə görünür. Asimmetriya post-modernist memarlıqda da var. Yapon estetikası müsəlman estetikasına baxanda naqislikdən, yəni asimmetriyadan bol istifadə edirdi. Bizdə öz estetik gələnəklərimizin etgisi altında vazanı dolabın üstünün düz ortasına qoyurlar. Yaponlar isə qıraqda qoyardılar. İkebana güllərin dəstəsini düzəldəndə asimmetriya ilə oynamaqdır.

Buradan dillə bağlı çıxardığım sonuc:

Əsas problem dilin naqisliyini açıq, canlı sistemə çevirməkdir. Bizdə çatışmayan cəhət dilimizin naqisliyini canlı assimmteriyaya çevirən işlər görməməyimizdir. Necə? Məsələn, simfonik musiqinin arasında sükut ləzzət verdiyi kimi yazar da tekstini elə qurmalıdır ki, deyə bilmədikləri deyilməmişdik kimi ləzzət versin. Bu, fəlsəfi tekstlərə də aiddir.

Yoxsa, qorxuram, bizim naqislikdən şikayət edən bəzi yazarların ürəyində dəli bir istək var: söz çox olsaydı, nə doyunca danışardım (düdüləyərdim)!!! Bu anlamda Fəxrəddin bəylə razıyam: elə olur ki, dilin naqisliyi kimi görünən nəsə düşüncənin, üslubun naqisliyidir.

Bir sözlə, dilimizdən naqislik narazılığı şikayət bəhanəsi olanda elə ilginc deyil. İlgincdir o kəslərə ki, gic özünəvurğunluğa sataşmaq üstündə imiclərini qururlar, ya da görürlər ki, qıcıqlandırmasan, dirilməyəcək.

«Azadlıq»dakı dartışmada naqisliyin işlədilməsinin bütün bu növlərinin hamısına əl atılıb.

DİLLƏR BİR-BİRİNƏ ƏNGƏL OLA BİLƏR

Doğma dillə bağlı naqislik duyğusu çatışmazlıq, kəsir anlamında başqa dili yaxşı biləndə də yaranır. Azərbaycanda rus dilini yaxşı bilənlərin çoxu (içi mən qarışıq) nədən bizdəki dublyajlardan əsəbiləşir? Çünki rus dilini yaxşı bilir və tərcüməni onunla tutuşdurur. Ancaq biz bəyəm öz filmlərimizi rusca görəndə ətimiz tökülmür? «Vanya, bir dayan, gəl bura» nə qədər ət tökən səslənirsə, «Мирзагусейн, смилуйтесь» də elədir. İnanın mənə, ingiliscəni yaxşı bilənlər Holldivud filminin rusca dublyajına qulaq asanda eyni duyğular keçirir. Bu dediklərimdən nə çıxır, onu söyləyim:

a) Dublyaja çox baxanda öyrəşirsən;

b) Öyrəşəndə isə yaxşı bildiyin dillə tutuşdurmaq sənin tənqidi düşüncəni əlavə olaraq yükləmir və onda sən gerçəkdən tərcümə uğursuzluqlarını seçməyə köklənirsən.

DİLLƏRDƏN UNİVERSAL ŞİKAYƏT

Biz rus ədəbi dilinin kübar manyerizminə öyrəşmişik. Bu manyerizmin fonunda Dədə Qorqudun, «Oğuznamə»nin dili qaba, kəndçi dilləri kimi görünür. Ancaq onların ruscaya tərcümələrinə baxanda tərcümədəki budaq cümlələr, ideya anladan sözlər kiməsə ruscanın, tərcüməçinin abıra salması kimi görünər. Mənə isə tərcümənin orijinaldakı kübar manyerizmi açması kimi görünür. Yəni biz tərcümənin sayəsində görürük ki, türk dünyasına gömülsən, başqa dünyalara boylanmasan, burda da kübarsayağı manyerizmi görəcəksən. Hələ onu demirəm ki, rusların kübar manyerizmindən çiyrənməsi idi ki, Shukshin, Rasputin dilinə sevgi yaranmışdı.

Çin dilini qrammatik imkanlarına görə elə də yüksək saymırlar, ancaq fəlsəfi traktatlarını, şeirlərini tərcümədə oxuyanda görürsən ki, hər düşüncə, duyğu incəliklərini söyləyə biliblər.

Bütün bunları nə üçün dedim?

Onun üçün ki, dilimizi qınayanda gerçək çatışmazlıqları tapıb qınamalıyıq, yoxsa öz şəxsi çatışmazlıqlarımızın törətdiyi aldanışlara görə yox.

SONLUQ

Burda naqisliyə yol verib yarımçıq saxlayıram. Ancaq irəlidə açdığım kimi, istərdim yazımın naqisliyi açıqlığa, diriliyə, davamlılığa qulluq etsin. Mən «AzadlıqRadiosu»ndakı debata «sən düz demirsən», «elə sən də düz demirsən» prinsipində qoşulmadım, «ancaq bu da var, o da var» prinsipində qoşuldum.