ABŞ-ın növbəti maliyyə naziri imzası dəyişə bilər

Arxiv foto

-

Bütün dünyanın valyutası olan dolları hörmətdən salmaq olmaz

Məsələ burasındadır ki, qanuna görə, bir qayda olaraq, ABŞ milli valyuta əskinaslarını maliyyə nazirlərinin imzası bəzəyir.
Mətbuatın yazdığına görə isə, maliyyə naziri postuna prezident Obamanın mümkün namizədinin qolu «bərbad»dır.
Əslində, bunun imza olduğunu bilməsən, düşünərsən ki, Jacob Lew-nun «buğumlardan» və ya «ilgəklərdən» ibarət qolu uşaq cızma-qarasıdır.
Elə bu imza məsələsi olmadan da, Barack Obamanın maliyyə naziri vəzifəsinə növbəti namizədi Jacob «Jack» Lew-nun qayğısı kifayət qədərdir.
Necə də olmasa, ölkə maliyyə və büdcə siyasəti sahəsində ciddi qərarlar qəbul etmək seçimi qarşısındadır.
İMZADA YEDDİ İLGƏK VAR, YOXSA SƏKKİZ?
Lakin elə bu məqamda, hər hansı yüksək vəzifəyə prezident namizədinin şəxsi və iş məziyyətlərinin təhlili ilə məşğul olan şərhçilər, hər şeyi bir tərəfə qoyub, onun imzasından yapışıblar.
Bəzi təhlilçilər baş sındırılar: bu imzada yeddi ilgək var, yoxsa səkkiz?
Bəlkə elə buna görədir ki, siyasi proqnoz verənlərin sırasına, insanların xarakter və potensialını onların imzaları üzərində öyrənənlər də qoşulublar.

Barak Obama və Jack Lew

Demək lazımdır ki, Konqresdə ölkənin «borc tavanı», büdcə kəsiri kimi məsələlərin müzakirəsində gələcək maliyyə naziri ilə kəllə-kəlləyə gələcək respublikaçılar üçün də Jacob Lew cənablarının xasiyyəti ikinci dərəcəli məsələ deyil, nüfuzlu «New York Magazine» məcmuəsi bu mövzuya xüsusi bir təhlil-məqalə həsr edib.
Əlyazma ekspertləri deyirlər ki, burum-burum olan bu imza cənab Lew-nun zərif və yumşaq xarakterindən xəbər verir.
Bir başqaları isə, əksinə, düşünürlər ki, bu imza sahibinin sirli və qapalı bir insan olduğunu göstərir.
Peşəkar «xətt öyrənən», yəni elmi dildə qrafoloq Kathi McKnight «Washington Post» qəzetindəki şərhində cənab Lew-nun qolunu rəhmətlik şahzadə Diananın imzasına bənzədir.
«The Daily Telegraph» isə yarızarafat, yarıciddi yazır ki, bəlkə də əsl cənab Lew, özünün bu dolanbac imzası arxasında gizlənir.
Qrafoloq xanım McKnight deyir ki, «oxunmayan» imzaların sahibləri adətən nəyisə gizlətməyi sevirlər.
SİRLƏRİ QARNINDA QƏBİRƏ APARAN ADAM

Arxiv foto

Qrafologiya Məsləhət Qrupunun (Graphology Consulting Group) internet saytında deyilir ki, bu cür cızmaqara imza onun sahibinin sirr saxlayan olduğunu göstərir.
«Belə adamlar adətən sirləri qarınlarında qəbirə aparırlar» – yazır sayt.
İnternet saytı qeyd edir ki, Jacob Lew-nun «ilgəkləri» onun abstrakt düşüncə tərzindən, hətta dini etiqadından xəbər verə bilər.
«Jacob Lew mömin yəhudidir», - sayt nəticəyə gəlir.
Maliyyə naziri vəzifəsinə namizədin imzasını «ilan-qurbağa» adlandıran «The Atlantic» məcmuəsi isə yazır ki, bu qol dolların dizaynını verən ABŞ Qravür və Çap Bürosu üçün də başağrısı yarada bilər.
Çünki namizəd, konqres tərəfindən təsdiq olunan kimi, Amerika, və əslində dünya valyutası olan dollar onun imzası ilə çap olunacaq.
Məsələn, cənab Lew-nun xələfi Timothy Geithner dollara imza atmazdan əvvəl bir xeyli məşq eləyibmiş.
JACK LEW HÜSN-XƏTLƏ MƏŞĞUL OLMALIDIR
Cənab Geithner-in o vaxt dedikləri gələcək maliyyə naziri üçün örnək ola bilər: «Dolları elə imzalamalıyam ki, insanlar adımı bu imzadan oxuya bilsinlər. Bu, məntiq məsələsidir və burada bər-bəzəyə ehtiyac yoxdur, aydınlığa ehtiyac var».
The «New York Times» qəzeti isə təklif edir ki, Jack Lew dolları imzalamazdan əvvəl bir azca hüsn-xətlə məşğul olmalıdır.
Qəzet yazır ki, deyəsən, hazırda prezident aparatının rəhbəri olan Jack Lew iclaslar və görüşlər arasında məhz bu işlə məşğuldur.
OBAMA ÖZ APARAT RƏHBƏRİNİN İMZASINI İNDİ GÖRÜB?

Hərçənd, bu barədə suala Ağ Evin mətbuat katibi «mənim bildiyimə görə yox» – cavabını verib.
Bu arada isə Amerika mediasının bu məsələ barədə lağlağısı davam edir.
AOL-a məxsus «Daily Finance» internet saytında bir nəfər yazır ki, bəlkə də cənab Jack Lew-nun imzası «ABŞ iqtisadiyyatının 2008-ci ildən bəri durumunun sürrealist təqdimatıdır».
Fox News saytı isə imzanı «müasir incəsənət» adlandırır.
Məsələni zarafata salanların sırasına prezidentin özü də qoşulub.
«The Daily Telegraph» yazır ki, Barack Obama bundan əvvəl öz aparat rəhbərinin imzasına fikir vermədiyini deyib.
O zarafatyana deyib ki, bu məsələnin mətbuatdakı müzakirəsini görəndən sonra, hətta namizədliyin məqsədəuyğunluğu haqqında da düşünüb:
"Jack mənə söz verib ki, əgər maliyyə naziri kimi təsdiq olunarsa, bizim valyutanın qiymətdən düşməməsi naminə öz imzasındakı hərflərdən ən azı birini oxunaqlı edəcək».
İMZA, SAHİBİ HAQQINDA NƏYİ DEMİR?
«The İndependent» qəzeti yazır ki, hər bir imzanın öz funksiyası var: «Məsələn, siz müavinət almaq üçün qol çəkirsinizsə, bunu Britaniyanın məşğulluq və pensiyalar naziri Iain Duncan Smith-dən daha abırlı etməlisiniz.
Məsələn, əgər qlobal fırıldaqçı Bernard Madoff öz imzası ilə nəyisə gizlətmək istəyibsə, qlobal siyasətçi Henry Kissinger niyə hər şeyi çəkdiyi qolla faş etməlidir?»
Qəzet yazır ki, Britaniya kralı VIII Henry, ümumiyyətlə kağız-kuğuz işinə nifrət edərmiş və məhz buna görə də üstündə imzası olan möhür sifariş etdiribmiş.
Zopla getsin. Əbəs yerə demirlər ki, Henry, Tüdorlar sülaləsinin «ən yeyib-içən» oğlanı olub.