Universitetlərdə ilahiyyat kafedrasına ehtiyac varmı?

Arxiv foto:

-

Bu günlərdə Rusiyada maraqlı hadisə baş verib. Sovet vaxtında üç ali məktəbdən biri hesab edilən, əsasən nüvə fizikası sahəsində mütəxəssislər hazırlayan Moskva Mühəndis-Fizika İnstitutunda ilahiyyat kafedrası açılıb. Rusiyada dinlə bağlı maraqlı məqamlarla çox rastlaşmışıq. Məsələn, prezident V. Putinin milad və pasxa bayramları vaxtı hökumətin digər üzvləri ilə birgə dini mərasimlərdə iştirak etməsi adi haldır. Bu ölkədə mənim yadımda qalan sonuncu ateist akademik V. Ginzburg (V. L. Ginzburq) idi. Ondan sonra açıq ateist çıxışlar edən alimlərə demək olar ki, rast gəlinmir. Əksinə, dinin getdikcə daha çox sferalara nüfuz etməsi haqda xəbərlər yayılır. Rus pravoslav kilsəsinin məlumatına görə, ölkənin 50-yə yaxın ali məktəbində ilahiyyat kafedraları fəaliyyət göstərir. Maraqlıdır ki, təxminən 300 il bundan əvvəl Moskva Universiteti yaradılarkən orada ilahiyyat kafedrası olmamışdı və hətta sovetlərin vaxtında universitet adamları bunu xüsusi qürurla qeyd edirdilər.

Dünyanın başqa ölkələri özünün adi ritmik dini həyatını yaşayarkən keçmiş sovet ölkələrində dinlə bağlı çox dinamik proseslər yaşanır. Mən bu misalı ona görə qeyd etdim ki, dini mərasimlərdə din adamlarının öz arqumentlərini əsaslandırmaq üçün elmin son uğurlarına istinad etmək cəhdləri müşahidə olunur və bir çox hallarda belə cəhdlər öz primitivliyinə görə gülüş doğurur, çünki bu, bir qədər kobud və qeyri – professional edilir. Elə bir qədər əvvəl adını çəkdiyim ali məktəbdə də ilahiyyatdan dərs deyəcək professorların qarşısına bir vəzifə qoyulub: onlar mütləq fizikanı bilməlidir. Düşündüm ki, bəlkə elmlə din arasında soyuq məsafə saxlamaqdansa onların bir qədər yaxınlaşması daha yaxşı olardı? Yadıma gəlir, bir vaxt Azərbaycanda da dinin əsaslarının orta və ali məktəblərdə öyrənilməsi müzakirə edilirdi. Amma bununla bağlı da elə digər məsələlər kimi bir nəticə hasil olmadı.

ELMLƏ DİNİN YAXINLIĞI MÜMKÜNDÜRMÜ?

Sovetlərin vaxtında bütün ali məktəblərdə, o cümlədən də Azərbaycanda elmi ateizm tədris olunurdu. Ondan sonra bu fənnin tədrisi dayandırıldı və bəzi ölkələrdə dini məsələlər ətrafında bir sükut yarandı. Amma nədən ali məktəblərdə heç olmasa dinlərin tarixi tədris olunmasın? Nəyisə görməməzliyə vurmaq onu hələ görməmək deyil. Mənə elə gəlir ki, ən azı dəqiq elm adamlarına dinin əsaslarını, din adamlarına isə heç olmasa, müasir astrofizikanı tədris etmək lazımdır. Belə sintez bir çox hallarda müsbət nəticə də verə bilir.

Gürcüstanda Pravoslavlar Milad bayramını qeyd edir

Yada salım ki, müasir kosmologiyanın banilərindən biri katolik keşişi G. Lemaitre (G. Lemetr) olub. Vatikanın institutlarında bir neçə nüfuzlu alim çalışıb - məsələn, kvant mexanikasının banisi V. Heisenberg (V. Heyzenberq). Bunun müqabilində müsəlman dünyasında nə baş verir? İlahiyyat hələ də özünü elmə müxalif hesab edir. Din adamları gülməli «elmi açıqlamalar»la çıxış edirlər. Bir yas mərasimində molla tamamilə ciddi şəkildə cənnətin və cəhənnəmin mövcudluğunu «qara dəlik»lərlə bağlamağa cəhd edirdi.

Zənnimizcə, müsəlman dünyasının dinə münasibətinin ən böyük qüsuru budur ki, onlar hələ dinin yerini müəyyənləşdirə bilməyiblər. Avropada bunu ilk dəfə I. Kant etdi və o vaxtdan həmin ənənə davam edir, dinə daha çox etik və mənəvi amil kimi baxırlar. Xristian dünyasında çox az adam İncilə böyük elmi kəşflərin kodlaşdırıldığı kitab kimi yanaşır. İslamda isə belə deyil. İslamın elmə baxışı hələ də xəlifələrdən birinin münasibəti ilə üst-üstə düşür: əgər kitablarda yazılanlar Quranda varsa, onlara ehtiyac yoxdur, yox, əgər həmin kitablarda yazılanlar Quranda yoxdursa, onda onlara, ümumiyyətlə, ehtiyac yoxdur…

ELM BÖHRAN YAŞAYIRMI?

Elm adamları dinə üz tutmaq istəyəndə ilahiyyatçılar bunu dərhal elə təqdim edirlər ki, sanki elm və alimlər acizliyini etiraf edir. Amma belə deyil. Müasir elm qarşısında duran bir çox problemlər daha çox texniki xarakter daşıyır. Hətta son vaxtlar elm də bir qədər siyasiləşib, alimlər böyük xərclərə bəraət qazandırmaq üçün bəzən öz nəticələrini tələsik elan edirlər. Məsələn, məşhur Higgs (Xiqqs) bozonu ilə bağlı belə oldu. Amma tədricən bu məsələ də aydınlaşır, alimlər «Allahın hissəciyi» adlandırılan bu zərrəciyin kəşfi haqda indi daha inamla danışmağa başlayırlar.

Təəssüf ki, ABŞ və digər ölkələr böyük maliyyə məsrəfləri ucbatından daha möhtəşəm adron kollayderinin (zərrəciklərin sürətləndiricisi) qurulmasından müvəqqəti imtina etdilər. Bunun özü də böyük mənəvi məsələdir. Dünyada adi şeylərə, silaha, siyasətə hər il yüz milyardlarla vəsait xərclənir, di gəl, adron kollayderinin tikintisi üçün bir neçə milyard tapılmır! Amma yenə də elmi xərclərin böyük hissəsi və hətta deyərdim ki, əsas hissəsi xristian ölkələrinin payına düşür. Müsəlman ölkələri belə məsələlərdə təəssüf ki, mürgü döyür, halbuki bu ölkələrin çox böyük maliyyə resursları var. Bir az əvvəldə qeyd etdiyim ki, onlar hələ də dini kitablarda hər şeyin yazıldığını güman edirlər…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir