2013-cü il böyük dəyişikliklər ili olacaqmı?

Foto: Arxiv

-
Hər şey insanlardan, cəmiyyətdən asılıdır. İllər insanı böyütdüyü, müdrikləşdirdiyi kimi insan da illəri böyüdür, onlara ictimai məzmun verir. İllərdən yalnız mövhumatçılar və çeşidli Qərb-Şərq təqvimlərinə inananlar gileylənir. Bu mənada son iki rəqəmi mübahisəli olsa da, 2013-cü il də adi illərdən biridir. O, indi sakitcə cəmiyyətin sərəncamını gözləyir. Amma cəmiyyətin də bir şakəri var. İl uğurlu olanda, onu öz adlarına çıxırlar, uğursuz olanda isə, bütün günahları illərin üstünə yükləyirlər. Bu baxımdan, artıq indidən müəyyənləşdirmək lazımdır ki, cəmiyyət uğurları hansı istiqamətlərdən gözləyir.

Bu ilin ən böyük hadisəsi, təbii ki, qarşıdakı prezident seçkisi olacaq. Prinsipcə, artıq altı prezident seçkisinə şahidlik etmiş cəmiyyət üçün bəlkə də bunun elə bir önəmi yoxdur. Bəlkə də burada bütöv cəmiyyətin yox, onun hansısa kəsiminin, hissəsinin uğurundan danışmaq daha düzgün olardı. Amma bu kəsimlər də yekunda yenə də cəmiyyəti təmsil və təşkil edir. Bu kəsimləri birləşdirən, bir nöqtəyə gətirən amalları, tendensiyaları tapmaq olsaydı, biz yazarların da işi yüngülləşərdi. Əski siyasi-sosial qəliblərin, «milli ideologiya» adlanan məfhumların tərəfdarı olmasaq da, ən azı müəyyən interval çərçivəsində cəmiyyətin mütləq əksəriyyətinə aid olan ideyalar olmalıdır. Siyasi cəhətdən fəal hissə belə hesab edir ki, bu ideya azadlıqdır. Amma digər hissə nə düşünür, bu fikri bölüşürmü – təəssüf ki, bunu müəyyən etmək bir o qədər də asan məsələ deyil.

Amma ümumi şəkildə demək olar ki, indiki vəziyyətin qalmasında maraqlı olanları mövcud reallıqlar qane edir. Azadlıq hissinin özünü stimullaşdıran, onun genişlənməsinə təhrik edən amilləri isə hələ heç kim tam şəkildə yəqinləşdirə bilməyib.

MAARİFÇİLİK AZADLIQ HİSSİNİ ARTIRMAQ ÜÇÜN YETƏRLİDİRMİ?

Bəli, bu vaxta qədər azadlıq haqda çox gözəl sözlər deyilib, yazılar yazılıb, filmlər çəkilib. Amma insanın həmin yazıları oxuması, deyilənləri eşitməsi, çəkilənlərə baxması onun

Mahatma Mohandas Karamchand Gandhi

azadlıq hissini alovlandırmaq üçün yetərlidirmi? Ən azı 300 il tarixi olan maarifçilik təcrübəsi bu suala «hə» deyir. Ona görə də, maarifçilər belə hesab edirdi ki, yazmaq, danışmaq, göstərmək lazımdır. Amma bu mövqeyi bölüşməyənlər də az deyil. Onların qənaətinə görə, maarifçiliyin fəlsəfi fundamenti düzgün qoyulmayıb, çünki kiçik bir qrup belə hesab edir ki, onlar həqiqəti bilir, mütləq əksəriyyət isə bundan xəbərsizdir. Onda bəs nə etməli? Hər şeyi taleyin və yaxud da ki, ulduz fallarının öhdəsinə buraxmalımı?

M.Gandhi (M.Qandi) deyirdi ki, azadlığı hətta məhbəs divarları arasında da axtarmaq lazımdır. Amma buna insanı hansı amillər sövq edir? Biz də bunu başa düşməyə cəhd edirik. Bunu bilsəydik, 2013-cü ilin ölkə üçün hansı mənada əlamətdar olacağını müəyyən edə bilərdik. İndilik isə deyə bilərik ki, böyük dəyişikliklər birinci növbədə hər bir adamın öz içində olmalıdır. Bəli, razıyıq ki, avtoritar sistem bir qədər mürəkkəb olur. Totalitar sistemdə hər şey aydındır, bilirsən ki, nə olar, nə olmaz, hər şey dəqiq müəyyən edilib. Avtoritarizmdə isə bəzən olur, bəzən isə olmur. Gəl, indi baş aç, görüm, necə baş açırsan! Siyasətçilər azadlığa çox hiyləgərcəsinə yanaşırlar. Onlar deyir ki, istifadə edə biləcəyiniz qədər azadlıq götürün!

Burada mərhum şair X.Rzanı necə xatırlamayasan? «İstəmirəm azadlığı qram, qram!» Amma reallıq bəzən daha acı olur. Görürsən ki, çoxunu azacıq, bircə qram azadlıq da qane edir və elə olur ki, bu bircə qram azadlığı bir dünya qədər təqdim edirlər, insanlar özləri də böyük məmnuniyyətlə bununla razılaşır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.