Gürcüstan təzyiq vasitəsi olacaqmı?

Bidzina Ivanishvili

-

Gürcüstan Baş naziri B. Ivanishvili-nin (B. İvanişvili) Azərbaycana gözlənilən səfəri baş tutdu. Ümid etmək olar ki, iki günlük səfərdə bu vaxta qədər yaşanan siyasi tərəddüdlərə nöqtə qoyulacaq. Bu tərəddüdlər hər iki tərəfin siyasi həyatında narahatlıq yaradırdı. Gürcüstanın yeni Baş naziri elə ilk günlərdən Azərbaycanla birgə həyata keçirilən layihələrə özünün çox tənqidi münasibətini təzahür etdirirdi. Təbii ki, bu münasibət təkcə Gürcüstanın siyasi maraqları ilə şərtlənmirdi, burada Rusiyanın da izlərini hiss etmək elə çətin deyildi. Rusiya Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən çox ehtiyat edir. Amma gürcülərin bununla bağlı öz qayğıları da vardı. Gürcüstan siyasi dairələri belə hesab edirdi ki, bu dəmiryolu xətti işə düşəcəyi təqdirdə ölkənin Qara dəniz limanlarının – Poti və Batumi limanlarının perspektivini şübhə altında qoyacaq. Təbii ki, burada həm də Ermənistanla bağlı məqamlar vardı. Gürcüstan Azərbaycanla çox yaxın olsa da Ermənistanla münasibətlərini tamam korlamaq istəmir. Bundan başqa, gürcülər belə hesab edirdi ki, dəmiryolu xəttinin bütün xərclərini Azərbaycan öz üzərinə götürməlidir. Belə vəziyyət təbii ki, Azərbaycan üçün xoşagələn hal deyildi. Amma Azərbaycan da Gürcüstan qarşısında tamam çarəsiz görünmür, bəzən kəskin bəyanatlara həmin tonda cavab verirdi. Məsələ bundadır ki, indi Azərbaycandan Gürcüstana çox ucuz qiymətə qaz ixrac edilir. Bu, təxminən bazar qiymətindən iki dəfə ucuzdur. Bundan başqa Azərbaycan Gürcüstana sərmayə qoyan əsas ölkələrdən biri hesab edilir. Hal-hazırda bu sərmayələrin həcmi təxminən 3 milyard dollar təşkil edir. Bütün bunları nəzərə alsaq, baş nazirin səfərinin heç də hamar keçməyəcəyini demək olar.

B. Ivanishvili Bakıda keçirdiyi mətbuat konfransında bəyanatları verərkən ehtiyatsız hərəkət etdiyini etiraf etdi. Böyük siyasətdə olan adam üçün bu, o qədər də sanballı dəlil deyildi. Amma nə etmək olar? Görünür, yeni Baş nazirin ehtiyatsız bəyanatlarına alışmaq lazım gələcək. Amma o, Bakıya səfərinin əsas məqsədlərindən birini də açıqladı. Məlum oldu ki, Baş nazir ölkəsinin ixrac etdiyi qazın qiymətini bir az da aşağı salmaq niyyətindədir.

Əvvəllər onun bəyanatlarını şərh edərkən biz bu detala da toxunmuşduq: bəli, Gürcüstan Azərbaycandan daha çox pay qoparmaq əzmindədir. Bunu prinsipcə başa düşmək mümkündür, hamı öz ölkəsi üçün çalışır və əsas odur ki, ortada geosiyasi motivlər olmasın, başqa sahələrdə isə razılığa gəlmək olar. Amma bu motivlər olmayacaqmı? Məsələ də elə bundadır…

RUSİYA ABXAZİYADAN VƏ OSETİYADAN ÇƏKİLƏCƏKMİ?

Rusiya da böyük tərəddüd içindədir. Hətta bu yaxınlarda prezident V. Putin Rusiyanın da çətin vəziyyətdə qaldığına, iki münaqişə ocağı ilə bağlı qəbul etdiyi qərardan geri çəkilməyə çətinlik çəkdiyinə işarə etmişdi.

Amma Rusiyanın da münasibətində əvvəlki illərə nisbətən isti notları hiss etməmək mümkün deyil. Gürcüstanın Baş naziri nə qədər desə ki, bəyanat verərkən ehtiyatsızlıq edir, bu, bir o qədər də inandırıcı görünmür. Məsələ bundadır ki, Bakı-Tbilisi-Qars xətti Rusiyadan gələn şimal yolunu faktiki olaraq mənasız edir. Rusiya bunun çox ciddi fərqindədir. B. Ivanishvili-nin rusofil bəyanatları artıq ölkənin içində də müəyyən ehtiyatlıqla qarşılanır. Məsələ nə yerdədir? Gürcülərin Rusiyaya bir iqtisadi amil kimi ehtiyacı var, amma onlar bütünlüklə Rusiya tərəfə istiqamətlənmək istəmirlər. Gürcülərdə bir müstəsnalıq hissi var, onlar özlərini Asiyanın girəcəyində bir Avropa adası kimi hiss etməyə alışıblar. Onları bundan daşındırmaq çox çətindir. Baş nazir bunu gərək nəzərə alsın. Amma onun bir qüsuru da var – biznes adamlarından heç də yaxşı siyasətçi alınmır. ABŞ-da neçə dəfə böyük biznes adamları prezident olmağa can atıblar, amma alınmayıb. Böyük ehtimalla Gürcüstanın Baş naziri özünün siyasi fəaliyyətini böyük siyasi fiasko ilə başa vuracaq. Amma bu, bir qədər gələcəyin mövzusudur.

KİÇİK SÖZARDI

Gürcüstan Baş nazirinin səfəri günündə prezident İ. Əliyev «milyarderlər ittifaqı» kimi tanınan təşkilatın təmsilçisi, Baş nazirin sabiq müavini A. Abbasovu da qəbul etdi. Sonuncu qəbula görə prezidentin ünvanına bir xeyli təriflər söylədi. Bundan az əvvəl Prezident Administrasiyasının rəhbəri R. Mehdiyev yeni təşkilatın yaranmasını Rusiyadakı diasporun parçalanması kimi qiymətləndirməyi tövsiyə etmişdi. İndi nə baş verir? Bunu güzəşt kimi qəbul etmək olarmı? Hər halda yaxın vaxtlarda bu suallara aydınlıq gələcək.

Bir məsələ aydındır ki, «milyarderlər ittifaqı» «Azərbaycan arzusu»na çevrilməyə tələsmir. Əks təqdirdə onların təmsilçisi prezidentin qəbuluna düşmək üçün iki ay çarpışmazdı…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir